Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-989/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə “yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən 50 kv.m sahəsi olan yaşayış sahəsinə dair adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən ünvan 2 ünvanındakı "xxxx" MMC-yə məxsus binada yerləşən 50 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair adına çıxarış və texniki pasport verməyinizi xahiş etmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda, qeyd olunan ünvana idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirildiyi, həmin əmlakın faktiki 2-ci mərtəbədə yerləşdiyi və yaşayış binasının istismarına icazə sənədində həmin mərtəbənin yaşayış sahəsi kimi qeyd edildiyi bildirilmişdir. Bundan sonra cavabdehə bir daha müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən ünvan 2 ünvanındakı "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən 50 kv.metr sahəsi olan yaşayış sahəsinə dair adına çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin cavabdeh sonunu müraciətini qəbul etməkdən imtina etmişdir. Onu da, qeyd edir ki, cavabdeh ilkin müraciətini də, qəbul etməkdən imtina etmişdir. O, həmin müraciətini poçt vasitəsilə göndərmişdir. Sonuncudan sonra isə artıq məhkəməyə müraciət etməkdən başqa yolu qalmadığı üçün hazırki iddia ərizəsi ilə çıxış etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən qanuni yolla əldə etdiyi qeyd olunan əmlaka dair mülkiyyət hüququ qeydiyyata alınmalıdır.
3. Məhkəmənin 2-1(112)-8382/2023 saylı 31 may 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə adi cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 4 ünvanındakı "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsinə dair İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 2 ünvanındakı "xxxx" MMC-yə məxsus binada yerləşən 50 kv.m sahəsi olan qeyri-yaşayış üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə bağlı xx.xx.2022-ci il tarixində, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, iddiaçı iddia tələbi yaşayış sahəsinə dair çıxarış verilməsi ilə bağlı olsa da, lakin iddiaçı tərəfindən idarəyə müraciət ərizəsi və təqdim edilən sənədlər qeyri-yaşayış ilə bağlı olmuşdur. Sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. Həmçinin idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman təqdim edilən sənədlərdə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşdiyi göstərilsə də, faktiki olaraq 2-ci mərtəbədə yerləşdiyi aşkar olunmuşdur. Eyni zamanda bildirirlər ki, yaşayış binasının istismarına icazə sənədində həmin mərtəbə yaşayış sahəsi kimi qeyd edilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış keçirilən zaman məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsi 50 kv.m, faktiki 37.6 kv.m təşkil edir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, onlar iddianın təmin olunmasını xahiş edirlər. Belə ki, həqiqətən ilk dəfə müqavilə bağlananda binanın layihəsində həmin sahə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş, sonradan hündürlük imkan verdiyindən, həmin sahə iki hissəyə bölünmüş və iddiaçının sahəsi yuxarı mərtəbəyə, yaşayış sahələri olan hissəyə düşmüşdür. Yəni, müqavilədə qeyri-yaşayış sahəsi qeyd olunmasına baxmayaraq, faktiki olaraq iddiaçıya yaşayış sahəsi ayrılmışdır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. “Yaşayış binasında mənzil tikintisi haqqında” 03 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MMCnin tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 50 kv.m-i alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
12. "xxxx" MMC tərəfindən verilmş 03 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 2də yerləşən yaşayış binası "xxxx" MMC-nə məxsusdur. Tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 50.0 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərindən 60000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.
13. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-M-1763-2022 **********16 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, müraciəti ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, təqdim edilən sənədlərdə qeyriyaşayış sahəsinin 1-ci mərtəbədə yerləşdiyi göstərilsə də, faktiki olaraq 2-ci mərtəbəsində yerləşir və yaşayış binasının istismarına icazə sənədində həmin mərtəbə yaşayış sahəsi kimi qeyd edilmişdir.
14. 263 saylı 20 dekabr 2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına İcazə” sənədinə əsasən: 3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı – Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2337-ci məhəllə, M.Hadi küçəsi, 120D, 1 girişli, zirzəmili, 20 mərtəbəli yaşayış binası; 4. Tikinti obyektinin istismar təyinatı - yaşayış sahəsi; 5. Tikintiyə dair icazəverici sənədlər – Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008- ci il tarixli 16 nömrəli sərəncamı; 6. Tikinti obyektinin sahibi (sifarişçisi) - "xxxx" Mənzil-Tikinti Kooperativi; 7. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi – xx.xx.2019cu il, № 0284; 8. Tikinti obyektinin əsas texniki göstəriciləri: 1.Binanın ümumi sahəsi - 22730,2 kv.m, o cümlədən: - mənzillərin ümumi sahəsi - 18327,4 kv.m, - qeyri-yaşayış sahəsi: zirzəmi və 1-ci mərtəbə - 1735,0 kv.m, liftin maşın şöbəsi və texniki otaq - 32,0 kv.m, 2. Mənzillərin sayı – 190 ədəd; 3. Mərtəbələrin sayı – 20 ədəd; 4. Girişlərin sayı – 1 ədəd. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı onunla "xxxx" MMC arasında 03 noyabr 2017-ci il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikinti haqqında” müqavilə əsasında ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeydiyyatının aparıla biləcəyi, həmçinin, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman təqdim edilən əsnədlərdə qeyri-yaşayış sahəsinin 1-ci mərtəbədə yerləşdiyi göstərilsə də, faktiki olaraq 2-ci mərtəbədə yerləşdiyinin aşkar olunması, yaşayış binasının istismara icazə sənədində həmin mərtəbənin yaşayış sahəsi kimi qeyd edilməsi, bundan əlavə İdarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış keçirilən zaman qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsinin 50 kv.m, faktiki olaraq 37.6 kv.m təşkil etməsi əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir.
22. "xxxx" Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
25. Əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyriyaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər-hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilməmiş, lakin onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda məhkəmə təcrübəsi onların bu niyyətinə üstünlük verir, yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılır, baxmayaraq ki, qanunverici açıq şəkildə Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 178.8-ci və "xxxx" Qanunun 8.0.6-cı maddələrində yalnız MTK üzvlərinin belə bir hüquqa malik ola biləcəklərini ifadə etmişdir.
26. İşin hallarına məhz bu kontekstdə hüquqi qiymət verildikdə məlum olur ki, 03 noyabr 2017-ci il tarixli müqavilə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Mübahisəli mənzillərin tikintisinin sifarişi üzrə 03 noyabr 2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müqavilələr bağlanmış, mənzillərin dəyəri İddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da, iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyinə dəlalət edir ki, qeyd olunan hal da istinad edilən məhkəmə təcrübəsini şərtləndirir. Belə olan halda "xxxx" Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti iddiaçıya aid edilə bilməz.
27. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli müqavilə iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan "xxxx" Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını qeyriyaşayış sahəsi kimi deyil, yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş edir. Eləcə də, əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi və vəkili həmin sahənin həqiqətən yaşayış sahəsi olmasını və iddiaçı tərəfindən də, yaşayış sahəsi kimi istifadə olunmasını təsdiq etmişdir.
28. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında mənzillərə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlilini də, məhkəmə əsassız hesab edir.
29. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı yaşayış sahəsini dəyərini almaqla satmışdır. Ona görə də, həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün qeyri-yaşayış shaəsinə mülkiyyət hüququ müqaviləyə əsasən İddiaçı keçmişdir.
30. Qeyd edilən dəlilin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas olmaması ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Ali Məhkəmənin 21(102)-3108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2537/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı).
31. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, mübahisəli ünvanda yerləşən mənzillərə dair digər şəxslərin cavabdeh orqan tərəfindən mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışlar verilməsinə baxmayaraq, iddiaçının müraciətinin təmin edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da, “İnzibati icraat haqqında” Qanunun 12,13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “Bərabərlik prinsipi”nə və “inzibati praktika” ya ziddir.
32. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə və “İnzibati icraat haqqında” Qanunun hamının qanun və inzibati orqan qarşısında bərabər olması, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə 12-ci maddəsinin tələbinə əməl etməmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrıseçkilik xarakteri daşıyır.
34. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
35. Məhkəmə eləcə də, qeyd edir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
36. Bundan əlavə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
37. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mənzilin yerləşdiyi bina Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır.
38. "xxxx" Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
39. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
41. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
43. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
44. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 4 ünvanındakı "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva