Məhkəmə qərarları › İş №2-1(112)-9927/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9927/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9927/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Adi cəlb edilmiş üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh (adi cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “övladlarının ata adının dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək X3 və X6 doğum haqqında akt qeydlərində ata adının “Emin”-dən “Aydın”a dəyişdirilməsi öhdəliyinin cavabdeh 5 saylı Bakı Cavabdehnə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X5 və X6 anasıdır. Övladlarının ata adları onun öz razılığı əsasında yazılmışdır. Lakin hazırda halda o uşaqlarının qanuni nümayəndəsi olaraq onların ata adlarının dəyişdirilməsinə zərurətin olduğunu hesab edir. Belə ki, “Emin” adlı şəxsin uşaqlarının ataları olmasına dair atalığın müəyyən olunması barədə şəhadətnamə mövcud deyil. Qeyd olunmalıdır ki, uşaqlarının faktiki olaraq tərbiyəsində, onların böyüməsində iştirak edən şəxs - X7r ki, həmin şəxsin uşaqlarının atası kimi göstərilməsi məqsədəmüvafiq olardı. Belə ki, adıçəkilən şəxsin özü də uşaqlarının ata adı kimi onun adının yazılmasına etiraz etmir. Bununla bağlı o, cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, övladlarının ata adının dəyişdirilməsinə maneə olmadığından, cavabdehin imtinası qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları: 3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Göründüyü kimi, normativ aktda ata adının dəyişdirilməsi üçün əsas kimi yalnız bioloji və hüquqi ata olma tələbi deyil, həm də uşağı faktiki tərbiyə edən şəxsin iştirakı və razılığı kifayət hesab olunur. Hazırkı halda X8 da övladlarımın ata adı kimi onun adının yazılmasına etiraz etmir və bu barədə razılığını bildirmişdir. Buna baxmayaraq, müvafiq dövlət orqanına bu barədə etdiyim müraciət əsassız olaraq təmin edilməmiş və mənə rədd cavabı verilmişdir. Qeyd edilən hallardan göründüyü kimi, bu imtina hüquqi əsasdan məhrumdur. Nəticə etibarilə, o - qanuni nümayəndə olaraq, övladlarının ali mənafeyini rəhbər tutaraq, onların ata adlarının "Aydın" olaraq dəyişdirilməsini zəruri və məqsədəmüvafiq hesab edir. Bu dəyişiklik həm uşaqların faktiki ailə münasibətlərinə, həm də onların şəxsiyyətlərinin düzgün formalaşmasına xidmət edəcəkdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, uşaqlarınının doğum haqqında akt qeydində ata haqqında məlumatlara dəyişiklik edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Nəzərinə çatdırılır ki, qanunvericiliyin normalarına əsasən uşaq aralarında nikah olmayan şəxslərdən doğulduğu və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığı üçün atalıq müəyyən edilmədən ata haqqında məlmatlara dəyişiklik edilməsi ilə bağlı müraciətininin təmin olunması mümkün olmamışdır.

4. AZ-İV 827318 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən xx.xx.2022-ci il təvəllüdlü X6 atası qrafasında X9, anası qrafasında İddiaçı qeyd olunmuşdur.

5. AZ-İV 396863 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 atası qrafasında X9, anası qrafasında İddiaçı qeyd olunmuşdur.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, X8 övladlarının tərbiyəsində iştirak etdiyi üçün uşaqlarının atası qrafasında onun adının yazılmasını xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən iddia tələbi ilə razı olduğunu bildirirək qeyd edir ki, X8 iddiaçının övladlarının tərbiyəsində iştirak etdiyi üçün uşaqlarının atası qrafasında onun adının yazılmasını xahiş edir.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

11. İş materiallarından görünür ki, iddiaçının övladları xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X6 ata adı uşaqların analarının (iddiaçının) göstərişi ilə yazılmışdır və iddiaçı hazırda övladlarının ata adının onları tərbiyə edən şəxsin adına dəyişdirilmsini tələb edir.

12. Ailə Məcəlləsindən: 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

13. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli 79 nömrəli qərara əsasən: 3.1. Uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

14. Göründüyü ki, qanunvericilik yetkinlik yaşına çatmayana kimi şəxsin ancaq soyadının və adının dəyişdirilməsinin mümkünlüyünü təsbit edir (Ailə Məcəlləsinin 53.4-cü maddəsi). Müvafiq qaydalar isə məhz ata adının dəyişdirilməsinin 18 yaşdan sonra yol verildiyini müəyyən edir.

15. Odur ki, məhkəmə qeyd edir ki, şəxsin ata adı barəsində məlumat vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata alındıqdan sonra bu barədə dəyişiklik etmək hüququ şəxs 18 yaşına çatdıqdan sonra məhz özünə məxsusdur. Bu zaman o, məhz yetkinlik yaşına çatmış şəxs olaraq 18 yaşına çatana kimi onu tərbiyə etmiş şəxsin ata adını daşımaq istəyini və iradəsini ifadə edir. Hazırki işin hallarından görünür ki, uşaqlar 2019-cu və 2022-ci il təvəllüdlüdür. Belə olan təqdirdə, yetkinlik yaşına çatmadıqları üçün üçüncü şəxs X4 uşaqları tərbiyə etmiş şəxs olması qanunun mənasına görə mümkün deyildir. Belə ki, hər hansı şəxsin uşağı tərbiyə etmiş şəxs hesab edilməsi üçün uşağın yetkinlik yaşına çatmış olması tələb olunur.

16. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində birbaşa özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır və iddiaçı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə olan təqdirdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar