Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-989/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Səbail bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 270 saylı sərəncamı ilə Səbai rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Səbail bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 270 saylı sərəncamı ilə Səbai rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş, iddiaçı tərəfindən TC seriyalı 36516 saylı kassa mədaxil orderi ilə torpaq sahəsinin dəyəri bələdiyyə mülkiyyətinə ödənilmiş, bununla bağlı alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin sxemi tərtib edilərək yerində iddiaçıya təhvil verilmişdir. Bundan sonra iddiaçı tərəfindən aidiyyəti üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilmiş, Komitənin Bakı şəhər Şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinin plan-ölçüsü xx.xx.2015-ci ildə tərtib edilərək, bu barədə A seriyalı 532548 saylı plan-ölçü verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən yeni çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********11 saylı cavab məktubu ilə ərizəni təmin etməmiş, imtinaya əsas kimi qeyd etmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü və qeyd alma nömrəsi olsa da, səlahiyyətli şəxsin imzası yoxdur və bununla bağlı torpaq sahəsinin planı və ölçüsü təqdim edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydalarıma və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edilərək, ərizənin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Səbail bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 270 saylı sərəncamına əsasən İddiaçı ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmişdir və sözügedən torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Təqdim edilmiş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü və qeyd alma nömrəsi olsa da, səlahiyyətli şəxsin imzası yoxdur. Həmçinin torpaq sahəsinə dair verilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir və bələdiyyə torpağı olması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən sərhədləri şərti olaraq göstərilən faktiki torpaq sahəsi ümumi ərazidə yerləşməklə bir hissəsi relyefi mürəkkəb mayilli ərazidən ibarətdir və giriş-çıxış yolu ümumi ərazi daxilindədir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********11 saylı cavab məktubu ünvanlanmışdır. “X5 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş ‘‘Torpaqların alqı- satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X5 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: - 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; - 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək. “X5 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarr’nm səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli 270 №-li Sərəncamına əsasən vət. İddiaçı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək uzun müddət bundan əvvəl abadlaşdırıb daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir.
5. Torpaqların alqı-satqısına dair Aktda qeyd olunmuşdur ki, İddiaçı Səbail rayon Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 1200 kv.m torpaq satılması barədə 2003-cü il 30 dekabr tarixli 270 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən haqq ödənilmişdir.
6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadə Məhkəməsinin xx.xx.2014-cü il tarixli İş № 2-1(81)-5357/2014 saylı Qərarı əsasında İddiaçı adına fərdi yaşayış evi tikintisi üçün Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
7. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5357/2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə iddia təmin edilmiş, X1 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 268 saylı xx.xx.2003-cü il tarixli, İddiaçı istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 270 saylı xx.xx.2003-ci il tarixli, X7 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 364 saylı xx.xx.2005-ci il tarixli, X2 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 735 saylı xx.xx.2004-cü il tarixli, X6 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 1362 saylı xx.xx.2004-cü il tarixli qərarları ilə ayrılmış Səbail rayonu, Salyan şossesi 32 ünvaninda 1200 kv.metr torpaq sahələrinin plan və ölçüsünün hazırlanaraq verilməsi vəzifəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-611/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2-1(81)-5357/2014 nömrəli Qərarı ləğv edilmişdir. İddiaçılar X1, İddiaçı, X2, X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə X1 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 268 saylı xx.xx.2003-cü il tarixli, İddiaçı istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 270 saylı xx.xx.2003-ci il tarixli, X7 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 364 saylı xx.xx.2005-ci il tarixli, X2 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 735 saylı xx.xx.2004-cü il tarixli, X6 istifadəsində olan Bakı şəhəri Səbail Bələdiyyəsinin 1362 saylı xx.xx.2004-cü il tarixli qərarları ilə ayrılmış Səbail rayonu, Salyan şossesi 32 ünvaninda 1200 kv.metr torpaq sahələrinin plan və ölçüsünün hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmənin qərarının icrasında dönüş edilmiş və onun əsasında verilmiş plan-ölçü ləğv edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 297/2017 saylı, 01 fevral 2017-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 2-1(103)-611/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmənin hazırki iş üzrə 03 fevral 2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - İddiaçı ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin fatiki sahəsi müəyyən olunsun. - Elektron kadastr məlumatlarına əsasən həmin torpaq sahəsi (baş plan göstəricilərinə əsasən) Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən Bakı şəhəri Səbail BƏlədiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsi hüdudlarında (bələdiyyə torpaqlarının sərhədlərini xəritədə göstərilməklə) yerləşirmi? - Elektron kadastr məlumatlarına əsasən həmin torpaq sahəsi və qonşuluğundakı torpaq sahələri üzərində mülkiyyətin növü müəyyən edilsin.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən mütəxəssis rəyində Qərardadda qeyd edilmiş suallarla əlaqədar olaraq bildirilmişdir ki: Cavab 1: Ləğv edilmiş X9 Komitəsi tərəfindən verilmiş 1200,0 kv.m torpaq sahəsinə dair plan və ölçünün (kadastr planı) koordinatlarına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 1194,0 kv.m təşkil edir (6,0 kv.m hissə qonşunun hasarı daxilində qalır). Torpaq sahəsinin üzərində tikili yoxdur. Cavab 2: Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Cavab 3: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyətidir.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iştirak etmişdir.
II. İddianın geri götürülmüş sayılması
13. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
14. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
15. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı iclasında iştirak etməmiş və səhhəti ilə əlaqədar məhkəmə iclasının bir həftə təxirə salınmasını xahiş etmişdir. İddiaçının iştirakının təmin olunması məqsədilə hazırlıq icraatı iclası təxirə salınsa da, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli hazırlıq icraatı iclaslarında da iddiaçı eyni qaydada iştirak etməmiş və məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq icraatı iclasında Vəkil iştirak edərək iddiaçının nümayəndəsi (vəkili) olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iclasda iştirak edən Vəkil orderinin və etibarnamənin təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçı iştirak etməmiş və eyni zamanda Vəkil vəkalətini təsdiqləyən mötəbər sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilən etibarnamə X8 tərəfindən verilmiş, X8 İddiaçı tərəfindən ona ötürülmüş səlahiyyətləri (məhkəmədə iddia qaldırmaq və imza etmək hüququ daxil olmaqla bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi) Vəkil etibar etmiş və İddiaçı adından Vəkil ilə hüquqi yardım göstərilmsi haqqında müqavilə bağlamış və vəkil orderi təqdim edilmişdir.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmədə nümayəndənin səlahiyyətləri fiziki şəxsin özü və ya səlahiyyətli şəxs tərəfindən verilmiş etibarnamə əsasında rəsmiləşdirilir.
18. Belə ki, İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
19. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
20. Mülki Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir.
21. X8 iddiaçının yaxın qohumu deyil, odur ki, onun iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti olmadığından ona verilmiş səlahiyyətləri (nümayəndə kimi) vəkilə ötürmək səlahiyyəti də yoxdur. Belə olan təqdirdə, iddiaçı məhkəmədə səlahiyyətli nümayəndə (vəkillə) təmsil olunmuş hesab edilə bilməz.
22. Odur ki, məhkəmə iddiaçı tərəfindən iş üzrə prosesual marağın ifadə olunduğunu müəyyən etmir və nəzərə alır ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.
23. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
24. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X10 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
25. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
26. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
27. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
28. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
29. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva