Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9915/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 iyul 2023cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 63 №-li, 5 iyul 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış komissiyanın 19 dekabr 2012-ci il tarixli iclasının qərarına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 23 yanvar 2017-ci il tarixli 03/06-203 nömrəli məktubuna əsasən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 2, Vİİİ mərtəbə, ümumi sahəsi 87,5 kv.m, faydalı sahəsi 42,0 kv.m olan 2 otaqlı 78 nömrəli mənzil 3 nəfər ailə tərkibinə (özü, həyat yoldaşı Hürizad, oğlu Ağakişi) İddiaçı adına sənədləşdirməsi (gələcəkdə sosial kirayə müqaviləsi bağlamaq şərti ilə) və vətəndaş H.A.Ağakişiyevin mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 09 iyun 2023-cü il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 2012-ci il 27 noyabr tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın 2012-ci il 19 dekabr tarixli iclasının qərarı ilə İddiaçı Ruslan Göyüşov küçəsi, ev 2, Vİİİ mərtəbə, mənzil 78 ünvanında yerləşən, ümumi sahəsi 87,5 kv.m olan 2 otaqlı mənzillə təmin olunmuşdur. ünvan 1 ünvanında imtiyazlı şəxslər üçün inşa edilmiş çoxmənzilli yaşayış binası istismara qəbul edildikdən sonra binanın vahid texniki-istismar normalarına uyğun xidmətinin təşkili və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi məqsədilə həmin bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından çıxarılmış və Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq Sərəncamı ilə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı adına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial kirayə müqaviləsinin bağlanma forması müəyyən edilmədiyindən xahişinizin yerinə yetirilməsi rayon icra hakimiyyətinin imkanı xaricindədir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış sahəsi 87,5 kv.metr olan 2 otaqlı yaşayış sahəsinə dair onunla daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 63 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə İİİ qrup Qarabağ əlili kimi 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı Hürizad, oğlu Şərif, qızı Mahirə, oğlu Ağakişi) 08 yanvar 2003-cü il tarixdən Qaradağ Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində dayandığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasında 27 noyabr 2012-ci il tarixli 11/7-139 nömrəli əmrlə yaradılmış Komissiyanın 19 dekabr 2012-ci il tarixli iclasının qərarı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87,5 kv.m olan 2 otaqlı mənzil ayrılmış və sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 23 yanvar 2017-ci il tarixli 03/06-20 nömrəli məktubu ilə rayon İcra hakimiyyətinə göndərilmişdir. O, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,5 kv.m, 2 otaqlı yaşayış sahəsinə dair daimi kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciəti indiyədək cavablandırılmamışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız hesab edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək əsl olmayan cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinin əsl Cavabdeh ilə əvəz edilərək, Bakı şəhər, ünvan 4 ünvanda yaşayış sahəsi 87,5 kv.metr olan, 2 otaqlı yaşayış sahəsinə dair onunla daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti, əsl Cavabdeh ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etiraz verməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı yarımbəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifəsinə, 4.9.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səalhiyyətinə aid edilmişdir. Əsasnamənin 7.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndiskommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Məhkəməyə təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ...yaşayış binası Nazirliyin balansından çıxarılmış və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq Sərəncamı ilə Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin ayrılmasına dair Sərəncam Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilsə də, həmin bina Sabunçu rayonunun inzibati ərazi vahidində yerləşir və həmin mənzilə dair qərar qəbul etmək onun balanssaxlayıcısı olan yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı İİİ qrup Qarabağ əlili kimi xx.xx.2003-cü ildən 5 nəfər ailə tərkibi ilə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə xx.xx.2012-ci ildə Qaradağ əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş yaşayış binasında Zabrat qəsəbəsi, ev 2, 2 otaqlı, 78 saylı mənzil verilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 5 iyul 2017-ci il tarixli 63 nömrəli sərəncamı ilə göstərilən mənzilin onun adına verilməsi təsdiq edilmiş və o, həmin sərəncamla mənzil növbəsindən çıxarılmışdır. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçı müvafiq sərəncama əsasən mənzillə təmin edildiyindən həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə olan halda cavabdehin formal əsasla (sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması) iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin istinad olunan normalarında dövlət mənzil fonduna aid olan mənzillərlə sosial kirayə müqaviləsinin bağlanması təsbit edilmişdir. Ona görə də, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 2, Vİİİ mərtəbə, 78 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9915/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9915/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver