Məhkəmə qərarları › İş №2-1(112)-9923/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9923/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9923/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü ildə Azərbaycan Respublikasının Hacıkənd qəsəbəsində anadan olub. 16.09.1985-ci ildə Xanlar Mərkəzi rayon Xəstəxanasının Köşkü kəndində yerləşən məntəqədə xadiməçi kimi əmək fəaliyyətinə başlayıb. 15 iyul 1989-cu ildə Köşkü KMM-nin kiçik tibb işçisi vəzifəsinə keçirilərək 03 aprel 2003-cü ilə kimi işləyərək öz ərizəsilə işdən azad edilib. 1984-cü ildə X6 ilə rəsmi nikah bağlayaraq bir təsərrüfatı idarə edib. Bu nikahdan 5 qız uşağı anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə 2,70 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Bu halı Azərbaycan Respublikası Torpağın Mülkiyyət hüququna dair JN-122 kod 50803028 Dövlət Aktı təsdiq edir. O və ailə üzvləri mülkiyyətlərinə verilmiş 2,70 ha torpaq sahəsində kənd təsərrüfatı məsullarının istehsalı ilə məşğul olaraq əmək fəaliyyətimi davam etdirib. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafıyə Fonduna Seriya Çil 205332 saylı mədəxal qəbzi ilə məcburi dövlət sosial sığorta haqqı ödəyib. Ümumilikdə 36 il əmək stajı mövcuddur. Lakin onun kənd təsərrüfatı məsullarının istehsalı ilə işlədiyi dövrləri əmək stajına əlavə kimi hesablanmayıb. Bunan başqa, o, 5 uşaq anasıdır, buna görədə ona güzəştlər edilmir. Bu göstərdiklərini nəzərə alaraq ona pensiya təyinatı aparılmasını xahiş edib. Cavabdeh qurum həmin təyinatı aparmaqdan imtina etmişdir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 13.07.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01.07.2020-ci il tarixindən 30.06.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 13.07.2009-cu il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçasının surətinə əsasən sizin ümumi sığorta stajı 17 il 6 ay 17 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapitalı 12673,00 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, ona 01.01.2020-ci il tarixindən çoxuşaqlı qadın kimi yaşa görə müavinət təyin olunmuşdur.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. ASSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci müddəasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına görə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən 25 illik sosial sığorta stajına qarşı 17 il 6 ay 17 gün sosial sığorta stajı mövcuddur. Həmçinin, tələb olunan 28800 manat pensiya kapitalına qarşı vətəndaşın X2 X16 Sistemində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12673,00 manat məbləğində pensiya kapitalı mövcuddur. Bu səbəbdən də vətəndaşa pensiya təyin edilməsi qaunvericiliyə ziddir. Bundan əlavə, vətəndaş 2008-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün tərəfimizdən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 21.10.2021-ci il tarixli, **********9 nömrəli sorğu verilmişdir. Departamentin 11.11.2021 tarixli **********2 nömrəli cavab məktubunda Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə olunan məlumatlar əsasında sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatlarında İddiaçı (FİN: xxxxxxx) xeyrinə 2008-ci il üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların qeydə alınmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci bədinə əsasən 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddənin məzmununda qeyd edildiyi kimi vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı həmin tarixədək ödənilmədiyi üçün və fərdi hesabında heç bir ödəniş qeydə alınmadığı üçün vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin edilə bilməz. Təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

5. Cavabdeh qurum tərəfindən təqdim edilmiş fərdi şəxsi hesab haqqında məlumata əsasən, “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatlarında İddiaçı (FİN: xxxxxxx) xeyrinə 2008-ci il üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar qeydə alınmamışdır.

6. Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının Aşıqlı Kənd İnzibati Ərazi X13 tərəfindən İddiaçı verilmiş arayışa əsasən müəyyən olunur ki, o həqiqətən Göygöl rayonun Aşıqlı kəndində yaşayır. Heç bir yerdə işləmir, adları göstərilən uşaqları özü doğmuş və 8 yaşadək tərbiyə edib. Ailə tərkibi aşağıda adları qeyd olunanlardan ibarətdir: qızı:Məmmədova (Allahverdiyeva) Əfsanə Allahverdi qızı. qızı-Yusibova ( Allahverdiyeva) Sevinc Allahverdi qızı. qızı:Xıdırova (Allahverdiyeva) Vəfa Allahverdi qızı. qızı:X7. qızı: Heydərova (Allahverdiyeva) Türkan Allahverdi qızı.

7. Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xanlar rayonu Köşkü kənd sakini X3 və ailə üzvləri İddiaçı, X1, Allahverdiyeva) Sevinc Allahverdi qızına, X4, X5 Xanlar rayon Aqrar İslahat Komissiyasının 03.11.1997-ci il tarixli 16 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,7 ha torpaq sahəsi ayrılmışdır.

8. Əsli məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xanlar rayon şöbəsi tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqqı üçün 21.07.2018-ci il tarixli Seriya ÇİL №205332 mədaxil qəbzinə əsasən X6 tərəfindən 2008-ci il üçün Köşkü kəndində yerləşən torpaqla bağlı 30 manat sosial sığorta haqqı ödənmişdir.

9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi bildirdi ki, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinədək sığorta altsistemində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair hər hansı məlumat yoxdur.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X2 sistemi vasitəsilə həyata keçirilir.

16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

17. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

24. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və 5 uşağı özü doğub 8 yaşınadək tərbiyə etmiş anadır.

25. İddiaçının əmək kitabçasına əsasən, 16.09.1985-ci il tarixdə əmək fəaliyyətinə başlayıb, 03.04.2003-cü il tarixə qədər əmək fəaliyyəti olub, 01.01.2006-cı ildən sonrakı dövr üçün mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqqı ödənilib. Həmin mədaxil qəbzinin əsli məhkəmə iclasında tədqiq edilib.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxildir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

27. İddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı 17 il 6 ay 17 gündür. İddiaçının əri (X6) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır.

28. Məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə (əri və beş uşağı) kənd təsərrüfatına yararlı torpaq sahəsinə malikdirlər. İddiaçının ərinin (X6) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Nəticədə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

30. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar