Məhkəmə qərarları › İş №2-1(112)-9898/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9898/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9898/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş pensiyanın aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 01 sentyabr 1974-cü il tarixdən 01 avqust 1978ci il tarixinədək 49 saylı Texniki-Peşə məktəbində təhsil almış, 04 avqust 1977-ci il tarixdən 13 oktyabr 1977-ci il tarixinədək Sumqayıt boru-prokat zavodunda elektrik qaynaqçısı peşəsində işləmiş, 08 noyabr 1977-ci il tarixdən 06 noyabr 1980-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 16 yanvar 1981-ci il tarixdən yenidən Sumqayıt boru-prokat zavodunda elektrik qaynaqçısı peşəsində əmək fəaliyyətimi davam etdirməyə başlayaraq istehsalatın müxtəlif sahələrində, bir çox peşələrdə çalışaraq 01 yanvar 2006-cı il tarixinədək 27 il 2 ay 16 gün ümumi iş stajı toplamış, həmin staj illəri dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavədə (2 saylı siyahı) nəzərdə tutlan peşələrdə işləmiş və bununla da 57 yaşına çatdığı 17 mart 2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Ona güzəştli şərtlərlə əmək pensiyası 17 mart 2016-cı il tarixdən hesablanmaqla DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən təyin edilmişdir. Hərbi xidmət illəri də nəzərə alınmaqla, 17 mart 2016-cı il tarixə ümumi iş stajı 37 il 04 ay 26 gün təşkil etmişdir. Beləliklə, 17 mart 2016-cı il tarixdə 57 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq ona, güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilmişdir. Lakin bu zaman aylıq pensiya haqqı məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, 01 yanvar 2006cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da hüquqları kobud şəkildə pozulmaqla, pensiyanın məbləği süni şəkildə kəskin azaldılmışdır. Pensiya təyin olunarkən onun ümumi iş stajı 37 ildən çox olmuşdur. 2014-2015-cu illərdə onun orta aylıq əmək haqqı təxminən 1000 manat olmuşdur. Həmin məbləğin 89 faizi miqdarında pensiya təyin edildiyi halda, ona ödəniləcək aylıq pensiya məbləği 890 manatdan cox təşkil etməlidir. Lakin hal hazırda o, hər ay bu məbləğdən iki dəfədən də az pensiya alır ki, bunu da hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yenidən hesablanaraq müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 aprel 2021-ci il tarixli müraciətinə bu günə kimi cavab verilməmişdir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll olunmasına zərurət yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mərkəzi Filiala 21 aprel 2021-ci il tarixində müraciət etmişdir. Tərəflərindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, hazırki iş üzrə cavabdehə vətəndaş tərəfindən hər hansı müraciət daxil olmamışdır. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcüd olmadığından iddia tələbinə münasibət bildirilməsi mümkün deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar