Məhkəmə qərarları › İş №2-1(112)-9897/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9897/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9897/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xətai rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin dublikatının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı oğlu Bağırov Bəhruza Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 24.04.1989-cu il tarixdə Bakı şəhər Xətai rayonunda anadan olmuşdur, iddiaçı tərəfindən Bakı şəhər Xətai rayonu Qeydiyyat şöbəsindən oğlu Bəhruz üçün doğum haqqında şəhadətnamə alınmışdır. Doğum haqqında şəhadətnamə əsasında 2 saylı ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının oğlu Bəhruza məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi naməlum səbəblərdən itirilmişdir. Hazırda oğlu Bəhruza doğum haqqında şəhadətnamə və onun əsasında şəxsiyyət vəsiqəsi verilməkdən imtina edilir. İddiaçı həyat yoldaşından boşanmışdır və oğlu anası ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayədə yaşayır. İddiaçının oğlu Bəhruz hərbi xidmət üçün yararsız sayılmışdır və bu səbəbdən hərbi bileti yoxdur. Bəhruzun şəxsiyyət vəsiqəsini almaq üçün polisə müraciət etdikdə onun doğum haqqında şəhadətnaməsini istəyiblər, bunun üçün Xətai rayon X2 haqqında şəhadətnaməsinin verilməsi üçün müraciət edildikdə isə şəxsiyyət vəsiqəsi olmadığından verilməsindən imtina edilmiş və hazırda yaşadığı ünvana görə verilməli olduğu bildirilib. Bir valideyn kimi iddiaçının oğlu Bəhruza görə məhkəməyə müraciət etməyini 13.07.2021-ci il tarixli məktubla tövsiyə etmişlər. İddiaçının oğlu Bağırov Bəhruz daha öncə Bakı İnzibati Məhkəməsinə “1989cü ildə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin dublikatının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbi ilə müraciət etsə də, iddia mümkün sayılmamışdır.

3. Cavabdeh məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının mülki iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı bildirdi ki, hazırki iddianı qaldırmaqda məqsədi oğluna şəxsiyyət vəsiqəsi almaqdır, ona görə iddianın təmin olunmasını xahiş edir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

8. Beləliklə, məhkəmə qeyd edir ki, X1 24.04.1989-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxs olduğundan İddiaçı öz oğlu Bağırov Bəhruzun “doğum haqqında şəhadətnamənin dublikatının verilməsi” bağlı tələb irəli sürmək hüququna malik deyil.

9. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, iddiaçının hazırki iddia ilə bağlı tələb irəli sürmək hüququ olmadığı üçün həmin hüququn məhkəmə müdafiəsi yoxdur, iddiaçının müraciətlərinə verilən cavabın forma və məzmunu onun qanunla qorunan hüquqlarına xələl gətirmir, nəticə etibarilə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

10. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır.

11. Həmin Qanunun 3-cü maddəsinə görə 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir, 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

12. Həmin Qanunun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

13. Məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilməz. Odur ki, ona (iddiaçının oğluna) şəxsiyyət vəsiqəsinin verilməsi tələbi ilə aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına (Daxili İşlər Nazirliyinin yerli polis idarələrinə) müraciət olunmalı, şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edildiyi təqdirdə, inzibati orqanın qeyd edilən hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət verilə bilər.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar