Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9914/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 60-cı Qala küçəsi, 4K saylı sahədə yerləşən 318 kv.metr torpaq sahəsi qanuni əsaslarla iddiaçı tərəfindən əldə edilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü cavabdeh tərəfindən tərtib olunub çəkilmiş və iddiaçıya qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarış verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyətini mülkiyyətində olan həmin torpaq sahəsində sahəsi 131kv.metr, hündürlüyü 3,8 metr olan 1 mərtəbəli fərdi yaşayış evinin tikilməsi barədə məlumatlandırma icraatı qaydasında xəbərdar etmişdir. İddiaçı həmin ev üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tələbini təmin etməyərək, xx.xx.2024-cü il tarixdə mənə imtinaya dair məktub vermiş və göstərmişdir ki, fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsindən kənarda yerləşir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iiddiaçı ünvan 1 ünvanında inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********69 nömrəli, xx.xx.2024-cü il tarixli, məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi bir tərəfdən 110 kv.metr azalmış, digər tərəfdən isə 110 artırılmışdır və fərdi yaşayış evinin 52 kv.metr hissəsi mülkiyyət hüququ iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda, artıq torpaq sahəsində yerləşir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, torpaq sahəsi onun mülkiyyətində, həmçinin istifadəsindədir. Sahə hasar alınmışdır və heç kimin həmin sahəyə iddia və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanındakı torpaq sahəsində sahəsi 131 kv.metr, hündürlüyü 3,8 metr, 1 mərtəbəli fərdi ev inşa etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən 0,0318 hektar torpaq sahəsini iddiaçıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən 0,0318 hektarlıq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarına torpaq sahəsinin cavabdeh tərəfindən verilmiş plan-ölçüsü əlavə edilmişdir. İş materiallarına iddiaçıya məxsus fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi əlavə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 318 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 116,3 olan fərdi yaşayış evi mövcuddur. Göstərilən torpaq sahəsinin faktiki vəziyyətdə yerləşməsi sənəd üzrə torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi bir tərəfdən 110 kv.m azalıb, bir tərəfdən isə 110 kv.m artırılmışdır. Sahə üzərində mövcud olan fərdi yaşayış evinin tikintialtı sahəsinin 52 kv.m hissəsi artırılmış torpaq sahəsində yerləşir. Sözügedən 318 kv.m torpaq sahəsi **********47 reyestr nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatları və izahlı baş plan əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən artıq torpaq sahəsi heç bir dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin hissə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan torpaq sahəsi üzərindəki yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, həmin evlə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.10.2.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.9.1.2.). İşdən göründüyü kimi ünvan 1 ünvanında yerləşən 0,0318 hektarlıq torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi ev inşa etmişdir. Həmin evlə bağlı mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh həmin evin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaqdan kənarda yerləşməsi əsası ilə tələbin təmin edilməsindən imtina etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir (240.3.). Oxşar normalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) də təsbit olunmuşdur. Həmin Məcəllənin 58-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hasarlanmışdır. Torpaq sahəsinə hər hansı digər şəxsin iddiası və tələbi yoxdur. Eyni zamanda cavabdehin mütəxəssis rəyində faktiki istifadədə olan sahənin ölçüsünün sənəd üzrə sahənin ölçüsünə uyğun olması qeyd edilmişdir. Lakin rəydə torpaq sahəsinin bir tərəfdən 110 kv.m azaldılaraq bir tərəfdən isə 110 kv.m artırıldığı, sahə üzərində mövcud olan fərdi yaşayış evinin tikintialtı sahəsinin 52 kv.m hissəsinin artırılmış torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının tələbindən imtina üçün əsas ola bilməz. Belə ki, X1 torpaq sahəsinə dair plan-ölçü verilmişdir. Bu səbəbdən vaxtilə torpaq sahəsinin ölçülməsi zamanı baş vermiş mütəxəssis səhvi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9914/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9914/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver