Məhkəmə qərarları › İş №2-1(112)-99/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-99/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-99/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayonunun Biləcəri bələdiyyəsi) qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (bundan sonra – Cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May, yeni yaşayış massivində yerləşən 300,0 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi ikimərtəbəli fərdi yaşayış evinin - 14,7 kv.metr hol, 47,9 kv.metr zal, 12,2 kv.metr mətbəx, 15,3 kv.metr yemək otağı, 5,5 kv.metr sanitar qovşaq, 37,6 kv.metr qaraj olmaqla, ümumilikdə 133,2 kv.metr sahənin adına şəxsi mülk kimi dövlət reyestr xidmətində ilkin hüquqi qeydiyyatdan keçirilərək çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-7779/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonunun Biləcəri bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə münasibətdə, habelə ikimərtəbəli fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması hissəsində mümkün sayılmamışdır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2217 saylı sərəncamı ilə Binəqədi rayon ərazisində X5 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 fərdi yaşayış evinin tikintisi üçün qeyd etdiyi sərəncamla ona verilmiş 600 kv.m. torpaq sahəsindən 300 kv.m-ni almış və 300 kv.m. torpaq sahəsinə görə Bakı şəhər Biləcəri Bələdiyyəsinə xx.xx.2008-ci ildə 3010 manat məbləğində pul köçürmüş, həmin qəbzi Biləcəri bələdiyyəsinə təqdim etmişdir. İddiaçı indiyə kimi həmin torpaq sahəsinə görə bütün torpaq və əmlak vergisini, evə görə isə bütün kommunal xidmət haqlarını, daşınmaz əmlaka illik sığortanı vaxtlı-vaxtında ödəyir. Bakı şəhər Biləcəri bələdiyyəsinin cavabdehə vermiş olduğu xx.xx.2019-cu il tarixli A-157 saylı arayışında göstərilir ki, həqiqətən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində xx.xx.2008-ci il tarixli 586 saylı Qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 300,0 kv.m. torpaq sahəsi İddiaçı sənədləşdirilmişdir. "xxxx" MMC tərəfindən iddiaçının müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivində yerləşən torpaq sahəsindəki ikimərtəbəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə layihələndirilmiş və iddiaçı həmin layihə əsasında 14,7 kv.m. hol, 47,9 kv.m. zal, 12,2 kv.m. mətbəx, 15,3 kv.m. yemək otağı, 5,5 kv.m. sanitar qovşağı, 37,6 kv.m. qaraj olmaqla ümumilikdə 133,2 kv.m. tikinti işləri aparmışdır. Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ona xx.xx.2021-ci ildə **********11 saylı rəsmi imtina cavabı verilmişdir. Cavabdeh təşkilatların qeyd etdiyi cavablar əsassız və qeyri-qanunidir. Əvvəla, o, iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsini qanuni yolla əldə etmişdir, yəni həmin torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında fərdi ev tikintisi üçün X5 verilmiş və Bakı şəhər Biləcəri Bələdiyyəsinin qərarı əsasında X5 verilmiş həmin 600 kv.m. torpaq sahəsinin 300,0 kv.m.-ni qanuni yolla əldə etmişdir. Həm qeyd etdiyi ünvandakı torpaq sahəsi və həm də həmin torpaq sahəsində inşa etdiyi ikimərtəbəli ev onun qanuni istifadəsindədir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və sözügedən torpaq sahəsinin yerləşmə cizgisində istinad ölçüləri dəqiq deyil və faktiki vəziyyət ilə konfiqurasiya uyğunsuzluğu mövcuddur. Həmçinin, torpaq sahəsi sənəd üzrə 600,0 kv.m, faktiki olaraq 456,0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bununla yanaşı, torpaq sahəsinin yaxınlığından su-boru xətti keçir. Torpaq ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlərdə X3 adı göstərilsə də, iddia ərizəsində iddiaçı kimi İddiaçı adı qeyd olunmuşdur və sözügedən əraziyə hər iki şəxsin müraciəti daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Belə ki, iddiaçı Ş.Əliyevin nümayəndəsi qismində müraciət etsə də, təqdim etdiyi sənədlər Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı olmuş və torpaq sahəsi həmin sənədlər əsasında adına qeydə alınmasını xahiş etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Binəqədi rayon ərazisində vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 2217 nömrəli sərəncamından görünür ki, X6 Binəqədi rayon ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 saylı iclas protokolundan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2217 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yaşayan vətəndaş X4 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün sənədləşdirilmiş əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsindən əlavə olunmuş cizgi əsasında içərisində fərdi yaşayış evi olan 300,0 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən vətəndaş X4 adından ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********24 nömrəlki məktubundan görünür ki, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daşla sərhədlənib, üzərində 2 mərtəbəli yaşayış evi mövcuddur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirklətinin istifadəsinə verilmiş ərazilərə aiddir. İddiaçı hazırda yuxarıda qeyd olunan sənədlərə istinad edərək onun mübahisəli 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın istifadəsinə verilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici əsas qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, mübahisəli qərarın qəbul edildiyi xx.xx.2008-ci ildə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7-ci bəndinə əsasən bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2008-ci ildə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Lakin işdən görünür ki, Biləcəri bələdiyyəsi xx.xx.2008-ci il tarixli qərarla torpaq hərracları və ya müsabiqələri keçirmədən həmin torpaq sahəsini bilavasitə iddiaçıya satmışdır. Qərardan həmçinin o da görünür ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə, bələdiyyəyə aid olmamış, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2217 nömrəli sərəncamı ilə X6 ayrılmış torpaq sahəsi olmuş, bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsi kimi başqasına ayrılmış torpağı iddiaçının adına sənədləşdirmək kimi səlahiyyəti mövcud olmamışdır. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli, **********30490075X00349 nömrəli məktubundan görünür ki, ərizədə qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarının özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Əlavə olaraq, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət, yoxsa bələdiyyə torpaqlarına aid olması, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6825 nömrəli ekspert rəyində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Abşeron Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi 22 avqust 2023-cü il tarixli, 3-21-3-30/2-30017/2023 nömrəli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 450,0 kv.m təşkil edir. Vahid elektron elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Vahid elektron elektron kadastr baza məlumatlarına əsasən sahə "xxxx" ASC-yə məxsus boru xətlərinin mühafizəsinə düşmür. Göründüyü kimi, mübahisəli ərazinin bələdiyyə torpaqlarına aid olmaması, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiadəsinə verilmiş ərazi olması, bununla da Biləcəri bələdiyyəsinin həmin torpaq sahəsi ilə bağlı xx.xx.2008-ci il tarixli qərarı qəbul etmək səlahiyyətinin olmaması iş materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar