Məhkəmə qərarları › İş №2-1(112)-9898/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9898/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9898/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə Sərəncam verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2003-cü il tarixdən “Azərneftyanacaq” X3 işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 42 № li əmri ilə “Azərneftyanacaq” X4 “Heydər Əliyev adıba Bakı X4 adlandırılmışdır. İddiaçı hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin İdarəsinin Mərkəzləşdirilmiş dispetçer və rejimlərə nəzarət şöbəsində 16-cı dərəcəli şöbə rəisi vəzifəsində (işində) işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X4 Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə İclasının xx.xx.2004-cü il tarixli, 28.2 saylı qərarına əsasən, “Azərneftyağ” İB-nin müdiriyyəti 1 saylı sexin operatoru – İddiaçı ərizəsini nəzərə alaraq, ona Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 89 nömrəli binada yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 221 saylı mənzil verilmiş, bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli, 93 № li order verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-cii l tarixli, 435s saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balasında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş registrdən çıxarışdan müəyyən edilirk ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 89 nömrəli bina Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı Şəhər İcra hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 142 saylı Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli 34 №-li arayışına əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 saylı binanın 221 saylı mənzilində özü və ailə üzvləri (özü, həyat yoldaşı, 2 oğlu və qızı) ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* № li arayışa əsasən iddiaçı və ailə üzvləri Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı həmin mənzillə bağlı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biriliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. İmtina üçün səbəb mənzilin kirayə müqaviləsinin bağlanmasına əsas verən hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 saylı evin 221 saylı mənzilinə onun adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul ediləsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, işlədiyi “Azərneftyağ” İB-dən ona Bakı şəhərində yaşayış və qeydiyyat yernin olmadığı üçün xx.xx.2004-cü il tarixli, 28.2 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 saylı yataqxanada 18 kv.metr sahəsi olan bir otaqlı 221 saylı mənzil (bir otaq) yaşayış üçün istifadəsinə verilmişdir. Bu mənzil ARDNŞ-nin “Azərneftyağ” İB-nin yataqxanası olmuşdur. 2012-ci ildən isə həmin bina ARDNŞ-nin “Azərneftyağ” İBnin balansından çıxarılıb Bakı şəhəri 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Hazırda onun yaşadığı həmin ev Bakı şəhəri Nizami Rayon MKTB-nin 3 saylı MKİS-nin ərazisində olmaqla 20 ildir ki, bu mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır, bu mənzilə mübahisəsiz sahiblik edir və ondan istifadə edir. Eləcə də həmin mənzilin bütün kommunal xərclərini həmin vaxtdan ödəyir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X4 Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə İclasının xx.xx.2004-cü il tarixli, 28.2 saylı qərarına əsasən, iddiaçıya Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 89 nömrəli binada yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 221 saylı mənzil verilmiş, bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli, 93 № li order verilmişdir. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaçının həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlərinin olmaması əsası ilə iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. Lakin təqdim edilən sənədlərdən müəyyən edilir ki, qeyd olunan mənzilin əvvəlki balanssaxlayıcısı “Azərneftyağ” İB olmuş, həmin Birlik tərəfindən iddiaçıya verilmişdir. Bu barədə iclas prptokolu və orderin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sonradan həmin mənzilin yerləşdiyi yaşayış binası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə təhvil vermişdir. Göründüyü kimi, mənzilin əvvəlki balanssaxlayıcısı tərəfindən iddiaçının sahiblik və istifadəsinə verilmiş və həmin vaxtdan iddiaçı mənzildə yaşayır. Belə olan halda aydındır ki, 20 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Məhkəmə qeyd edir ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 89 nömrəli evin, 211 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar