Məhkəmə qərarları › İş №2-1(112)-9913/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9913/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9913/2025 14.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı və Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktına əsasən satılmış və hazırda onun sahiblik və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 200,0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ona adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla onun adına dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı və Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş torpaqların alqısatqısına dair aktına əsasən ona satılmış və hazırda onun sahiblik və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 200,0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-/21-3-30/2-B-0118-8/2025 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından və torpaq sahəsinə dair plan-ölçüsü sənədi verilməsindən imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan və torpaq sahəsinə dair plan-ölçüsü sənədi verilməsindən imtina edərkən əsas olaraq göstərmişdir: müraciətinizlə əlaqədar olaraq bildiririk ki, X2 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda sadalananları və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq, ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, aşağıda sadalananlara görə cavabdeh inzibati orqanın Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı və Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktına əsasən ona satılmış və hazırda sahiblik və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 200,0 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüsü sənədi verilməsindən verdiyi imtina qanunsuz və əsassızdır. Mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı və Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktından göründüyü kimi ona ev tikintisi məqsədilə 200.0 kv.metr torpaq sahəsinin satılması, ona satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Biləcəri bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır (surəti əlavə olunur). "xxxx" ASC-nin verdiyi xx.xx.2004-cü il tarixli, 07 saylı qəbzdən görünür ki, vətəndaş Biləcəri bələdiyyəsinin hesabına 3.200.000 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir (surəti əlavə olunur). Bundan başqa inzibati orqana təqdim edilmiş Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2004-cü il tarixli torpaqların alqısatqısına dair aktdan görünür ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin qərarı ilə ona Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində torpaq sahəsindən ev tikintisi məqsədilə 200,0 kv. metr torpaq sahəsinin satılması və tərəfindən həmin torpaq sahəsinə görə Biləcəri bələdiyyəsinin hesabına 3.200.000 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Sadalananlardan göründüyü kimi, onun üzərinə düşən öhdəliyi bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin "xxxx" ASC-də olan xüsusi hesabına köçürmüşdür və eyni zamanda ərizə ilə Biləcəri bələdiyyəsinə müraciət edərək, ona bələdiyyə ərazisindən torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Biləcəri bələdiyyəsi də öz növbəsində ona göstərilən məqsədlə 200,0 kv metr torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə. qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sənədlərdən göründüyü kimi Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı başqa şəxslər tərəfindən, həmçinin DƏDRX-nin özü tərəfindən mübahisələndirilməmişdir. Belə olduğu halda həmin akt - qərar özü hüquqi qüvvəsini saxlamaqdadır. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hazırki halda vətəndaşın üzərinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin - bələdiyyə aktının, yəni Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarının təqdim edilməsi öhdəliyini qoymuşdur. Həmin sənəd də inzibati orqana təqdim edilmişdir. Buna baxmayaraq, sözügedən inzibati orqan daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hazırki halda imtinanın verilməsi qanunsuz və əsassızdır, çünki müvafiq inzibati orqana təqdim edilmiş sənədlər, o cümlədən Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı torpaq sahəsinin satılması barədə qərarı və digər sənədlər daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas - "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsi ilə müəyyən edilən qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt mövcuddur.

4. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, “X2 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır.”

5. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. O cümlədən sahə ümumi istifadədə olmaqla yaşıl ağaclarla əhatə olunub və 5 mərtəbəli yaşayış binasına yaxın məsafədə yerləşir. Eləcə də, sahəyə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmamaqla yanaşı konfiqurasiyada da fərqlər mövcuddur. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında yerləşən İddiaçı aid faktiki torpaq sahəsi 203 kv.m təşkil edir. 35.2 kv.m tikili (yaşayış otağı) və 6.0 kv.m həyət tikili (sanitar qovşaq) inşa olub, 63.0 kv.m sahəsi olan yarımçıq tikili mövcuddur. Torpaq sahəsinə dair sənəd təqdim olunmalı, sərhədi daş hasar və bir hissəsi metal tordur.

7. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli 1331 nömrəli qərarın 1-ci bəndində qeyd edilmişdir ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqısatqı yolu ilə Bakı şəhər sakini Qaradağ müharibəsi veteranı İddiaçı satılması qərara alınmışdır. Həmin cizgi qərara əlavə edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Biləcəri Bələdiyyəsi ərazisində 200 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2004-ci il tarixli 1331 nömrəli qərar qəbul edilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2004-cü il tarixli ********** nömrəli qəbzdə qeyd edilmişdir ki, Babayev X5 Bələdiyyəsinin hesabına 3.200.000 AZM pul vəsaiti ödəmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İddia tələbi Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1331 saylı qərarı iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən 200,0 kv.metr torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla adına dövlət reyestrindən çıxarış və plan-ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

20. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

24. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.

25. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

26. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

27. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

28. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

29. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

30. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

31. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin müayinə (baxış) aktından və ortofoto görüntüsündən müəyyən edilir ki, sahə ümumi istifadədə olmaqla yaşıl ağaclarla əhatə olunub və 5 mərtəbəli yaşayış binasına yaxın məsafədə yerləşir.

32. Məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən təqdim edilən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin qeydiyyatdan keçmədiyi müəyyən edilir. Həmçinin digər şəxsə (X4) çıxarışın verilməsinə əsasən olmuş sənədlərdən bəlli olur ki, iddiaçıya ayrımış torpaq sahəsi bağ bostan üçün nəzərdə tutulmuşdur.

33. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur.

34. İş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün çıxarışın verilməsi tələbi rədd edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar