Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9929/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın əvvəlki dövrlər üzrə hesablanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən 2015-ci il tarixə kimi olan təqaüd pullarının hesablanıb ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qeydiyyat və X1 baş inspektoru, polis mayoru, 22.04.1993-cü il tarixdən 17.12.2007-ci il tarixə həmin vəzifədə işləmiş, 2018-ci il tarixdə təqaüdə çıxmışdır. Onun 2007-ci il tarixdən pensiya hüququ yaranmasına baxmayaraq 2007-ci ildən 2015-ci il il tarixə kimi olan təqaüd pulları ona verilməmişdir. O 2007-ci ildən 2015-ci il il tarixə kimi olan təqaüd pullarının ona verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə müraciət etmiş, lakin oradan ona əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış fərq məbləğinin 17994.96 manatın 2018-ci ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Ona cəmi üç il üçün pul hesablanmış və qalan 2007-ci ildən 2015-ci il üçün pul ödənilməmişdir. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etiraz məktubunda qeyd edilmişdir ki, Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan "Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7 - ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçının adına məlumat vərəqi 12.04.2018-ci il tarixdə İdarəyə daxil olmuşdur.Azərbaycan respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət 01.07.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı, lazimi sorğulara cavab məktublarının daxil olduğunu üçün şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi təqdim edilmiş etirazı müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını, mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 06.05.2021-ci il tarixli imtina məktubundan qeyd edilmişdir ki, 13 aprel 2018-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün İddiaçı müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin 13 aprel 2018-cı ıl tarixli 43/02-109 nömrəli məktubunda ona ödənilən müavinətin 31 mart 2018-ci il tarixınədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim edilmiş 4 aprel 2018-ci il tarixli 01 nömrəli məlumat vərəqəsinə əsasən“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 1 aprel 2018-ci ii tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyinin 86 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmiş (hazırki pensiya məbləği 707,62 manat), eyni zamanda keçmiş uç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış fərq məbləği 7994,96 manat 2018-cı ilin avqust ayından etibarən hissə-hissə (499,86 manat) əmək pensiyasının (707,62 manat) üzərinə əlavə olunmaqla (707,62+499,86=1207,48 manat) müvafiq kart hesabına köçürülür. İş materiallarına İddiaçı pensiya işi əlavə edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna 13.04.2018-ci il tarixdə ərizə ilə müraciət olunaraq ona əmək pensiyasının təyin edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 13.04.2018-ci il tarixli, 18/1248 saylı qərardan görünür ki, ərizəçi İddiaçı ərizəsinə baxılaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddələrinə müvafiq olaraq yaşa görə 01.04.2018-ci il tarixdən 495,57 manat pensiya təyin edilmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbində əvvəlki dövrün (2007) hesablanmasının qanunvericiliyin tələbinə zidd olması, Qanunun yeni norması ilə keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləğinin yalnız vətəndaşın müraciətindən əvvəlki 3 illik dövr üzrə ödənilməli olması, müraciət edilən tarixdən geriyə 3 il üzrə hesablanmış fərq məbləğinin 2018-ci ilin avqustundan etibarən hissə-hissə əmək pensiyasına əlavə edilməklə ödənildiyini bildirmiş, iddiaçının tələb etdiyi fərq məbləğinin isə 2007-2015-ci illəri əhatə etməsi əsası ilə tələbinin təmininin qeyri-mümkün olması əsası ilə imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya 01.04.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti əsasında 2015-2018-ci illər üzrə pensiya fərq məbləği ona ödənilməsi qərara alınmışdır. Lakin iddiaçı 2007-ci ildən 2015-ci ilə qədər olan pensiya məbləğinin ona verilməsini istəmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə (2-ci abzas) əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin «Qaydalar»ın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin «Qaydaları»ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan şəxslərə pensiya təyin edilməsi zamanı həm ilkin pensiya təyinatı üçün, həm də təminat xərcliyində baş verən artımlarla bağlı pensiyanın yenidən hesablanması üçün iddiaçının xidmət etdiyi orqan tərəfindən məlumat vərəqinin tərtib olunaraq DSMF orqanına göndərilməsi tələb olunur. Yəni, cavabdeh iddiaçının “məlumat vərəqi” göndərildiyi tarixdən ona aid olan vəzifələri yerinə yetirmiş, iddiaçıya təqdim edilmiş məlumat vərəqinə uyğun olaraq pensiya hesablamışdır. Həmçinin, iddiaçının müraciəti əsasında 2015-2018-ci illər üzrə pensiya fərq məbləği ona ödənilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddianın hüquqi əsası olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-9929/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9929/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver