Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9906/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 4110003AAD3C nömrəli, xx.xx.2018-ci il tarixli göndəriş əsasında təyin olunmuş müddətsiz əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.2018-ci ildə müayinədən keçmiş və ona müddətsiz olaraq üçüncü dərəcə əlillik təyin edimişdir. Tərtib edilmiş 4110003AAD3C saylı, xx.xx.2018-ci il tarixli Forma 88 arayışından görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Skoliozun digər formaları, onurğanın döş hissəsinin İİİ dərəcəli kifoskolliozu. Onurğanın arxaya tərəf əyilməsi. Qozbellilik. Kəskin və davamlı ağrı sindromu ilə. Döş qəfəsinin mühüm dərəcə deformasiyası. TÇ İ’dir. İddiaçı müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona təyin edilmiş diaqnozlar ilkin diaqnoz ilə eynilik təşkil edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi şəxsə 411003AAD3C saylı, xx.xx.2018-ci il tarixli Forma 88 əsasında müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona müddətsiz üçüncü dərəcə əllik təyin edilmişdir. Cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən (müraciətə cavab vermədiyindən) hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşin faktiki hallarından görünür ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb İdaresinin 4110003AAD3C göndərişi əsasında xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra əlilliyin təyininə əsas verən dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyinə görə müayinə “Əlillik” altsistemində etibarsız edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı, iddiaçıya əlilliyin təyin edilməsinə dair inzibati iş materiallarının (əlilliyin təyin edilməsi, müddətinin uzadılması barədə qərarlar, müayinə aktları, müraciət və digər materiallar), o cümlədən əlilliyin təyin edilməsi barədə inzibati aktın ləğv edilib-edilməməsi, əlilliyin etibarsızlığı ilə bağlı qərar qəbul edilib-edilməməsi, ümumiyyətlə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı inzibati araşdırma aparılmışdırsa inzibati araşdırma materialına daxil olan bütün sənədlərin (inzibati araşdırma zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilib-edilməməsi, canlı müayinəsinin aparılıbaparılmaması və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün cavabdehə sorğu göndərilsə də, müvafiq məlumatlar və sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir; 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür; 4.9-1-ci bəndinə əsasən, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 5.3-cü bəndinə əsasən, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab olunmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1759/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-1719/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli Qərarları). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 4110003AAD3C №li tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 4110003AAD3C №-li tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9906/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9906/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver