Məhkəmə qərarları › İş №2-1(112)-9911/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9911/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9911/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə (üçüncü şəxs X6) qarşı “soyad sonluğuna dəyişiklik edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, X1 “Sadiq”dən “Sadiqov”a dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan respublikasının vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-İİ”, “-lu”, “-lü”), “-zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Soyadın sonluğunun - “ov”,-”yev”-ə düzəliş edilməsi qanunda nəzərdə tutulmamışdır. Bu səbəbdən X1 “Sadiqov” yazılması Binqəqədi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə doğulmuş övladı X4 məxsus doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində soyadının “Sadiq”dən “Sadiqov”a dəyişdirilməsi (düzəliş edilməsi) və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X6 ilə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2024-cü il tarixdə Nəriman adlı övladları doğulmuşdur. Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsindən iddiaçının övladı Nərimana doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə soyadı “Sadiq” kimi qeyd olunmuşdur. Bununla bağlı Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsinə həyat yoldaşı ilə birlikdə ərizə ilə doğum haqqında akt qeydində soyadının “Sadiq”dən “Sadiqov” soyadına düzəliş edilərək, doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnaməsinin verilməsinə dair cavabdehə müraciət etmişlər. Lakin cavabdeh tərəfindən onlara xx.xx.2025-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan AZ-İİ 601875 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X9 xx.xx.2023-cü ildə nikah bağlamışlar. Nikahdan sonra arvada Sadiqova soyadı verilmişdir. İşdə olan 0017 1 0018 23022024 nömrəli xx.xx.2024-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2024-cü ildə doğulmuşdur. X3, anası İddiaçıdır. İddiaçı hazırda oğlu X7 “ov” soyad sonluğunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Qaydaların 5-ci hissəsi “soyad sonluğuna dəyişiklik edilməsi” məsələsini tənzimləyir. Həmin hissəyə əsasən: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X2 Reyestri Xidmətinə bildiriş göndərir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İstinad olunan nornalardan görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, soyad kimi, soyad sonluğu da valideynin soyadına uyğunlaşdırılır. Belə ki, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. Qanunverici soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs yetkinlik yaşına çatanadək də yol verir. Bu zaman əsas tələb 10 yaşına çatmış uşağın soyadının sonluğunun dəyişdirilməsinə onun razılıq verməsidir. İşdən görünür ki, X5 atasının soyadı “Sadiqov”, anasının soyadı isə “Sadiqova”dır və onun hazırda 1 yaşı vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehin imtina məktubundan görünür ki, o, iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, həmin qərarın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Göründüyü kimi, istinad olunan qərar Azərbaycan Respublikasının vətəndaşlarının soyad sonluqlarının “-ov” “-yev” kimi müəyyən edilməsinə məhdudiyyət qoymamış, həmin sonluqları qadağan etməmiş, şəxslərin iradəsindən asılı olaraq həmin sonluqları “lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz etmək imkanını təsbit etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin həmin qərara istinad edərək imtina etməsi qanunsuz olmuş, bu imtina iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı xx.xx.2024-cü il təvəllüdlü X1 sonluğuna dəyişiklik edilərək “-ov” sonluğunun əlavə edilməsi, bu barədə xx.xx.2024-cü il tarixli 0017 1 0018 23012024 saylı doğum haqqında akt qeydinin “soyadı” qrafasına dəyişiklik olunması və edilmiş dəyişikliyə uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar