Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-992/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərbi həkim komissiyasının qərarı ilə onun xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsinə, onun xidmət yerinin DSX-nin MHHKnin qərarlarına əsasən Bakı şəhərinə yox, Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməsinə dair 04.08.2020-ci il tarixli, 973 ş/h nömrəli əmrin əsassız olduğundan ləğv edilməsinə, Ədliyyə kapitan hərbi rütbəsi ilə ehtiyatdan çıxarılmağına görə Hərbi Xidmət keçmə haqqında Əsasnamənin 65.3-cü maddəsinə əsasən ona növbəti ədliyyə mayoru hərbi rütbəsinin verilməsi vəzifəsinin və 15 il qüsursuz xidmət medalının verilməsi vəzifəsinin dərhal verilməsi vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, onun DSX-dən Silahlı qüvvələrin ehtiyatına buraxılmağına dair 30.03.2021-ci il tarixli, 626 ş/h üzrə əmrin qanunsuz olduğundan ləğv olunmasına, DSX tərəfindən onun xidmət yerinin dəyişdirilməsi və növbəti hərbi rütbənin verilməsi ilə bağlı göndərdiyi 25.01.2021-ci il tarixli raportuna qanunla müəyyən olunmuş 15 gün müddətində baxılmamasının qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə ona dərhal növbəti ədliyyə mayoru hərbi rütbəsinin və 15 il qüsursuz xidmət medalının verilməsi vəzifəsinin qoyulmasına, onun DSX-də ədliyyə mayoru rütbəsi ilə həqiq hərbi xidmətə bərpa etməklə DSX-nin MHHK-nin qərarlarına əsasən Bakı şəhərində yerləşən hərbi hiissələrdən birinə xidmət yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə dərhal vəzifə kimi qoyulmasına, 29.04.2021-ci il tarixdən DSX-də həqiqi hərbi xidmətə bərpa olunacağı tarixədək olan müddətin həmin müddətlər üçün aylıq pul təminatı ödənilməklə həqiqi hərbi xidmət müddətinə, ədliyyə mayoru hərbi rütbəsində xidmət müddətinə, müvafiq vəzifədə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə daxil edilmək vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, 2020-ci ilin noyabr tarixindən 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində xidməti ezamiyyətdə olduğu dövr üçün ona ödənilməmiş 1027 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, DSX tərəfindən onun qanunsuz olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə hərəkətlərin qanunsuzluğu və yolverilməzliyi həmin qurumun vəzifəli şəxslərinin nəzərinə təkrarən çatdırılmaqla gələcəkdə onun qanunsuz olaraq silahlı qüvvələrin ehtiyata buraxılmağının, vəzifədən azad olunmağı və hərbi rütbənin aşağı salınmasının və digər qanunsuz hərəkətlərin cavabdehə və onun vəzifli şəxslərinə qadağan edilməsinə dair ədalətli və obyektiv qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən barəsində qəbul olunmuş silahlı qüvvələrin ehtiyatına buraxılmağına dair 30.03.2021-ci il tarixli, 626 ş\h üzrə əmrin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, ona DSX tərəfindən növbəti mayor rütbəsi verilməsinə və həqiqi hərbi xidmətə bərpa olunmağına, eyni zamanda DSX-nın MHHK-nın qərarı ilə həmin qurumun Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə ixtisası üzrə (DSX-nın Akademiyası, DSX-nın Hərbi Hospitalı, DSX-nın Sərhəd Nəzarəti) müvafiq vəzifəyə təyin olunmağına, qanunsuz olaraq DSX tərəfindən silahlı qüvvələrin ehtiyatına buraxıldığı 30.03.2021-ci il tarixdən iş üzrə yekun məhkəmə qərarı çıxarılaraq DSX-da müvafiq vəzifəyə bərpa olunacağı tarixədək olan müddətin həqiqi hərbi xidmət müddətinə, mayor rütbəsində xidmət müddətinə, pensiya təyin edilməsi üçün xidmət müddətinə daxil edilməsi vəzifəsinin DSX-ə həvalə edilməsinə, gələcəkdə onun hərbi qulluqçu kimi hüquqlarının DSX tərəfindən yenidən pozulmasının, təkrarən vəzifədən qanunsuz olaraq azad olunmağına yönəlmiş hüquqazidd hərəkətlərin edilməsinin Dövlət Sərhəd Xidmətinə qadağan olunmasına, qanunsuz olaraq DSX tərəfindən silahlı qüvvələrin ehtiyatına buraxıldığı 30.03.2021-ci il tarixdən iş üzrə yekun məhkəmə qərarı çıxarılaraq DSX-də vəzifəyə təyin olunacağı tarixədək olan müddət üçün müvafiq aylar üzrə aylıq pul təminatının hesalanaraq birdəfəlik şəkildə ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə də məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 ildən artıq müddət ərzində dövlətə və xalqa xidmət edir. Dövlət Sərhəd Xidmətində xidmət edən zabit kimi xidmət etmişdir. 30.03.2015-ci ildə anadan olmuş oğlu X8 autizm xəstəliyindən əziyyət çəkir. Autizm xəstəsi kimi uzun müddətdir ki, müalicə müəssisələrində müalicə alır. Danışa bilməyən 5 yaşlı övladı X8 müntəzəm olaraq müalicə müəssisələrində loqoped və psixopedaqoq müalicəsi alır. O, Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olarkən həmin hərbi hissənin N saylı təkrar göndərişi əsasında həmin xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi üçün autizm xəstəliyindən əziyyət çəkən oğlu X5 Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün ona təkrarən göndəriş vərəqəsi verilmişdir. Təkrarən oğlu X6 uşaq autizmi diaqnozu qoyulmaqla 2020-ci ilin may ayında DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə onun xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi qərara alınmışdır. İcra olunması üçün DSX-nin Kadrlar Baş İdarəsinə göndərilmişdir. Bundan öncə isə 2020-ci ilin mart ayında autizm xəstəsi olan övladı X8 DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və DSX-nin MHHK-nın 744 saylı, 20.03.2020-ci il tarixli qərarı ilə ona uşaq autizmi diaqnozu qoyulmuşdu. Pandemiya şəraitində autizm xəstəsi olan övladı Mübariz Sadıqovu dəfələrlə Zaqatala rayonundan Bakı şəhərinə aparıb-gətirməklə min bir əziyyətə qatlaşsa da DSX-nin Kadrlar İdarəsi buna məhəl qoymayaraq onun xidməti yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişməkdən qəsdən imtina etmişdir. DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarları əsasında xidmət yeri Bakı şəhərinə dəyişilməli olduğu halda ona naməlum olan səbəblərdən heç bir müalicə və nəqliyyat infrastrukturu olmayan Bakı şəhərindən 100 km aralıda yerləşən Xızı rayonunda dağın başında yerləşən hərbi hissəyə xidmət yeri qanunsuz olaraq dəyişdirilmişdir. Halbuki qərar məhz Bakı şəhərində yerləşən hərbi hissəyə dəyişdirilməsi ilə bağlı olmuşdur. Lakin DSX-nin Kadrlar İdarəsi 1 ilə yaxın müddət ərzində DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını icra etməyərək onun övladının müalicəsiz qalmasına şərait yaratmışdır. O, «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 82-ci maddəsinin 2-ci bəndinə əsasən xidmət yerinin Bakı şəhərinə dəyişilməsini tələb etdikdə isə onu qanunsuz olaraq xidmətdən xaric etmişlər. Sonuncu dəfə 30.01.2021-ci il tarixdə sifarişli poçt göndərişi vasitəsi ilə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə raport yazaraq hərbi xidmətini davam etdirmək niyyəti açıq şəkildə bildirərək xidmət yerinin dəyişdirilməsi və ehtiyatdan silahlı qüvvələrə gələn zabit kimi ona “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 65.3-cü maddəsinə əsasən növbəti hərbi rütbənin verilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissəyə rəsmi müraciət olunsa da həmin hərbi hissənin kadr bölməsi Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 117-ci maddəsinin tələbləri kobud surətdə pozmuş və qanunla 3 gün müddətində yuxarı komandanlıq qarşısında məsələ qaldırılmalı olduğu halda bunu etməmişdir. “Hərbi qulluqçuların statusu haqqında Qanun”un 22-ci maddəsinə əsasən hərbi qulluqçuların müraciətlərinə 15 gün müddətində baxılmalı olduğu halda 30.01.2021ci il tarixdə verilən raport DSX rəisindən gizlədilmiş, onun övladının səhhəti və DSX-nin Hərbi Həkim Komissiyasının qərarları xidmət rəisinə məruzə olunmamışdır. Bununla da ona qarşı hərbi qulluqçu kimi kobud qanun pozuntusuna yol verilmişdir. Silahlı Qüvvələrdə xidmət etmək arzusu və istəyi ola-ola onu qanunsuz olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxmaq sadəcə DSX-nin kadrlar idarəsi tərəfindən ona qarşı atılmış qisas və cəza addımı idi. Özünün xidmət etdiyi N nömrəli hərbi hissənin hüquqşünas-təhqiqatçısı kimi dəfələrlə verdiyi raportlarda «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 82-ci maddəsinin 2-ci bəndinə əsasən xidməti yerinin övladının müalicəsini təmin etmək üçün dəyişdirilməsini xahiş etsə də “öz qanunları” ilə işləyən həmin qurumda onun müraciətlərinə baxan olmamışdır. Dəfələrlə bu barədə müraciətlər etsələr də, 7 ay müddətində müraciətlərinə baxılmamışdır. Halbu ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanuna əsasən hərbi qulluqçuların müraciətlərinə 15 gün müddətində baxılmalıdır. Bu hal isə öz növbəsində autizm xəstəliyindən əziyyət çəkən övladı X5 müalicəsiz qalmasına və gündən-günə sağlamlığının geriləməsinə səbəb olmuşdur. Bu barədə əvvəllər dəfələrlə müraciətləri olsa da bu müraciətlərə baxılmamış, DSX-nin MHHK-nın qərarları icra olunmamış qalmışdır. O, 2012-ci il tarixdən ədliyyə kapitanı hərbi rütbəsində xidmət edən zabit kimi silahlı qüvvələrin ehtiyatından 2020-ci ilin yanvar ayında DSX-nə xidmətə qəbul olunmuşdur. Bu müddətə qədər isə 14 il 1 ay müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 9 il ədliyyə kapitanı rütbəsində xidmətdə olduqdan sonra ehtiyatdan kapitan rütbəsi ilə xidmətə qəbul olunmuşdur. Onunla 21.01.2020-ci il tarixdə bağlaşma imzalanmışdır. Ədliyyə kapitanı rütbəsi ilə hərbi hissəyə göndərilmişdir. Kapitan rütbəsində isə 9 ildir ki, xidmət edirdi. Qanunun tələblərinə əsasən ehtiyatdan çağırılan zabitlər ya xidmət dövründə, ya da silahlı qüvvələrin ehtiyatına buraxılan zaman növbəti hərbi rütbə ilə təxris olunmalıdırlar. Qanunun digər məcburi tələbləri kimi bu məcburi tələbini DSX-i icra etməmiş və onun növbəti hərbi rütbəsi verməmişdir. O, bunu öyrəndikdən sonra isə silahlı qüvvələrin ehtiyatına buraxılan zaman “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 65.3-cü maddənin tələblərinə əsasən hansı səbəbə görə ona növbəti rütbənin verilməməsini soruşduqda DSX-nin Kadrlar İdarəsinin şöbə rəisi A.Aslanov tutduğu vəzifənin məsuliyyətinə və qanunun tələblərinə məhəl qoymayaraq “get hara istəyirsən şikayət et bizim öz qanunlarımız var” deməklə tutduğu vəzifədən, daşıdığı məsuliyyətdən və qüvvədə olan qanunvericilik normalarından, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 65.3-cü maddəsindən xəbərsiz olmasını bir daha sübut etmiş oldu. Bununla yanaşı Silahlı qüvvələrdə 15 il 5 ay xidmət keçmiş zabit kimi 15 il qüsursuz xidmətə görə medalı ona təqdim olunmamış və bu barədə ona hər hansı məlumat verilməmişdir. Bütün bu sadalananlar həmin şəxslərin xidməti vəzifələrinə barmaqarası yanaşmasından və onaqarşı münasibətdə onlara həvalə edilmiş vəzifələrin icrasında maraqlı olmamasından xəbər verir. Halbu ki, onun silahlı qüvvələrdə 15-ci xidmət ilim ötən il-2020-ci ilin 24 noyabr tarixində tamam olmuşdur. Bu barədə şəxsi işində butun məlumatlar tam və dəqiq əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2002-ci il tarixli sərəncamına əsasən təsis edilmiş «Silahlı qüvvələrdə qüsursuz xidmətə görə» medalının əsasnaməsində qeyd olunur ki, silahlı qüvvələrdə 15 il qüsursuz xidmət etmiş zabitlərə həmin medal verilir. Verilə bilər yox məhz verilir. Göründüyü kimi ona qarşı DSX-də göstərilən qərəzli münasibətin təzahürü olaraq onun hüquqları kobud surətdə pozulmuş, həmin medal 15 il 5 aydan artıq müddətdə xidmət etməyimə baxmayaraq ona təqdim olunmamışdır. Halbu ki, qanunun həmin tələbinə əsasən onun 15-ci xidmət ilim tamam olan kimi ona bu medal dərhal təqdim olunmalı idi. Eyni zamanda 3 oktyabr 1997-ci il tarixli qanunla təsdiq olunmuş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 161-ci maddəsinə əsasən hərbi qulluqçu ehtiyata buraxılmamışdan 2 ay qabaq ona bir qayda olaraq ehtiyata buraxılacağı barədə xəbərdarlıq edilməlidir. Ona isə heç kim ehtiyata buraxılmağı barədə hər hansı xəbərdarlıq etməyib. Əksinə o, özünün 30.03.2021-ci il tarixli əmr çıxana qədər 2 ay qalmış DSX-nin N nömrəli hərbi hissəsinə 25.01.2021-ci il tarixdə sifarişli poçt vasitə isə məktub göndərərək hərbi xidmətini davam etdirmək niyyətini bildirmişdir. Buna qədər isə 2 dəfə Kadrlar bölməsinə raport versə də həmin sənədlər qeydiyyata alınmamışdır. Silahlı qüvvələrin ehtiyatına buraxılana qədər onunla cəmi 1 dəfə söhbət aparılıb və orada o, hərbi həkim komissiyasının qərarı ilə Bakı şəhərində yerləşən hərbi hissələrdən birində xidmətini davam etdirmək fikrini söhbət vərəqəsində qeyd etmişdir. O, silahlı qüvvələrin ehtiyatına buraxılan zaman hərbi həkim komissiyasından keçmək istəsə də o, DSX-nin HHK-na göndərilməmişdir. Bütün bu sadalananlar onun qanunsuz olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmağını göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddai tələbi üzrə verdiyi izahatında bildirdi ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 22.01.2020-ci il tarixli, 117 ş/h №-li əmrinə əsasən ədliyyə kapitanı hərbi rütbəsi verilməklə DSX-də 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Sərhəd Qoşunlarının N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin 04.08.2020-ci il tarixli 973 ş/h №-li əmrinə əsasən xidməti yeri X10 Artileriya Briqadasına (N №-li h/h) təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə dəyişdirilmişdir. İddiaçı özü 31.08.2020-ci il tarixdə raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin raport qeydə alınmış və İddiaçıla 04.10.2020-ci il tarixdə söhbət aparılmış, İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməzsə Silahlı Qüvvələrdən ehtiyata buraxıması fikirində qəti olduğunu bildirmişdir. Ona görə də barəsində təqdimat verilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin 30.03.2021-ci il tarixli, 626 ş/h №-li əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə, yəni öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı barəsində əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan əlavə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Lakin İddiaçı təyin olunduğu təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı vəzifəsinin ştat üzrə yuxarı həddinin “ədliyyə kapitanı” hərbi rütbəsi olmasını nəzərə alaraq, ona növbəti “ədliyyə mayoru” hərbi rütbəsi mövcud qanunvericiliyin tələblərinə əsasən verilməmişdir. Azərbaycan Respublikası Silahlı X1 İİ fəslinin tələblərinə müvafiq olaraq, komandirlər öz tabeliklərində olan hərbi qulluqçuları yaxşı xidmət göstəricilərinə görə, hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər. İddiaçı xidməti fəaliyyəti hərbi hissə rəhbərliyi tərəfindən müsbət xarakterizə edilmədiyinə görə, həmçinin barəsində təqdimat materialı daxil olmaması səbəbindən ona “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalın verilməsi mümkün olmamışdır. 44 günlük “Vətən Müharibəsi” dövründə İddiaçı döyüşlərə cəlb edilməmişdir. İddiaçının 25 yanvar 2021-ci il tarixli raportu üzrə icraat aparılmamışdır. Belə ki, iddiaçı 03.10.2020-ci il tarixli raporta əsasən ehtiyata buraxılma üçün müraciət etdiyindən onun xidmət etmək niyyəti olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı İnzibatİ Məhkəməsinin 2-1(112)-992/2022 nömrəli, 06.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası “ona DSX tərəfindən növbəti mayor rütbəsi verilməsinə, eyni zamanda DSX-nın MHHK-nın qərarı ilə həmin qurumun Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə ixtisası üzrə (DSX-nın Akademiyası, DSX-nın Hərbi Hospitalı, DSX-nın Sərhəd Nəzarəti) müvafiq vəzifəyə təyin olunmağına, qanunsuz olaraq DSX tərəfindən silahlı qüvvələrin ehtiyatına buraxıldığı 30.03.2021-ci il tarixdən iş üzrə yekun məhkəmə qərarı çıxarılaraq DSX-da müvafiq vəzifəyə bərpa olunacağı tarixədək olan müddətin həqiqi hərbi xidmət müddətinə, mayor rütbəsində xidmət müddətinə, pensiya təyin edilməsi üçün xidmət müddətinə daxil edilməsi vəzifəsinin DSX-ə həvalə edilməsinə, gələcəkdə onun hərbi qulluqçu kimi hüquqlarının DSX tərəfindən yenidən pozulmasının, təkrarən vəzifədən qanunsuz olaraq azad olunmağına yönəlmiş hüquqazidd hərəkətlərin edilməsinin Dövlət Sərhəd Xidmətinə qadağan olunması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Sərhəd Qoşunlarının 7-ci sərhəd dəstəsi (N №-li h/h) üzrə” 22.01.2020-ci il tarixli, 117 ş/h nömrəli əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə könüllü qaydada zabit qismində 1 (bir) il, 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 46-cı maddəsinə müvafiq olaraq İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı attestasiya qaydasında “ədliyyə kapitanı” hərbi rütbəsi və “məxfi” məxfilik dərəcəli dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılış verilmişdir. - Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış 22.01.2020-ci il tarixli Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında bağlaşmanın surətindən görünür ki, İddiaçı 1,6 il müddətində Dövlət Sərhəd Xidmətində N №-li hərbi hissədə xidmət etməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandirinin N №-li, 22 yanvar 2020-ci il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 22.01.2020-ci il tarixli, 117 ş/h əmri əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə könüllü qaydada zabit qismində 1 (bir) il, 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə 22 yanvar 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 46-cı maddəsinə müvafiq olaraq İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı attestasiya qaydasında “ədliyyə kapitanı” hərbi rütbəsi və “məxfi” məxfilik dərəcəli dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılış verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş 97 №-li və 132 №-li göndərişlərdən görünür ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinədə olan X6 “Autizm sindromu” diaqnozu qoyulmuşdur. Bu səbəbdən N №-li hərbi hissənin komandiri tərəfindən X5 atası İddiaçı Bakı şəhərində yerləşən hərbi hissədən birinə xidməti yerinin dəyişdirilməsi üçün göndəriş verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №li h/h) üzrə” 04.08.2020-ci il tarixli, 973 ş/h №-li əmrinin surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı Sərhəd Qoşunlarının 7-ci sərhəd dəstəsi təhqiqathüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Çevik X3 briqadasına təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Əsas kimi Dövlət Sərhəd Xidməti rəisinin müavini-X2 27.06.2020-ci il tarixli, 4/1913m nömrəli vəsatəti qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandirinin N №-li, 15 avqust 2020-ci il tarixli əmrinin lazimi qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 04.08.2020-ci il tarixli, 973 ş/h əmri əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq, Ədliyyə kapitanı İddiaçı Sərhəd Qoşunların 7-ci sərhəd dəstəsi təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Çevik Hərəkət, Qüvvələrin Artilleriya briqadasına təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməsi ilə əlaqədar 15 avqust 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Ədliyyə kapitanı İddiaçı 2020-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2020-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinatının və maddi yardımı alıb, 01 yanvar 2020-ci il tarixdən 15 avqust 2020-ci il tarixədək pul müavinatını 100 % almağa layidir. - Təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı tərəfindən komandir polkovnik-leytenant Füzuli Umarova ünvanlanmış 31.08.2020-ci il tarixli raportdan görünür ki, öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport üzərində dərkənar 01.09.2020-ci ildə, rəsmi qeydiyyatı isə 03.10.2020-ci il tarixdə aparılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №li h/h) üzrə” 14.09.2020-ci il tarixli, 1107 ş/h №-li əmrinin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin 31.08.2020-ci il tarixli, 0056 №-li əmri ilə təsdiq edilmiş təşkilat-ştat dəyişikliklərinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin sərəncamında olan Çevik X3 briqadasında olan ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin olunmuşdur. - C.Abdullayev adına E.T.R.İ tərəfindən verilmiş Seriya SN 00006 № 728713 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, hərbi qulluqçu İddiaçı “Hipertoniya xəstəliyi, Nevrotin” xəstəliyi səbəb ilə 28 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək stasionar müalicə ilə bağlı işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospital Bakı şəhəri tərəfindən DSX İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış 16/1732 №-li, 02.07.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu İddiaçı 10.09.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında kardioloq tərəfindən müayinə olunmuş və “Ürəyin işemil xəstəliyi. Gərginlik stenokardiyası, birinci funksional sinif” diaqnozu qoyulmuşdur. 06-07.10.2020-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının poliklinika şöbəsində cərrah və endokrinoloq tərəfindən müayinə olunmuşdur. 14.10.2020-ci il tarixdən 19.10.2020-ci il tarixədək endokrinoloq tərəfindən müayinə olunmuş, “Çoxduyünlu ur.Autoimmun tireoidit” diaqnozu qoyulmuş, 13.01.2021-ci il tarixədə oftalmoloq tərəfindən müayinə olunmuş, “Mürəkkəb hipermetropik astiqmatizm” diaqnozu qoyularaq ambulator müayinə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X12 N №-li hərbi hissə komandirinin 07.10.2020-ci il tarixli, 0281 №-li əmrindən çıxarışın surətindən görünür ki, təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı 07 oktyabr 2020-ci il tarixdə DSX hərbi hospitalından müalicə və müayinədən qayıtmış hesab edilmişdir. Əsas kimi DSX-Hərbi Hospitalının 07 oktyabr 2020-ci il tarixli, 752 №-li telefonorqamı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X12 N №-li hərbi hissədən təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair aparılan 04.10.2020-ci il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, hərbi hissə komandiri polkovnik-leytenant Füzuli Umarov, Qərərgah rəisi polkovnik Ramil Mehdiyev, Maddi-texniki təminat şöbəsinin rəisi vəzifələrinı icra edən Sadiq Nəsıbov, Şəxsi heyət üzrə şöbənin rəisi vəzifələrini müvəqqəti icra edən mayor Elşad Əhmədov və Kadrlar bölməsinin rəisi vəzifələrini icra edən leytenant Vüqar Niftiyev tərəfindən 04.10.2020-ci il tarixdə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı ilə 03 oktyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair yazmış olduğu raport əsasında söhbət aparılmışdır. Söhbətin əvvəlində ədliyyə kapitanı İddiaçı hərbi hissəyə gəldiyi ilk günlərdə hansı səbəbdən bu qənaətə gəlməsi barədə soruşuldu. O, N №-li hərbi hissədə xidmət etdiyi zaman övladının səhhəti ilə əlaqədar 01.03.2020-ci il tarixdə 97 №-li göndəriş əsasında Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildiyini və onun övladı X6 20.03.2020-ci il tarixli, 744 №-li arayışa əsasən “uşaq autizmi” diaqnozu qoyulduğunu demişdir. Həmin hərbi hissənin kadrlar bölməsinin bildirməsinə görə bu arayışın xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi üçün kifayət etməməsı səbəbindən təkrar göndərişlə xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi qeyd edilməklə 03.05.2020-ci il tarixdə 132 №-li göndəriş əsasında yenidən şəhadədləndilməsi üçün Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının Mərkəzi Hərbı Həkım Komissiyasına göndərildiyini bildirmişdir. Həmin göndərişin əsasında xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinin qərara alındığını, lakin bütün bunlara baxmayaraq xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə yox, Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N №-li hərbi hissəyə dəyişdirildiyini demişdir. Bu halın isə onun autizm xəstəsi olan övladının müalicə etdirmək imkanlarını məhdudlaşdırdığını söyləmişdir. Xidməti yeri dəyişdirildiyi hərbi hissənin Bakı şəhərindən uzaqda yerləşdiyı üçün ona gəlib-getmənin maddi imkanlarının xaricində olmasını demişdir. Ədliyyə kapitanı İddiaçı həm də uzun müddətdir bölmədə zabit vəzifəsində xidmət etdiyini, bu səbəbdən növbəti rütbəsini ala bilmədiyindən şikayətlənmişdir. Hərbi hissəyə gəldiyi ilk vaxtlarda Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə raport yazması və bu fikrində qəti durmasının onun hərbi hissə rəhbərliyi tərəfindən vəzifədə irəli çəkilməsinə maneə olması ədliyyə kapitanı İddiaçı nəzərınə çatdırıldı. Ədlıyyə kapitanı İddiaçı “əgər xidməti yeriniz dəyişilmədən vəzifədə irəli çəkilərsinizsə xidmətinızı davam etdirərsinizmi” sualını “xeyr-fikrim qətidir, mənim övladım xəstədir, əgər xidməti yerim Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilərsə xidmətimi davam etdırərəm" deyə cavablandırılmışdır. Söhbət zamanı Dövlət Sərhəd Xidmətinin bu günkü inkişafı, Dövlət Sərhəd Xidməti rəhbərliyinin zabit-gizir heyətinə diqqət və qayğısı, həmçinin zabit-gizir heyətinin məişət şəraitinin günü-gündən yaxşılaşdırılması ədliyyə kapitanı İddiaçı nəzərinə çatdırıldı. Ədliyyə kapitanı İddiaçı bunun aydın şəkildə göründüyünü dedı, övladının səhhəti ilə əlaqədar xidməti yerinin Bakı şəhərinə dəyişdırilməsini xahış etdı və əgər xidməti yeri Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyışdirilməzsə Silahlı Qüvvələrın ehtiyatına buraxılması fikrində qəti olduğunu bildirirmişdir. Həmin söhbət vərəqəsinə əsasən ədliyyə kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Söhbətin sonunda ədliyyə kapitanı İddiaçı onunla aparılan səmimi söhbətdən razı qaldığını dedi. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X12 N №-li hərbi hissəsinin komandiri tərəfindən verilmiş 04.10.2020-ci il tarixli təqdimatın surətindən görünür ki, ədliyyə kapitan İddiaçı 17 avqust 2020-ci il tarixdən N №-li hərbi hissədə xidmət etmiş, hərbi hissədə xidmətə başladığı ilk günlərdə 10 (on) gün ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə buraxılmış, 10 sentyabr 2020-ci il tarixdən hal-hazıradək Dövlət Sərhəd Xidməti Hərbi Hospitalında müalicə almışdır. Bundan başqa qeyd olunmuşdur ki, hərbi hissədə xidmətdə olduğu qısa müddət ərzində özünü müsbət cəhətdən göstərə bilməmiş, hərbi hissəyə gəldiyi ilk günlərdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün müraciət etmiş, ailə vəziyyətindəki problemlərin (övladının xəstəliyi) onun xidmətinə mənfi təsir etdiyini bildirmiş, Silahlı Qüvvələrin ehtiyatına buraxılmayacağı halda xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol veriləcəyi barədə məruzə etmiş, hərbi hissənin kadrlar bölməsinə tez-tez yaxınlaşaraq Bakı şəhərindən kənarda yerləşən hərbi hissələrdə xidmət etməyin maddi vəziyyətinə mənfi təsir etdiyini bildirmiş, etdiyi müraciətlə bağlı söhbət aparılması təklif edilsə də buna ehtiyac olmadığını, ailə üzvləri ilə məsləhətləşdiyini, fikrinin qəti və dəyişmız olduğunu bildirmişdir. Bununla da, hərbi hissə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmamış, ona tutulan iradları səmimi qəbul etməmiş, nizamnamələrin tələblərinə və subardinasiya qaydalarına rıayət etməmişdir. Artilleriya Briqadası (N №-li h/h) Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifəsində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün təqdim edilmişdir. - Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı, ədliyyə kapitanı İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 25 yanvar 2021-ci il tarixli raportun surətindən görünür ki, əvvəllər xidmət etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 19.03.2012-ci il tarixli, 93-K nömrəli əmrə əsasən ona ədliyyə kapitanı rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 04.01.2020-ci il tarixli əmrinə əsasən silahlı qüvvələrin ehtiyatından ədliyyə kapitanı hərbi rütbəsi ilə həqiqi hərbi xidmətini davam etdirmək üçün xidmətə qəbul edilərək Zaqatala sərhəd dəstəsinə hüquqşünas-təhqiqatçı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq olunmuş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə hərbi rütbədə olma müddəti başa çatdıqda (ehtiyatda olduğu zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir. Həmin Əsasnamənin 42-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı nəticələr göstərmiş, hərbi intizamın möhkəmləndirilməsində xidməti olmuş hərbi qulluqçulara əvvəlki hərbi rütbədə müəyyən olunmuş xidmət müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Hərbi rütbənin verilməsinin hərbi qulluqçuda hərbi xidmətə stimul yaratmaq məqsədi daşımasını, ədliyyə kapitanı rütbəsində artıq 9 ildir ki, xidmət etməyini, eləcə də, xidmət yerinin gələcəkdə dəyişdirilməsi ilə bağlı həqiqi hərbi xidmətini davam etdirmək niyyətimi nəzərə alaraq ona növbəti ədliyyə mayoru rütbəsinin verilməsi üçün Azərbaycan Respublikası Silahlı X1 117-ci maddəsinə əsasən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir. Həmin raport 18.02.2021-ci il tarixdə R-238 nömrə ilə rəsmi olaraq qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №li h/h) üzrə” 30.03.2021-ci il tarixli, 626 ş/h №-li əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşunas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Ədliyyə kapitanı: İddiaçı 01 mart 2021-ci il tarixə xidmət illəri 15 il 03 ay 03 gün təşkil edir. Əsas kimi X12 Komandanın 06.10.2020ci il tarixli, 4/1577 m №-li vəsatəti qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkəti Qüvvələri N №-li hərbi hissə komandirinin N №-li, 29 aprel 2021-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşunas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş hesab edilmişdir. 01 yanvar 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək birdəfəlik pul müavinəti 100 % almağa layiqdir. 29 aprel 2021-ci il tarixədək xidmət illəri – 15 (on beş) il 05 (beş) ay 01 (bir) gün. Əsas kimi Dövlət Sərhəd Xidməti rəisinin 30 mart 2021-ci il tarixli 626 ş/h №-li əmr göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə bölməsinin 06.12.2021-ci il tarixli raportunun surətindən görünür ki, sabiq hərbi qullquçu İddiaçı ÇHQnin N nömrəli hərbi hissəsində xidmət etdiyi dövrdə 23.11.2020-ci il tarixli, 1151 №-li ezamiyyət vəsiqəsi üzrə 247,00 manat, 30.11.2020-ci il tarixli, 1170 №-li ezamiyyət vəsiqəsi üzrə 559,00 manat, 18.12.2020-ci il tarixli, 1200 №-li ezamiyyət vəsiqəsi üzrə 91,00 manat, 14.01.2021-ci il tarixli, 42 №-li ezamiyyət vəsiqəsi üzrə 481,00 manat, ümumi 1378,00 manat ezamiyyət xərci 24.06.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən 22.01.2020-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmişdir. Bundan sonra iddaçının oğlunun xəstəliyi (Autizm sindromu) ilə əlaqədar N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş göndəriş əsasında iddiaçının xidməti yeri Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Bundan sonra iddiaçı 31.08.2020-ci il tarixdə hərbi hissə komandirinə raport ünvanlayaraq öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. 04.10.2020-ci il tarixli söhbət vərəqəsinə və həmin tarixli hərbi hissənin təqdimatına əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlət) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Cavabdeh 30.03.2021-ci il tarixli, 626 ş/h üzrə əmr ilə “Hərbi xidmətkeçmə haqqındaƏsasnamə” nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu) əsaslanaraq iddiaçını hərbi xidmətdən ehtiyyata buraxmışdır. Əmrin qəbul edilməsinə əsas kimi isə X12 Komandanın 06.10.2020-ci il tarixli, 4/1577 m №-li vəsatəti olmasını göstərmişdir. İddiaçı hazırda sözügedən əmri mübahisələndirir və bu halı onunla əsaslandırır ki, 31.08.2020-ci il tarix raport onun tərəfindən yazılsa da, sonradan fikrini dəyişmiş və bu barədə hərbi hissə komandiri Füzuli Umarova bildirdikdə, sonuncu raportu cırıb atdığını bildirdiyindən xidmətinə davam etmişdir. Onun xidməti yerin dəyişdirilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli müraciəti (raportu) nəzərə alınmamış, onunla 04.10.2020-ci il tarixdə deyil, mübahisələndirilən əmrin verilməsindən 1-2 gün əvvəl söhbət aparılmışdır. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 156-cı bəndinin j) yarımbəndinə əsasən öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. - 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. - 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, hərbi qulluqçu ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, o, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalıdır. Hazırki işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 31.08.2020-ci il tarixli raportu 03.10.2020-ci il tarixdə rəsmi olaraq qeydiyyata alınmışdır. İddiaçı “Hipertoniya xəstəliyi, Nevrotin” xəstəliyi səbəbi ilə 28 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək stasionar müalicədə olmuş və hərbi hissə komandirinin 07.10.2020-ci il tarixli, 0281 №-li əmrinə əsasən 07 oktyabr 2020-ci il tarixdə DSX hərbi hospitalından müalicə və müayinədən qayıtmış hesab edilmişdir. Bundan əlavə 04.10.2020-ci il tarixində aparılması qeyd olunmuş söhbət buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı (qanunvericilikdə nəzərdə tulmuş ikinci söhbətə uyğun) aparılmışdır. Göründüyü kimi cavabdeh iddiaçı ilə aparılan söhbətin və bu söhbətin rəsmiləşdirilməsini təsdiq edən söhbət vərəqəsinin 04.10.2020-ci il tarixə aid olduğunu, bu söhbət vərəqəsi əsasında hərbi qulluqçu tərəfindən öz xahişi ilə ehtiyata buraxılması ilə bağlı mülahizələr irəli sürsə də, məhkəmənin qənaətinə görə həmin anda iddiaçının əmək fəaliyyəti qabiliyyəti olmaması müvafiq sənədlər ilə təsdiq edildiyindən, 04.10.2020-ci il tarixdə iddiaçı ilə söhbətin aparılması qeyri-mümkündür. Bundan əlavə iddiaçının 31.08.2020-ci il tarixli raportunun həmin ərəfədə deyil, 1 aydan artıq müddət keçdikdən sonra - 03.10.2020-ci il tarixdə qeydiyyata alınmasının üzrlü səbəbləri barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2280 nömrəli, 28.09.2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 186-cı maddəsinə əsasən səfərbərlik elan edildikdə: a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi qulluqçular tərəfindən tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar; b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa (bu Əsasnamənin 119cu maddəsi), habelə ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə qayıtmağa borcludurlar; v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların dəyişdirilməsi dayandırılır; q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində göstərilən müddət ərzində məntəqələrə gəlməlidirlər; d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə təyin edilmiş hərbi qulluqçular, habelə hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar. Səfərbərliklə əlaqədar göstərilmiş məntəqələrə vaxtında gəlməyən hərbi vəzifəlilər, vətəndaşların bu çağırış məntəqələrinə vaxtında gəlmələrinə mane olan idarə, müəssisə və təşkilatların, o cümlədən təhsil müəssisələrinin vəzifəli şəxsləri və başqa vəzifəli şəxslər, habelə üzürlü səbəblər olmadan məzuniyyətlərdən və ezamiyyətlərdən öz xidmət yerlərinə qayıtmayan hərbi qulluqçular müharibə dövrünün qanunları ilə məsuliyyət daşıyırlar. Bundan əlavə İddiaçı buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi və ya hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibətinin öyrənilməsi ilə bağlı sübutlar da cavabdeh inzibati orqan tərəfdən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının ehtiyata buraxılması barədə yuxarıda göstərilən tələblərə əməl etdiyini, inzibati icraatın aparılması ilə bağlı pozuntuya yol vermədiyini iddia etsə də, məhkəmə tərəfindən işə baxılarkən yuxarıda göstərilən tələblərə əməl etməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Əksinə ehtiyata buraxılmanın əsasında yalnız bir söhbət vərəqəsinin olduğunu, həmin söhbətin isə iddiaçının xəstəliyi səbəbi ilə aparılmasının mümkün olmaması müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə uyğun qəbul edilmədiyində və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, iddiaçının həmin inzibati orqana qarşı “əmrin ləğvi və həqiqi hərbi xidmətə bərpa” ilə bağlı irəli sürdüyü tələb əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “DSX tərəfindən silahlı qüvvələrin ehtiyatına buraxıldığı 30.03.2021-ci il tarixdən iş üzrə yekun məhkəmə qərarı çıxarılaraq DSX-də vəzifəyə təyin olunacağı tarixədək olan müddət üçün müvafiq aylar üzrə aylıq pul təminatının hesalanaraq birdəfəlik şəkildə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsinin müddəaları şamil edilməsə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci bəndində nəzərdə tutulur ki, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. Göründüyü kimi həmin norma məcburi xidmətindən buraxılmaya görə hərbi qulluqğunun bərpa olunarkən əvvəlki dövr üzrə əmək haqqının ona ödənilməsini ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkəti Qüvvələri N №-li hərbi hissə komandirinin N №-li, 29 aprel 2021-ci il tarixli əmri ilə təhqiqat bölməsinin hüquqşunastəhqiqatçısı vəzifəsindən azad olunmaqla 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, onun xidməti illəri 29 aprel 2021-ci il tarixədək hesablanmış, pul mükafatı isə həmin tarixədək ödənilmişdir. Belə halda məhkəmə hesab edir ki, iddiaçı 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarıldığından, iddiçıya ödənilən pul təminatı və nəzərə alınmış təqdim illəri 29 aprel 2021-ci il tarixədək hesablandığından, ona həqiqi hərbi xidmətə bərpa olunanadək aylıq pul təminatının ödənilməsi 29 aprel 2021-ci il tarixdən etibarən həyata keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin 626 ş/h №-li, 30.03.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X3 briqadası (N №-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, 29.04.2021-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 626 ş/h №-li, 30.03.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X3 briqadası (N №-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, 29.04.2021-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-992/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-992/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver