Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-992/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, X1 və qeyriləri) qarşı “çıxarışın verilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə Yasamal Rayon İcra Hakimiyyəti, X1 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 3/8 hissəsi vərəsəlik qaydasında onun xüsusi mülkiyyətindədir. Faktiki ona məxsus olan evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. 27 saylı ünvanda yerləşən torpaq sahəsi 162,8 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, məhkəmə hesab edir ki, iddia pulun tutulması və maddi zərərin ödənilməsinin tələb edilməsinə münasibətdə də mümkünlük şərtini ödəməkdədir. Belə ki, məhkəmə hesab edir ki, həmin tələblə bağlı ayrıca iddianın qaldırılması zərurəti mövcud deyildir. Həmin tələb AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia olmamaqla, AR İPM-nin 34.1-ci maddəsində nəzərdə tutulmuş kompensasiya tələbinə dair iddiadır. Həmin maddənin tələbinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddiadan da görünür ki, iddiaçı mülkiyyət hüququna dair qeydin-yəni ümumi hüquqi öhdəliyin edilməsinə münasibətdə pozulmasına istinadla maddi zərərərin və pulun ödənilməsini tələb edir. Göründüyü kimi həmin tələbetmə ümumi hüquqi öhdəliklə əlaqədardır və öhdəliyin icrası növündə iddia ilə birlikdə istənilə bilər. Odur ki, ayrıca müraciət zərurəti mövcud deyildir. Zərurətin olmaması isə, ümumi hüquqi öhdəliyin pozulması müəyyən edilmədən həmin kompensasiya tələb edilməsi iddiasının əhəmiyyətinin olmaması ilə əlaqədardır ki, həmin tələblə birlikdə baxılmasının mümkünlüyü də bir-biri ilə əlaqəsindən irəli gəlir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, Yasamal rayonu X7 küçəsi ev 27 ünvanda yerləşən torpaq sahəsi sovetski layihəsinin əhatə etdiyi və hazırda ölçü-inventarlaşdırma işlərinin aparıldığı əraziyə düşür. Dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan həmin ərazidə yerləşən torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmir. Qeydiyyat vəsiqəsindən görünür ki, Yasamal rayonu X7 küçəsi ev 27 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı və üçüncü şəxslərin paylı mülkiyyətindədir. Çıxarışdan görünür ki, adıçəkilən fərdi yaşayış evinin torpaq sahəsi dövlət mülkiyyətindədir, ölçüsü 0,00891 kv.m olmaqla iddiaçı və üçüncü şəxslərin paylı mülkiyyətçi kimi istifadəsindədir. Texniki pasportdan görünür ki, faktiki istifadə olan torpaq sahəsi isə 0,1119 kv.m təşkil edir. Yasamal Rayon İcra Hakimiyyətinin 05 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddia olunan ərazinin layihə ərazisinə düşməsi Bakı şəhərinin təsdiq edilmiş Baş Planında öz əksini tapmışdır. Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarında Mirzəağa Əliyev küçəsi ərazisində olan yerlər də nəzərə alınmaqla yaşayış sahələrinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar dövlət ehtiyacları üçün alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun yaranmasının əsasında çıxarış dayansa da, topraq sahəsinə mülkiyyət bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı hissəyə münasibətdə mülkiyyət hüququna malik olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı ünvan 1 fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona çıxarış verilməsini tələb edir. İddia ərizəsindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 162.8 kv.m olaraq göstərilmişdir. Lakin, mülkiyyət hüququna dair qeyddə göstərilən torpaq sahəsi xüsusi mülkiyyətdə olmayan 0,00891 kv.m olan torpaq sahəsidir ki, fərdi yaşayış evinə dair texniki pasportda göstərilən torpaq sahəsinin faktiki ölçüsü belə 0,01119 göstərilməklə, iddia ərizəsində göstərilən və mülkiyyət hüququnun dövlət qeydiyyatının alınması tələb edilən sahə göstəricilərinə uyğun gəlmir. Digər tərəfdən uyğun gəlsə belə, həmin hal iddianın təmin edilməsinə əsas vermir. Belə ki, iddia olunan torpaq sahəsi ümumi paylı istifadədə olan torpaq sahəsidir və həmin torpaq sahəsinin bir payçının mülkiyyətinə verilməsinə və ya hər payçının ayrıca torpaq sahəsinin paylı mülkiyyət payına uyğun hissəsinin verilməsinə münasibətdə bölgü sxemin tərtibi, notariat qaydada razılıq ərizələrinin verilməsi mütləqdir. Həmin bölgü sxem və ya notariat ərizələrin inzibati icraat materiallarında mövcudluğu müəyyən edilmir. Nəzərə alınmalıdır ki, payçıların üçüncü şəxs qismində qoşulmaqla iddia ərizələrinə münasibət bildirməklə iddianın təmin edilməsini istəməsi də, həmin bölgü sxem və ya razılıq ərizələrinin mülkiyyət hüququna dair qeydin inzibati icraat çərçivəsində tələb edilsə də, təqdim edilməli olması halını dəyişdirmir. Belə ki, torpaq sahəsinin bütövlükdə iddiaçının adına keçirilməsi, yoxsa paya uyğun hissədə keçirilməsinə münasibətdə üçüncü şəxslərin inzibati icraatda iştirakı müəyyən edilməmiş, bütövlükdə verilmə istənilirsə, notariat qaydada təsdiq edilmiş bütün payçıların razılıq ərizəsi, paya münasibətdədirsə buna dair bölgü sxem və digər aidiyyəti sənədlər tərtib edilməmişdir. Mülkiyyət hüququna dair qeydin aparılması zamanı göstərilən sənədlərin təqdim edilməsi zəruridir ki, bölgü sxem və ya notariat ərizə olmadan ümumi paylı istifadədə olan sahənin bir payçının paylı mülkiyyətinə verilməsinə həmin sənədlər təqdim edilmədən cavabdeh tərəfindən realizə imkanı istisna edilir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumi paylı mülkiyyətdə olan sahə fərdi yaşayış evidir, torpaq sahəsinə isə istifadə hüququ qeydə alınmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququnun bütün payçılar tərəfindən tanınmasının tələb edilməsi həyata keçirilmədən, istifadədə olan hüquqi payçılardan birinin öz adına bütünlükdə və ya qismən mülkiyyət hüququ kimi realizəsi istisna edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan mülkiyyət hüququna dair qeydə dair qovluqda mövcud çıxarışda 7 nəfər paylı mülkiyyətçinin adı çəkilmişdir. Həmin paylı mülkiyyətçilərdən X2 payı ilə əlaqədar isə hər hansı razılıq alındığı müəyyən edilmir. Doğrudur inzibati icraatda bölgü sxemi və ya razılıq ərizəsini əvəz etməsə belə, həmin payla əlaqədar məhkəməyə hər hansı ərizə ünvanlanmamışdır. Digər tərəfdən iddiaçı dövlət ehtiyacları ilə əlaqədar meyarın mülkiyyət hüququna dair qeydə aidiyyəti olmaması, bununla əlaqədar Ali Məhkəmənin qərarını məhkəməyə təqdim etmişdir, lakin nəzərə almamışdır ki, həmin qərarda olan mövqe dövlət ehtiyacları üçün alınma və sökülmə barədə mötəbər sübutun təqdim edilməməsi ilə əlaqədar olmuş, hazırkı işin faktiki halları isə fərqli olmuş, Yasamal Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və sorğuya cavab məktubu ilə də müəyyən edilmişdir ki, təsdiq edilmiş Baş Plana və digər aidiyyəti sübutlara əsasən göstərilən ərazi dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan sahə daxilindədir və üçüncü şəxs dövlət ehtiyacları üçün alan orqan qismində çıxış edir. Odur ki, iddiaçının təqdim etdiyi qərarda tələb edilməsi zərurəti vurğulanan mötəbər sübutlar, hazırkı işdə mövcud olmuş, Baş Plana əsasən küçənin adıçəkilən layihə çərçivəsinə düşdüyü öz təsdiqini tapmış, həmin hal sübut edilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın aparılmamasına yönələn cavabdehin mövqeyi ümumi hüquq öhdəliklərin pozulması ilə nəticələnməmişdir ki, göstərilən səbəbdən pul və zərərin ödənilməsinə yönələn iddia da təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov