Məhkəmə qərarları › İş №2-1(112)-992/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-992/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-992/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil1, üçüncü şəxs X15 vəkili və nümayəndəsi “LCG” vəkil bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı X19, X16, X6 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla qərarın ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarının onun hüquqlarını (Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 78b saylı qərarını) pozduğu hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, yəni İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 78 b saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 103 saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv. metr ölçüdə torpaq sahəsi hər kv. metr üçün 25.000 manat ödənilməklə müvafiq cizgi ilə mülkiyyətinə ayrılmış və müvafiq müqavilə bağlanılmışdır. Həmin torpaq sahəsi müvafiq situasiya planında cizgilənərək dəqiq sərhədləri və konturları müəyyən edilmişdir. Torpaq sahəsinin dəyəri tərəfindən tam ödənilmişdir. Bu illər ərzində həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almasa da, faktiki olaraq onun istifadəsində olmuşdur. Onun həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməyə gözlənti hüququ mövcuddur. Lakin bir neçə vaxt əvvəl sözügedən torpaq sahəsində, X19 tərəfində tikinti işlərinin apardığını görmüş, dərhal məsələ ilə maraqlanmış və nə üçün onun torpaq sahəsində onun icazəsi və razılığı olmadan tikinti işləri apardığını soruşmuşdur. İlham Əzizov ona 02 aprel 2019-cu il il tarixli ilkin alqı-satqı müqaviləsi əsasında 400 kv. metr ölçüdə olan torpaq sahəsini X16 tərəfindən X1, daha sonra X7 adına ********** qeydiyyat nömrəsi ilə 0.04 ha torpaq sahəsinə Dövlət reyestrindən Çıxarışın verildiyini qeyd etmişdir. Bundan əlavə, ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 103 saylı yaşayış binasının yaxınlığında yerləşən 400 kv. metr ölçüdə torpaq sahəsinin başqa şəxsə ayrılması barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı vardır. Həmin qərar əsasında X7 adına ********** qeydiyyat nömrəsi ilə 0.04 ha torpaq sahəsinə Dövlət reyestrindən Çıxarış verilmişdir. İcra prosesi zamanı ona məlum olmuşdur ki, sözügedən torpaq sahəsi X15 xüsusi mülkiyyətinə keçmiş və ona da ********** qeydiyyat nömrəsi ilə Dövlət reyestrindən Çıxarış verilmişdir. Göründüyü kimi, digər şəxslər ona məxsus 100 kv. metr sahəni də qeyri-qanuni zəbt edərək özlərinə məxsus torpaq sahələri ilə birləşdirmiş, qanunsuz çıxarış əldə etmişlər. Buna da əsas səbəb Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarının ona məxsus torpaq sahəsinə aid olan qanunsuz hissəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixli 2-1(112)- 7814/2022 saylı qərardadı ilə X19, X16, X6 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 aprel 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxslərin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxslər X16, X6 və X11 müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X15 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları.

İş materiallarında olan; Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1950-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin: - 17 may 2004-cü il tarixli 14 saylı ümumi iclasının protokoldan çıxarışdan müəyyən olunur ki, Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi, 13 saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv. metr torpaq sahəsi vətəndaş İddiaçı Museyib oğluna icarə əsasında ayrılmışdır. - 17 may 2004-ci il tarixli, 78 b nömrəli “Vətəndaş İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarı ilə Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi, 13 saylı yaşayış binasının yaxınlığında sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə 100 kv. metr torpaq sahəsinin əlavə edilmiş çizgiyə uyğun olaraq (hər kv-m üçün 25.000 manat ödəmək şərtilə) vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. - “Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 17 may 2004-cü il tarixli, 86 nömrəli müqavilədən müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri X13 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi 103 saylı yaşayış binasının yaxınlığında 100 kv. metr torpaq sahəsi sahibkarlıq fəailiyyətilə məşğul olmaq üçün 25.000 manat ödəmək şərti ilə İddiaçı satılmışdır. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş, satıcı X16 ilə alıcı X6 arasında bağlanılmış, xx.xx.2019-cu il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin surətindən müəyyən olunur ki, tərəflər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 08 nömrəli Qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cü mkr. M.Cəlal küçəsi, 103 saylı binanın yaxınlığında yerləşən 400 kv.m torpaq sahəsinə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********39 №-li xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “vətəndaş X2 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 08 №-li, xx.xx.2007-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, 9-cu mkr., M.Cəlal küçəsi, 103 saylı binanın yaxınlığında 400 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X8 mülkiyyətinə (hər kv.m üçün YAM ilə 10 manat köçürmək şərtilə) verilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə X16 arasında 9-cu mkr., M.Cəlal küçəsi, 103 saylı binanın yaxınlığında 400 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 05 №-li, 17 yanvar 2007-ci il tarixli müqavilə bağlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 563687 №-li çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** № ilə X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 893 nömrəli reyestr kitabının 84649 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, X16 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsini X3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 563687 №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 893 nömrəli reyestr kitabının 84649 nömrəli vərəqində X7 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın alqı satqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X12 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini alqı-satqı əsasında X4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X15 adına ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə AA seriyalı 594075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X18 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1767 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 78 b nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılması qərara alınmış və Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi, 13 saylı yaşayış binasının yaxınlığında yerləşən 100 kv. metr torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş cizgisində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə qeyd olunmadığından həmin torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 №-li qərarı ilə X8 mülkiyyətinə ayrılması qərara alınmış 9-cu mkr., M.Cəlal küçəsi, 103 saylı binanın yaxınlığında 400 kv.metr torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin “vətəndaş X2 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli 08 №-li qərarı ilə X8 mülkiyyətinə ayrılması qərar alınmış 9-cu mkr, M.Cəlal küçəsi, 103 saylı binanın yaxınlığında 400 kv.metr torpaq sahəsi faktiki vəziyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla, xüsusi mülkiyyət hüququ ilə X15 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 78 b nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılması qərara alınmış və Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi, 13 saylı yaşayış binasının yaxınlığında yerləşən 100 kv. metr torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş cizgisində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə qeyd olunmadığından həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X18 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 2.1 Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətlər. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-). 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa “Əlavə”də Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Binəqədi rayonu ((aşağıda göstərilən bələdiyyələrin əraziləri çıxmaqla) Biləcəri bələdiyyəsi - Biləcəri qəsəbəsi; Binəqədi qəsəbə bələdiyyəsi - Binəqədi qəsəbəsi; Xocəsən bələdiyyəsi - Xocəsən, 28 May və Sulutəpə qəsəbələri; M.Ə.Rəsulzadə bələdiyyəsi - M.Ə.Rəsulzadə qəsəbəsi) aid edilmişdir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.1. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 11. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Məhkəmənin mövqeyi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh orqanın qəbul etdiyi qərar həm formalhüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. Bu zaman mübahisələndirilən qərarla iddiaçının qanunla qorunan hüquq və mənafelərinin pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. “İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər və üçüncü şəxslər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar