Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9929/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xİdmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı "sərəncamın ləğv edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın icrasının təmini məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, **********3D saylı sərəncamla İddiaçı MMC-nin X1 Azərbaycan QSC-nin Memar Əcəmi filialında, "xxxx" ASC, "xxxx" ASC-də olan hesablarına 447 300,84 (dörd yüz qırx yeddi min üç yüz manat 84 qəpik) manat həcmində vəsait dondurulmuşdur. İddiaçı MMÇ barəsində bu cür qanunsuz qərar qəbul edilməsi, qeyd edilən hesab və digər hesablar üzrə əməliyyatlar aparılmasına məhdudiyyət qoyulması AR Konsitusiyasınm 59-cu maddəsilə nəzərdə tutulmuş azad sahibkarlıq hüququnun da ciddi şəkildə pozulmasıdır. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə münasibətdə vəsatət təqdim edərək bildirmişdir ki, müvafiq sərəncamla 447.300,84 manat pul vəsaiti dondurulmuşdur. Əvvəla, bu sərəncamın göndərilməsinin əsasında vergi ödəyicisinin müvafiq borc məbləğinin olması (onun da əsasında müvafiq inzibati akt dayanır) əsası mövcuddur. Bu sərəncam müvəqqətidir, borc məbləği dəyişdikdə sərəncam da geri alına bilər. Sözügedən xx.xx.2025-ci il tarixli, **********3D saylı sərəncam “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Mübahisələndirilən xx.xx.2025-ci il tarixli sərəncamdan görünür ki, İddiaçı MMC-nin bank hesabına 447.300,84 manat məbləğində vəsait dondurulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İddia tələbindən də göründüyü kimi iddiaçı pul vəsaitinin dondurulması barədə sərəncamın ləğv edilməsini və digər hesablarına yeni dondurulmalı və alınmalı sərəncamların qoyulmasının qadağan edilməsini tələb edir. Halbuki iddiaçının hüquqi marağı yoxlamanın vergi borcunun hesablanmasına əsas olmuş inzibati akt ləğvi, həmin hesablanmış borcun silinməsi ilə bağlıdır. Hazırkı tələbi təmin edilsə belə onun çatmaq istədiyi məqsədə çatmaq üçün kifayət etmir. Nəzərə alınmalıdır ki, hazırkı tələb məhz iddiaçının yaranmış vergi borcunun ödənilməsinə yönələn tədbirlərdən biri kimi çıxış etdiyindən həmin borcun yaranmasına əsas olmuş qərarın mübahisələndirilməsi iddialarına münasibətdə asılı tələb qismində çıxış edir. Belə ki, həmin qərar ləğv olunacağı təqdirdə həmin qərar əsasında yaranmış vergi borcu da mövcud olmayacaq, vergi borcu mövcud olmayacağı təqdirdə isə onun təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də həmin borcun ödənilməsinə yönələn tədbir kimi pul vəsaitinin dondurulmasının qanuniliyi də aradan qalxmış olacaqdır Həmçinin qeyd edilməlidir ki,“Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, məhz hazırkı növ mübahisələndirilən qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması ilə barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmişdir. Eyni zamanda Ali Məhkəmə 2-1(102)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-383/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarda qeyd edilmişdir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan səyyar vergi yoxlaması aktı və imtina aktı inzibati icraat çərçivəsində (əlverişsiz) inzibati akt olmadığından və iddiaçı barəsində hər hansı vəzifə yaratmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında isə qeyd edilmişdir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. 2-1(102)-1754/2022 iş üzrə qəbul edilmiş xx.xx.2022 -ci il tarixli qərar, 2-1(102)- 900/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarlarda da məhkəmə oxşar mövqedən çıxış etmişdir. Göründüyü kimi oxşar məqsədə, yəni vergi borcunun dövlət büdcəsinə ödənilməsinə xidmət edən və ya vergi borcunun və ya vergi məsuliyyətini müəyyən edən qərarlar ayrıca mübahisələndirilməsi mümkün olmayan qərarlardır və həmin işlər üzrə iddia məhz vergi məsuliyyətinə cəlb edilmə və ya vergi borcunun hesablanmasına dair qərarların ləğv edilməsi ilə əlaqədar olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi xx.xx.2025-ci il tarixli sərəncamın ləğvinə yönəlsə də, əslində həmin sərəncam yoxlama nəticəsində qəbul olunmuş və iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə inzibati aktın icrasının təmin edilməsi məqsədilə vəsaitin dondurulduğunu təsdiq edir. Bu səbəbdən də, hüquqi baxımdan iddiaçının mübahisələndirməli olduğu inzibati akt məhz onun vergi məsuliyyətinə cəlb olunması barədə qərardır. İddiaçı hazırki iddia tələbi ilə həmin sərəncamın ləğvini yox, yoxlama əsasında onun vergi məsuliyyətinə cəlb olunması barədə qərarı mübahisələndirməlidir ki, onun tərəfindən həmin qərarın mübahisələndirilməsi ayrıca iddia çərçivəsində həyata keçirilir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçı artıq vergi məsuliyyətinə cəlb olunması barədə qərarın ləğvi üçün məhkəməyə müraciət etmiş və həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli təminat tədbiri kimi həmin qərarın icrası dayandırılmışdır. Qərarın icrasının dayandırılması, dondurulmalı və alınmalı sərəncamların qoyulmasını qadağan edilməsi mənasınıda özündə ehtiva edir. Bu baxımdan, icrası dayandırılmış inzibati aktın təminat xarakterli icra mexanizmlərinə qarşı ayrıca iddia qaldırılması iddianın mümkünlüyü şərtlərinə cavab vermir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyindən, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9929/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9929/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver