Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9896/2022 08.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğvi və əmtəə nişanının qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2021-02528 saylı iddia sənədi üzrə əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi haqqında 17 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və “QOÇ DÖNƏR” əmtəə nişanının onun adına qeydə alınaraq, bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, “QOÇ DÖNƏR” əmtəə nişanının öz adına qeydə alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Əqli Mülkiyyət Agentliyinə müraciət etmiş, agentlik tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli Qərar əsasında həmin əmtəə nişanının onun adına qeydiyyata alınmasından imtina edilmiş, qeydiyyatdan imtinaya ilkin əsas kimi qeyd edilmişdir ki, “KOÇ” əmtəə nişanı xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır və guya həmin əmtəə nişanı ilə iddia edilən əmtəə nişanı arasında qarışdırılacaq dərəcədə oxşar olan əlamətlər vardır. Sözügedən bildirişdə “KOÇ” əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyatda alınmasına dair sübut qeyd edilməmişdir və bununla da belə müəyyən edilir ki, həmin əmtəə nişanı Azərbaycan Respublikasında deyil, xarici ölkədə qeydə alınmışdır. “KOÇ” əmtəə nişanının Azərbaycanda Respublikasında mühafizə əsasları yaransa belə, həmin nişan ilə iddiaçının qeydə alınması üçün müraciət etdiyi “Qoç Dönər” əmtəə nişanı arasında fonetik və semantik uyğunluq qətiyyən mövcud deyil. “KOÇ” və “QOÇ DÖNƏR” sözlərindən ibarət əmtəə nişanlarındakı sözlər və qoç başının şəkilləri, əmtəə nişanında istifadə olunan söz birləşmələrinin qrafiki, yəni ümumi görünüşlü (müşahidə) təəssüratları; dili; şriftin növü; hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); hərflərin biri-birinə nəzərən yerləşməsi tamamilə fərqlidir. Bundan əlavə, qoçun başı şəkli də ümumi istifadə edilən bir təsvirdir və “KOÇ” tərəfindən xüsusi olaraq yaradılan bir ixtira, təsvir (loqotip) deyildir. Beləliklə, həm ümumi təsvir, həm fonetik, həm də məna baxımından hər iki əmtəə nişanındakı təsvirlər bir-birindən tamamilə fərqlənir. Hər iki nişanda olan “Qoç” sözü Azərbaycan dilinin izahlı lüğətində “qoyunun erkəyi, damazlıq erkək qoyun" mənasını ifadə edir, bu baxımdan həmin söz təklikdə əmtəə nişanı kimi qeydə alına bilməz və “Qoç” sözündən istifadəyə məhdudiyyət qoyula bilməz. Həmçinin “KOÇ” əmtəə nişanı növ əlamətinə də çevrilməmişdir. “Qəhvəli içkilər, piroqlar, şirniyyatlar, sendviç, sular” əmtəələri də iddia edilən əmtəə nişanına tam uyğundur. Belə ki, həmin əmtəə nişanı altında qida məhsullarının satışı nəzərdə tutulduğundan yuxarıda qeyd edilənlər də qida məhsullarıdır və fərqli bir sahəyə aid əmtəələr deyildir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İş materiallarında görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Qoç Dönər” əmtəə nişanının qeydiyyata alınması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” 2022-ci il 17 may tarixli 09 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi 2021 02528 nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən, Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə qarışdırılacaq dərəcədə oxşar olan nişanların əmtəə nişanı kimi qeydə alınmadığına, iddia edilən nişanın üzərində yer alan hazır qida növü olan “DÖNƏR” söz işarəsinin nişanın qeydiyyatı üçün nəzərdə tutulmuş əmtəə və xidmətlərin siyahısındakı “qəhvəli içkilər, piroqlar, şirniyyatlar, sendviç; sular" əmtəələri ilə həmcins olmadığına və bu əmtəələrin bir-birilə uyğunsuzluq təşkil etdiyinə istinad edərək “QOÇ DÖNƏR” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 30, 32, 39-cu sinifləri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. Qərarda iddiaçıya “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən həmin qərarla razı olmadıqda qərarı aldığı tarixdən 3 ay müddətində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya Şurasına etiraz vermək hüququ izah olunmuşdur. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) verir. Qanunun 11-ci maddəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) tərəfindən həyata keçirilir. Qanunun 14-cü maddəsinə əsasən əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində həmin sənədlərin surətini tələb edə bilər. Qanunun 15-ci maddəsinə əsasən İddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) Apellyasiya şurasına etiraz verə bilər. Apellyasiya şurası etirza daxil olduğu tarixdən 3 ay ərzində baxır. Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər. İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 33.1-ci bəndinə əsasən Qanunun 15-ci maddəsinə uyğun olaraq, iddiaçı iddia olunmuş nişanın ilkin ekspertizası və ya ekspertizası nəticəsində qəbul olunmuş qərarla razılaşmadıqda, 3 ay müddətində Apellyasiya şurasına şikayət verə bilər. Həmin Qaydaların 33.2-ci bəndinə əsasən Apellyasiya şurası etiraza, daxil olduğu tarixdən 3 ay ərzində baxır. Qaydaların iddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi qaydasını tənzimləyən 33-cü hissəsinin 4-cü bəndinə əsasən İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində, həmin qərardan məhkəmə qaydasında şikayət verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”nin 10.3-cü hissəsinə əsasən Apellyasiya şurasının qərarından onun alındığı tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. Beləliklə, istinad olunan normalardan məlum olur ki, əmtəə nişanının qeydə alınması ilə bağlı təqdim edilən iddia sənədinə əsasən onun ilkin ekspertiza və iddia olunan nişanın (işarənin) ekspertizası keçirilməklə müvafiq qərar qəbul edilir ki, bu qərar daha çox rəy xarakteri daşıyır. Əgər şəxs ekspertiza nəticəsi ilə razılaşmazsa, onda həmin nəticəni məhkəmə qaydasında deyil, ilk əvvəl inzibati orqanın özünə müraciət etməklə mübahisələndirməlidir. Yəni qanunverici keçirilmiş ekspertizanın nəticəsi (qərarı, rəyi) ilə razı olmadıqda şəxsin həmin qərardan birbaşa məhkəməyə deyil, ilk əvvəl Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına müraciət etməli olduğunu təsbit etmişdir. Yuxarıda istinad olunan qanunvericiliyə əsasən yalnız Apellyasiya Şurası məsələ ilə bağlı qərar qəbul etdikdən sonra həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi mümkündür. İşdən məlum olur ki, iddiaçı bu tələblərə əməl etməmiş, ekspertiza qərarını Apellyasiya Şurası qaydasında mübahisələndirmədən birbaşa məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9896/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9896/2022
08.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver