Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9914/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı şəxsin vəfat etməsinə dair arayışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı mərhum X1 ünvan 2 ünvanında pasport qeydiyyatında olmuş və 12 noyabr 1980-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda vəfat etməsinə dair arayışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X1 qanun üzrə yərəsəsidir. X2 ünvan 3 ünvanında pasport qeydiyyatında olmuş və 12 noyabr 1980-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda rəhmətə getmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək mərhum nənəsinin mənzildə qeydiyyatda olması və orda yaşamasına dair arayışın verilməsinə cavab olaraq bildirilmişdir ki, o buna dair sübut təqdim etməlidir və sonucu olaraq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyina ünvanlanlanan 25/26 saylı xx.xx.2025 saylı müraciətə cavab olaraq, cavab məktubundan göründüyü kimi, 1905(1909) təvəllüdlü X2 ünvan 4 ünvanında qeydyyatda olmasına dair rəsmi cavab almış və həmin cavab məktubunu sorğuya əlavə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan 25/26 saylı xx.xx.2025 saylı cavab məktubundan göründüyü kimi, 1905(1909) təvəllüdlü X2 ünvan 5 ünvanında qeydiyyatda olmuşdur. Cavabdehdən X1 ünvan 5 ünvanında pasport qeydiyyatında olması və 12 noyabr 1980-ci il tarixdə yuxarıda qeyd olunan ünvanda rəhmətə getməsi və mərhumla bərabər həmin ünvanda kimlərin yaşamasına dair arayış verilməsini xahiş etmiş və cavabdeh imtina vermiş və onun hərəkətinin nəticəsi olaraq hal- hazırki müddətə kimi vərəsəliyi qəbul edə bilmir və çıxarış ala bilmir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.1980-ci ildə vəfat etmiş mərhum X1 Türkan qəsəbəsi, Xanlar küşəsi, ev 5 ünvanında pasport qeydiyyatında olması ölən günədək həmin ünvanda yaşaması və həmin ünvanda yaşayan qohumları ilə bağlı sorğusu ilə bağlı araşdırma aparılmışdır. Ev təsərrüfatlarının uçotu kitablarına baxış zamanı Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 5 ünvanında başqa şəxslərin qeydiyyatda olduğu məlum olmuşdur. Bununla əlaqədar olaraq mərhum X1 Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 5 ünvanında ölən günədək yaşamasına dair qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. Bundan əlavə olaraq bildirirlər ki, 11 iyun 2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1360) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 102-ci hissənin altıncı abzası çıxarılmışdır. Bu səbəbdən vərəsəlik haqqında arayış vermək Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Türkan qəzəbə inzibati ərazi nümayəndəliyinə qarşı arayış verilməsinə dair tələbinin təmin olunması tərəfimizdən mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı mərhum X1 vəfat etməsi ilə əlaqədar onun vərəsəsi kimi müəyyən edilməsinə nail olmaqdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə:
5. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri 5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.1. yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək; 5.1.2. əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək; 5.1.3. nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək; 5.1.4. ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək; 5.1.5. ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək; 5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; 5.1.7. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci və 87.6-cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatları yerli icra hakimiyyəti başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair yerli icra hakimiyyəti başçısına təkliflər vermək; 5.1.8. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək;[70] 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək; 5.1.10. ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək; 5.1.11. nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək; 5.1.12. səlahiyyətləri çərçivəsində əmrlər vermək. 5.2. Bu Əsasnamənin 5.1-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. 5.3. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifə və səlahiyyətləri də həyata keçirirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 18. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər. 6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimat:
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildiyindən və mövcud qanunvericilikdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin şəxsin vəfat etməsinə dair arayış verilməsinə dair səlahiyyəti olmadığından iddiaçının cavabdehə qarşı hazırki tələbi əsaslandırılmış tələb hesab edilə bilməz.
İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva