Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-990/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərəncamı ilə istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərəncamı ilə istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, digər üzvlərlə bərabər bir kollektivdə 1 saylı Bakı İstilik Elektrik Mərkəzində işləmişdir. Ona Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli qərarı ilə 0.6 hektar bağçılıqbostançılıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli, 543 saylı fərmanından və “Torpaq islahatı haqqında” Qanunun qüvvəyə minməsindən sonra iddiaçıya məxsus olan torpaq sahəsini bu günədək özəlləşdirə bilməmişdir. Halbuki, qeyd edilən torpaq sahəsi qanuni əsasla iddiaçıya məxsusdur. Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin və Bakı İEM-in “Qırmızı ulduz” Həmkarlar İttifaqı tərəfindən təsdiq edilmiş siyahı AR Dövlət Arxivinin Bakı filialında vardır. Minlərlə Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhər sakinləri anoloji sənəd əsasında DƏDRX Bakı ərazi idarəsindən çıxarış almış, qanuni əsasla onlara məxsus olan torpaq sahəsinə sərəncam hüququ əldə etmişlər. Torpaq sahəsinin sərhədlərini və koordinatlarının müəyyən edilməsi üçün mütəxəssis ayırılması barədə müraciət etmiş, lakin cavabda digər fiziki şəxsin adına sənədləşdiyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə “Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinin İddiaçı adına çıxarış verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmişdir:”8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər....” Lakin iddiaçı onun istifadəsinə bağ sahəsinin verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməmiş, və həmin sənədlərin mövcud olması barədə məhkəməyə bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərəncamı ilə istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcraiyyə Komitəsinin 10/580 saylı, 25 oktyabr 1988-ci il tarixli sərəncamı ilə istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-990/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-990/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver