Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-991/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı X10, X14, X11, X9 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra mətndə Suraxanı RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli, 54/2-B-4749/11/23 nömrəli yazılı imtinanın əsassız hesab edilməsi və X10, onun ailə üzvləri olan X14, X11, X9 və azyaşlı X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi onun sahibliyindədir. Həmin evin ilkin sahibi X10 olmuşdur. O, 5 (beş) nəfərdən ibarət ailə üzvü və qeyd edilən ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. xx.xx.2022-ci il tarixdə onuna aralarında onun qeydiyyatda olduğu evin alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Əldə edilmiş razılşama əsasında o, yaşayış evini 57 (əlli yeddi) min manata ona satması və həmin məbləği ona ödəməklə evi sahibliyinə qəbul etməsi öhdəliyini götürmüşdür. xx.xx.2022-ci il tarixdə evin alqı-satqısı ilə əlaqədar qarşılıqlı hüquq münasibətinin yaranmasının təsdiqi kimi, Bakı şəhəri 15 saylı Notariat ofisində alqısatqının predmeti olan evə dair hüquqi hərəkətlərin edilməsi barədə adına etibarnamə verilmişdir və alqı-satqı məbləği olan 57000 (əlli yeddi min) manatın qəbul edilməsi barədə sadə yazılı müqavilə bağlanmışdır. Həmin prosesdə daşınmaz əmlakın alqı-satqı vasitəçisi kimi çıxış edən X15 öz möhürü ilə sadə tərtib edilmiş müqaviləni təsdiq etmişdir. Həmin sadə yazılı müqavilə əsasında satıcı Babək Səfərov evi 20 (iyirmi) gün ərzində boşaldıb ona təhvil verməklə və həmin müddətdə ailəsi ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Evi sahibliyinə aldıqdan sonra həmin evə ailəsi ilə birlikdə qeydiyyata alınmışdır. Evin əvvəlki sahibi X5 ailəsi ilə birlikdə qeydiyyatdan çıxması barədə etdiyi xahiş və tələbləri icra edilməmişdir. Adıçəkilən şəxslərin qeydiyyatdan çıxarılması barədə cavabdeh Suraxanı RPİ-yə yazılı surətdə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 54/2-B-4749/11/23 nömrəli yazılı cavabla sadalanan şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8406/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Suraxanı RPİ-yə qarşı “imtinanın əsassız sayılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3635/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8406/2023 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar və 6 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən məhkəmə kollegiyasına ünvanlanan 30 oktyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş ərizə nəzərə alındıqda müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı ilə X10 arasında ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı münasibətlər mövcud olmuşdur. Həmçinin, X10 ilə X11 tərəfindən iddiaçının və onun ailə üzvlərinin qeyd olunan evə qeydiyyata alınmasına razılıq ərizələri vermişlər. Belə olan halda həmin şəxslər ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə eyni statusda deyillər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(112)-8406/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X14, X11, X9 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Suraxanı RPİ-nin və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 364 №-li, xx.xx.2023-cü il tarixli arayışında İddiaçı ünvan 6 ünvanında qeydiyyatda olduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 163 №-li, xx.xx.2023-cü il tarixli arayışda İddiaçı ünvan 2 ünvanda özünə məxsus fərdi yaşayış evində yaşadığı və həmin ünvanın vergi ödəyicisi olduğu göstərilmişdir. Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 7E-4510 Reyestr nömrəsi ilə təsdiq olunmuş AR-İİ seriyalı 591513 №li etibarnamənin surətindən müəyyən olunur ki, ünvan 9 ünvanında qeydiyyatda olan X10 qeydiyyatda olduğu və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə özəlləşdirməyi, sənədləşdirməyi, .....adından ərizələr yazmağı, imzalamağı, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi 50 il müddətinə xx.xx.2072-ci il tarixədək İddiaçı etibar etmişdir. xx.xx.2024-cü il tarixdə “Asan 2” tərəfindən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X10, xx.xx.1994cü il təvəllüdlü X14, xx.xx.1996-cı il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 ünvan 5 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmələr tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 2847/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində axtarış aparılaraq İddiaçı və digərlərinin ünvan 5 ünvanına qeydiyyata salınmasına dair X10 və X11 tərəfindən yazılmış ərizədə imza təsdiqinə dair məlumat aşkar edilmişdir. Məktuba əlavə olunmuş “Elektron notariat” X1 çıxarışda X10 və X11 qeydiyyatda olduqları ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı, X6, X7, X2 və X3 qeydiyyata alınmasına razı olduqlarını, heç bir etirazlarının olmadığını qeyd etmişdirlər. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Suraxanı RPİ-nin 54/2-B-4749/11-/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə . 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. .... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslərin istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz əmlakından istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mübahisəli fərdi yaşayış dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasa da belə, onun hüquqları qanunla qorunur. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evinə dair əmlak hüquqları olmayan şəxs olduğundan fərdi yaşayış evinin hazırkı sahibi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İş üzrə üçüncü şəxslər –xx.xx.1972-ci il təvəllüdlü X10, xx.xx.1994-cü il təvəllüdlü X14, xx.xx.1996-cı il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-991/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-991/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver