Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9904/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina müvafiq ekspertizanın mənfi rəyinin tələb olunması və bu rəyin Qaydaların 3.7-ci maddəsində göstərilən 3 haldan birində verilə bilməsi ilə şərtləndirilmişdir. Lakin, cavabdeh inzibati orqanın imitna məktubundan da göründüyü kimi, ixtisasın tanınmasından imtina edilərkən həmin hallardan heç birinə istinad olunmamış, çünki bu hallar iddiaçıya münasibətdə mövcud olmamışdır. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, onun aldığı təhsil qiyabi təhsil formasında olsa da, keçirilən tədris zamanı distant texnoloqiyalardan istifadə olunmuşdur ki, bununla da onun ali təhsil müəssisəsində iştirakının təmin edilməsi zəruri olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılmış və əsaslı olaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2013/2014-cü tədris ili üzrə-getməyib, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - getməyib, 2016/2017-ci tədris ili üzrə getməyib, 2017/2018-ci tədris ili üzrə - getməyib, 2018/2019-cu tədris ili üzrə - 1 ay) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə onun elektron kabinetində yerləşdirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: -Moskva Beynəlxalq Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli diplomun surətindən görünür ki, iddiaçı Menecment ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. Diploma əlavədən görünür ki, iddiaçının aldığı təhsil “qiyabi” təhsil formasında keçirilmişdir. İddiaçı bakalavr diplomunun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının bakalavr diplomu üzrə əldə etdiyi xarici ali təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21(xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırki işin hallarından görünür ki, cavabdeh iddiaçının aldığı təhsilin mənimsəməsinin mümkün olmadığı qənaətinə gəlmiş və bu halı iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı menecment ixtisası üzrə 2013-cü ildən 2019-cu ilədək qiyabi formada təhsil almışdır. İddiaçının aldığı təhsil qiyabi formada tədris olunduğu halda, iddiaçı tədris müddəti ərzində təhsil aldığı ali təhsil müəssisəsində yalnız 1 ay olmuşdur. Məhkəmə cavabdehin bu dəlilin əsaslı olması ilə bağlı aşağdaki qanunvericilik aktına istinad edərək, qiyabi təhsil formasının hansı qaydada həyata keçirilməsinə, həmçinin qiyabi və distant təhsil formalarının məhz hansı amillərə görə fərqləndirildiyinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, “distant” və “qiyabi” təhsil formaları bir birindən fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsuslara malikdirlər. Nəzərə alınmalıdır ki, distant təhsil forması üzrə keçirilən dərslərin fərqi ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət virtual məsafədən həyata keçirilir. Qiyabi təhsil zamanı isə tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə iştirak edirlər. Ümumiyyətlə “qiyabi” təhsil forması zamanı tədris planına uyğun dərslərdə iştirak olunması təkcə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamış, həmçinin, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanunun 17-ci bəndində də əks olunmuşdur. Qeyd olunanlar əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında həmin ölkədə qısa (son tədris ilində 1 ay) müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Həmçinin, iddiaçının Rusiya Federasiyasında yalnız son tədris ilində 1 ay olması, digər kurs dövrlərində isə ölkə ərazisində olmaması, cavabdehin etiraza əlavə etdiyi iddiaçının müraciəti ilə bağlı inzibati iş materialları və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sorğuya cavab məktubu ilə də müəyyən edilir. Məhkəmə əlavə olaraq bildirir ki, Moskva Beynəlxalq Universiteti tərəfindən İddiaçı ünvanlanmış olan məktubda iddiaçının təhsil müddəti əsasında distant təhsil texnoloqiyalarından istifadə olunması göstərilsə də, bu hal iddiaçının aldığı təhsilin “distant” olduğu mənasını vermir.Belə ki, qeyd olunmalıdır ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Bu üsul (distant texnologiyalar vasitəsi ilə) sadəcə şəxsin iradə ifadəsindən asılı olaraq təhsilin məsafədən davam etdirilməsinin metodudur. Eyni zamanda Məhkəmə qeyd edir ki, hətta, iddiaçının menecment ixtisası üzrə aldığı təhsil əyani-qiyabi, qiyabi-distant təhsilalma formalarında tədris olunsaydı belə, iddiaçının diplomunun tanınması mümkün olmazdır. Belə ki, təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəy verilməsi üçün əsaslardan biridir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-794/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi qiyabi və distant (məsafədən) təhsilalma formalarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda birbirindən fərqləndirilən anlayış olduğunu bildirmiş, qiyabi təhsilalma formasında distant texnologiyalarından istifadə edilməsini təhsil metodu kimi qəbul edərək, təhsilalma formalarının eyni olmadığı mövqeyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin mövqeyinə görə, vətəndaşın diplomun əlavəsində göstərilən həcmdə tədris yükünü mənimsənilməsi üçün hansı müddət ərzində ali təhsil müəssisinin yerləşdiyi ölkədə olmalı olmasına münasibət bildirilməlidir. Buna baxmayaraq, məhkəmə hazırki iddia tələbi üzrə bu istiqamətdə araşdırmanın aparılmasını zəruri saymamışdır. Belə ki, 6 illik tədris müddəti (köçürülmə əsasında) ərzində iddiaçının ümumilikdə 1 ay müddətində Rusiya Federasiyasında olması kifayət qədər az müddətdir. Həmin müddət ərzində 6 illik tədris planı üzrə fənnlərin mənimsənilməsi qeyri-mümkündür İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdı Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9904/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9904/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver