Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-989/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin 2/3 saylı, xx.xx.2024-cü il tarixli cavabı ilə təqdim etdiyi, ona torpaq sahəsinin ayrılmasına dair qərarın ləğv olunması barədə Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə müşayiət olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək torpaq sahəsinə hüquqlarının əvvəlki qaydada bərpa edilməsi vəzifəsinin Bələdiyyənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin əsl cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsi əsl cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri Bələdiyyəsinin 296/a saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə X1 adına ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən 200 kv.m torpaq sahəsinin X4 ilə onun, yəni İddiaçı arasında notarial təsdiqini tapmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən həmin torpaq sahəsinin adına keçirilməsinə dair Biləcəri Bələdiyyəsinin 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı qəbul edilərək qeydiyyata alınmışdır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, torpaq sahəsinin ölçüləri, yerləşmə koordinatları, kateqoriyası və təyinatı konkret olaraq müəyyənləşdirilmişdir. Ərazidə iddiaçı tərəfindən, öz vəsaiti hesabına dəmir-beton özülü tökdürülmüş, müəyyən hündürlükdə standart mişar daşları ilə qaldırılmışdır. 2022-ci ilin iyun-iyul aylarında, maddi imkansızlığına görə bir müddət həmin ərazidə olmamağından istifadə etkməklə digərlərin əraziyə müdaxilə edərək hörülmüş daşları sökmələri barədə ona bəlli olduqda, bununla maraqlanaraq müəyyən etmişdir ki, ona ayrılmış həmin ərazi Biləcəri Bələdiyyəsi tərəfindən digərinə ayrılmışdır. Məsələnin araşdırılaraq torpaq sahəsinə hüquqlarına zərər vurulması faktının dəqiqləşdirilməsi məqsədilə müraciət etdikdə, Biləcəri Bələdiyyəsi tərəfindən 02/3 saylı, xx.xx.2024-cü il tarixli cavabında, “... Sözügedən qərarın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyyəsi əsasında Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv olunması” barədə cavab verilmiş, həmin qərarın surəti cavaba əlavə olunaraq ona təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iclasında iddiaçı verilmiş suallara cavab olaraq mübahisələndirilən qərarın ona ilk dəfə cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna qoşma kimi təqdim edildiyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının mübahisələndirilən qərar haqqında daha əvvəldən xəbərdar olması barədə hər hansı sübut təqdim edilməmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Biləcəri Bələdiyyəsinin 296/a saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən, 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, 43 saylı Notariat ofisinin, xx.xx.2019-cu il tarixdə qeydiyyata alaraq təsdiq etdiyi razılıq ərizəsinə uyğun olaraq 296/a saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə X2 adına ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən 200 kv.m. torpaq sahəsinin İddiaçı adına keçirilməsinə dair rəsmi razılıq verilmişdir. Biləcəri Bələdiyyəsinin 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə X2 adına ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən 200 kv.m. torpaq sahəsi İddiaçı adına keçirilmişdir. xx.xx.2019-cu il tarixli qəbzə əsasən torpaq sahəsinin alqı-satqısına dörə “AtaBank” vasitəsilə ***-*******-9001 saylı hesaba iddiaçı tərəfindən 900 AZN pul vəsaiti keçirilmişdir. Biləcəri Bələdiyyəsinin 2/3 saylı, xx.xx.2024-cü il tarixli cavabında, "... Sözügedən qərarın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyyəsi əsasında Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023- cü il tarixli qərarı ilə ləğv olunması” barədə cavab verilmişdir. Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Biləcəri Bələdiyyəsinin 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Biləcəri Bələdiyyəsinin “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən 200 kv.m. torpaq sahəsinin İddiaçı adına keçirilməsi” barədə 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. İddiaçı hazırkı iddia ilə Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən ilkin olaraq X3 müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmiş, daha sonra X5 və iddiaçı arasında həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsi barədə razılıq əldə edilmiş, bununla bağlı Biləcəri Bələdiyyəsinin 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə X2 adına ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi yolla qəbiristanlıq arasında, yol kənarında, avtomobil yolunun hərəkət hissəsinin mərkəzindən 19 metr məsafədə yerləşən 200 kv.m. torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Biləcəri Bələdiyyəsinin 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Biləcəri Bələdiyyəsinin 98 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Cavabdeh sorğuya cavab məktubunda qərarın ləğv edilməsinin əsasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin 3/16-9/2-44684-3-228/2023 saylı, xx.xx.2023-cü il tarixli tövsiyyə məktubu olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi tövsiyyə məktubu məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, bu məktub mövcud olsa belə, qərarın ləğv edilməsinin əsası kimi çıxış edə bilməzdi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti qərarın qəbul edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yəni, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, qeyd olunan qərarla iddiaçının qanunla qorunan əşya hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh torpaq sahəsinin ayrıılması barədə qərarın ləğv edilməsi məsələsini həll edərkən həm “Bələdiyyələrin statusu haqqında” Qanunun, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndində qeyd edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Beləliklə, qeyd edilən müddəada bələdiyyə tərəfindən qərarın əlavə icraat aparılmadan ləğv edilməsinin tək əsası göstərilmişdir. Mübahisə edilən qərarın ləğvi isə göstərilən hala uyğun deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Biləcəri Bələdiyyəsi tərəfindən qəbul edilmiş İddiaçı barəsində olan 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Biləcəri Bələdiyyəsi tərəfindən qəbul edilmiş İddiaçı barəsində olan 13/3 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov