Məhkəmə qərarları › İş №2-1(112)-9892/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9892/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9892/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Yasamaİ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı1 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab olunması, cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 248A ünvanına onun pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçınının nümayəndəsi X5 məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı xx.xx.1985-ci il təvəllüdlü X3 və onun azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 doğulduğu andan mübahisəli ünvanda yaşayır. 2008-ci ildə nikaha daxil olmuşdur və Nəsimi rayonunda qeydiyyata alınmışdır. Hazırda nikah münasibətlərinə xitam verilmişdir və qaynanası onu və övladını Nəsimi rayonunda qeydiyyatda olduğları evdən qeydiyyatdan çıxarmışdır. İddiaçılar hazırda yaşadığları evə qeydiyyata alınmaq məqsədi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin polis idarəsi tərəfindən onların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X5 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 mart 1985-ci ildə Bakı şəhəri Oktyabr (Yasamal) rayon VVAQ şöbəsi tərəfindən verilmiş 442552 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü X1 atası qismində X7, anası qismində isə X6 qeyd olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində 2-1(112)-9892/2023 nömrəli məhkəmə işi üzrə iddiaçı olan – xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1 və onun azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 aid şəxsi məlumatlardan müəyyən olunur ki, onlar halhazırda heç bir ünvanda qeydiyyatda deyillər. ünvan 4 yerləşən fərdi evə dair X4 adına verilmiş 53 nömrəli, xx.xx.1981-ci il tarixli ev dəftərinin surətindən müəyyən olunur ki, həmin evin sakinləri kimi X7, X10, Quliyeva (hazırda Hüseynova) Turkanə Nadirxan qızı və X8 qeyd olunmuşlar. “Asan 3” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X5, xx.xx.1978-ci il təvəllüdlü X9, xx.xx.1977-ci il təvəllüdlü X8, xx.xx.2013-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.1941-ci il təvəllüdlü X7 ünvan 4 yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 5 notariusu X11 tərəfindən təsdiq edilmiş X2 **********876 nömrəli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 248A ünvanına İddiaçı1 qeydiyyata alınmasına etiraz etmir. Hazırkı tələblə bağlı İddiaçı1 ərizəsinə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-53/2-H-241xx/xx/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 248A ünvanına qeydiyyata alınaraq, şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar o, tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzlərinin birinə müraciət etməldir. Əks halda məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 17359/2023 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1941-ci il təvəllüdlü X7, xx.xx.1977-ci il təvəllüdlü X8, xx.xx.1978-ci il təvəllüdlü X9 2003-cü il, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X14 xx.xx.2019-cu il tarixdən hal-hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********53 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 5-21/2-983/23 nömrəli, xx.xx.2023cü il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 248 ünvanında yataqxana mövcud deyildir. Vətəndaş İddiaçı1 Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 248 ünvanında yaşadığı barədə onlarda heç bir məlumat mövcud deyildir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yetkinlik yaşına çatmayan övladı ilə birgə qeydiyyata düşmək istədiyi ünvan 4 yerləşən fərdi yaşayış evinin ev dəftəri mövcuddur. İddiaçı əvvəllər qeydiyyatda olduğu və hazırda ailə üzvlərinin də qeydiyyatda olduğu yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Qanunvericiliyin tələblərindən ə göründüyü kimi, On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan övladı ilə birgə sözügedən mübahisəli fərdi yaşayış evində yaşayırlar və evdə qeydiyyatda olan digər şəxslər onun həmin evə qeydiyyata alınmasına etiraz etmədiklərindən, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1 və övladı xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 248A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Yasamal RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1 və övladı xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 248A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar