Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9883/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə xx.xx.2022-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən dayandırılmış əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. O, əmək fəaliyyətinə başladığı müddətdən halhazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı tamam olduqdan sonra xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, yaşa görə əmək pensiyasının verilməsi dayandırılaraq, əmək pensiyası sosial müavinətlə əvəz edilmişdir. O, xx.xx.2022-ci il tarixdən, yəni 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı əmək kitabçasının surətində qeyd edilmiş X2nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən sözügedən dövrün mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3T-51/2024 saylı məktubuna əsasən Bilgəh şirkətinin xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan arxiv sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyindən əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən ona imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti üzrə imtina məktubu ünvanlanmışdır. İddiaçının əmək kitabçasında bir sıra saxtalaşdırılmasına dair şübhəli hallar mövcuddur. Belə ki: X2nda işə daxilolma (xx.xx.1995-ci il) və işdən azadolma (xx.xx.1997-ci il) tarixləri bazar gününə təsadüf etdiyindən iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə xx.xx.2024-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasının surətinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək 16 nömrəli TPQU-da təhsil almışdır. xx.xx.1974-cü il tarixdə Bakı şəhər İcraiyyə komitəsi nəzdində “Bakı Baş Tikinti İdarəsi” yüksək mərtəbəli bina tikinti tresti 304 nömrəli tikinti idarəsinə 3-cü dərəcə ilə rəngsaz-malakeş qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 1 №-li Trestin 15 №-li Tikinti İdarəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilir. xx.xx.1975-ci il tarixdə 1 №-li Trestin 15 №-li Tikinti İdarəsinə 3-cü dərəcə ilə rəngsaz qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə verdiyi ərizə əsasında öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1976-cı il tarixdə M.Əzizbəyov adına Sumqayıt xlorüzvi məhsullar zavodu 8 №-li sexə 3-cü dərəcə ilə soyutma aparatçısı qəbul edilmişdir. xx.xx.1976-cı il tarixdə Sovet Ordusuna getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixədək Azərbaycan Xüsusi Təmir-Tikinti İdarəsində müxtəlif sahələrdə 3-cü dərəcəli rəngsaz işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1979cu il tarixədək Ust-İlimsk tikinti idarəsində 3-cü dərəcəli malakeş-rəngsaz, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bratsk Hidro-elektrik stansiyası tikintidə boru kəməri çəkmə üzrə 3-cü dərəcəli fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək fəhlə, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək “Bratsk Su-tikinti” Tresti 7 nömrəli PMKda müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra işdən azad olunma haqqında qeyd etibarsız hesab edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan xüsusiləşdirilmiş “Metallurqtəmirmərkəzi” trestində elektrik qaynaqçısı işləmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Zeytun” aqrofermasında¸ xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Bilgəh Zəfəran” sovxozunda xarrat vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdə "xxxx" şirkətinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə “Bilgəh Zəfəran” sovxozuna su çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 iyun 2024-cü il tarixli, 3-21-3/2-9832/2024 saylı məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" Şirkəti barədə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, idarədə olan reyestrdə "xxxx" şirkəti adlı kommersiya hüquqi şəxsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 avqust 2024-cü il tarixli, 3-21-3/2-14420/2024 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı “X2” müəssisəsində əmək fəaliyyətinə dair məlumatların təqdim edilməsinə köməklik göstərilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində “X2” müəssisəsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 22 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində “Bilgəh-Zəfəran Sovxozu” adlı kommersiya qurumu aşkar edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon X2nda işləmiş İddiaçı 1995ci ildə sovxozda işləməsi barədə 3 aylıq (oktyabr, noyabr, dekabr) əmək haqqı siyahısını və onun sovxoza işə qəbul edilməsi barədə 21 nömrəli, xx.xx.1995-ci il tarixli əmr ilə əmrin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. X1 sovxozunun 1998-ci ilə dair sənədlərinin Abşeron rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi bildirilmişdir. X2 üzrə 21 saylı, xx.xx.1995-ci il tarixli əmrinə əsasən iddiaçı işə qəbul edilmişdir. İddiaçıya Əəmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından (xx.xx.2018-ci ilə qədər) ərizə təmin edilməmişdir. Tələb edilən faktiki sığorta stajı tamamlanarsa, xx.xx.1992-xx.xx.1997-ci illər araşdırıldıqdan sonra pensiya hüququna baxılacaqdır. Cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi” haqqında qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarının qeyd hissəsində göstərilmişdir ki, monitorinq araşdırması əsasında xx.xx.1995-xx.xx.1997-ci illəri əhatə edən dövrlər təsdiqini tapmadığından, xx.xx.1995-ci il tarixdə işə qəbul olma tarixi və xx.xx.1997-ci il tarixdə işdən azad olma tarixi bazar gününə təsadüf etdiyindən həmin illərin sığorta stajına daxil edilməsi qanuna müvafiq sayılmır. Faktiki staj 23 il 4 ay 5 gün. Tələb olunan sığorta stajı pensiya kapitalı olmadığı üçün xx.xx.2023-cü il tarixli qərar ləğv edilir. xx.xx.2022xx.xx.2024-cü il tarixədək 4769,36 manat artıqvermə sosial müavinət ödənişində nəzərə alınsın. Cavabdehin xx.xx.2024-cü il tarixli “Sosial müavinətlər üzrə” qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş, qərarda qeyd olaraq göstərilmişdir ki, xx.xx.2022-xx.xx.2024 dövr üzrə yaşa görə müavinət hüququ olduğundan ödənilməmiş məbləğ ödənilsin. Müavinətin ödənişində xx.xx.2024 tarixli pensiya qərarı nəzərə alınsın. Cavabdehin 10 may 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində xx.xx.2024-cü il tarixdən dayandırılmış əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi” haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya “Əmək pensiyasının təyin edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü ildən hesablanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli “Sosial müavinətlər üzrə” qərarına əsasən iddiaçıya yaşa görə müavinət təyin edilmiş, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona əmək pensiyasının dayandırılmış tarixdən bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona imtina edilərək iddiaçının xx.xx.1995-xx.xx.1997-ci illəri əhatə edən dövrlər təsdiqini tapmadığından, xx.xx.1995-ci il tarixdə işə qəbul olma tarixi və xx.xx.1997-ci il tarixdə işdən azad olma tarixi bazar gününə təsadüf etdiyindən həmin illərin sığorta stajına daxil edilməsi qanuna müvafiq sayılmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, iddiaçının X2nda işə qəbul edildiyi və işdən azad edildiyi günlər bazar gününə təsdadüf etmişdir. Həmçinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna istinad edilmişdir. Halbuki həmin məktubda Bilgəh şirkətinin sənədlərinin saxlanması üçün dövlət arxivinə verilmədiyi, lakin iddiaçının X2nda 1995-ci ilin oktyabr və noyabr ayları aylarında 13915 manat əmək haqqı aldığı qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında isə Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının 1995-ci ildə sovxozda işləməsi barədə 3 aylıq (oktyabr, noyabr, dekabr) əmək haqqı siyahısı və onun sovxoza işə qəbul edilməsi barədə 21 nömrəli, xx.xx.1995-ci il tarixli əmr məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının həqiqətən xx.xx.1995-ci il tarixində X2nda işə qəbul edilməsi faktı öz təsdqini tapmışdır. Bu iddiaçının əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının həmin dövrə aid olan əmək haqqı cədvəllərinin saxlanmaması isə iddiaçının təqsiri deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2024-cü il tarixindən dayandırılmış əmək pensiyasının həmin dövrdən bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən dayandırılmış əmək pensiyasının həmin tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9883/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9883/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver