Məhkəmə qərarları › İş №2-1(112)-9932/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9932/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9932/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün satusunun verilməsi və buna müvafiq olaraq vəsiqənin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Qanuni nümayəndə 1992-ci il 18 may tarixində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Laçın rayonunun Quşçu kəndindən məcburi köçkün düşmüşdür. Atası məcburi köçkün düşdükdən sonra indiki vaxtadək ünvan 1 ünvanında yaşayır. Atasının qeydiyyat yeri Laçın rayonunun Quşçu kəndidir. Bunu Laçın rayon İcra Hakimiyyətindən aldığı sənəd də təsdiq edir. Belə ki, atası Laçın rayonundan valideynləri ilə birgə məcburi köçkün düşmüşdür. Atasının məcburi köçkün statusu vardır. Bunu onun məcburi köçkün vəsiqəsi təsdiq edir. Atası ona məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Onun bu müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir, bu imtinanın verilməsi tamamilə hüquqaziddir. Belə ki, həmin məktubda imtinanın verilməsi səbəbi yetərli qədər əsaslandırılmamış, yalnız müvafiq qaydaların norması göstərilmişdir, bu isə Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə inzibati akta qoyulan tələblərə uyğun deyildir. Cavabdeh tərəfindən tələb olunan bütün sənədlər onlara təqdim olunmuşdur. O, müvafiq elektron sistemdə məcburi köçkün kimi qeydiyyatdadır və buna müvafiq olaraq bir sıra qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan yararlanır, məcburi köçkün müavinəti alır, DİM-in keçirdiyi ödənişli qəbul imtahanında ödəniş etməkdən azaddır və s. Bunlara baxmayaraq cavabdeh orqan tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir və bunun səbəbi tam aydın deyildir. Bunlardan əlavə cavabdeh tərəfindən bir sıra artıq sənədlər istənilmiş (məsələn, valideynləri haqqında olan bir sıra sənədlər, hansıları ki cavabdeh orqan onu özü rahatlıqla elektron sistem vasitəsilə əldə edə bilərdi) və ona qarşı süründürməçilik həyata keçirilmişdir. Bu ilin sentyabr ayından ali təhsil həyatına başlayacaqdır, əgər onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi verilməzsə, qanunvericiliklə nəzərdə tutulmuş bir sıra imtiyazlardan, məsələn təhsil ödənişindən azad olmaq, yararlana bilməyəcəkdir. Odur ki, hazırda bu məsələnin həlli üçün məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı atası Qanuni nümayəndə “övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/2196 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbun köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulduğundan istəyinin yerinə yetirilməsi imkan xaricindədir. Bildirilir ki, həyat yoldaşı X1 qeydiyyatı ünvan 3 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’’a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında’’ Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün’’ statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 4i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası X1 qeydiyyatı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Xətai rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6- cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara ‘'məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, İddiaçı anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun; hər iki valideynin qeydiyyatı daimi yaşayış veri üzrə işğal olunmuş ravon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan hər iki şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində qeyd etmişdir ki, oğlu İddiaçı müvafiq elektron sistemdə məcburi köçkün kimi qeydiyyatdadır və buna müvafiq olaraq bir sıra qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan yararlanır, məcburi köçkün müavinəti alır, DİM-in keçirdiyi ödənişli qəbul imtahanından ödəniş ödəməkdən azaddır və s. Bunlara baxmayaraq cavabdeh orqan tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir və bubub səbəbi tam aydin deyildir. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı yetkinlik yaşına çatanadək "məcburi köçkün" statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki. onlar mütləq “məcburi köçkün" statusuna malikdirlər. Beləliklə, İddiaçı münasibətdə yuxarıda sadalanan şərtlərdən biri ödənilmədiyindən (yəni iddiaçının anası X1 yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad olunmuş ərazi olmadığından) ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilsə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq olunmuş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li, xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1976-cı ildə ünvan 4ində doğulmuşdur. Yaşayış yeri ünvan 4idir. - Azərbaycan Respublikası vətəndaşının AZE 17791294 №-li, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. - Laçın rayonu Quşçu kənd icra nümayəndəliyi tərəfndən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ 069915 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə ilə X2 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. - Laçın rayonu Quşçu kənd icra nümayəndəliyi tərəfndən verilmiş 14 aprel 2005-ci il tarixli, AZ-İ 565261 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Qanuni nümayəndə, anası X6 olan İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə doğulmuşdur. - Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən komitəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 8/733 №-li məktubun surətindən görünür ki, Laçın rayon Quşçu kənd sakini Qanuni nümayəndə valideynləri ilə birlikdə 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Xəzər rayonunda müvəqqəti məskunlaşmışdır. Vahid aylıq müavinət alır. Onun atası X3 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və 2010-cu ildə vəfat etmişdir. Onun anası X4 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş və 2016-cı ildə vəfat etmişdir. - Komitə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/1865 nömrəli məktubdan görünür ki Qanuni nümayəndə Laçın rayonundan məcburi köçkündür. Komitə tərəfindən ona xx.xx.2009-cu il tarixdə AA№210624 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd verilmişdir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2022-ci illərə aid elektron məlumat bazasında X1 məcburi köçkün statusunun olması barədə qeyd aşkar edilmədi. - Komitə tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/2196 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, həyat yoldaşı X1 qeydiyyatı ünvan 6 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən qaçqın və yaməcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etməməsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı atası Qanuni nümayəndə “məcburi köçkün” status olsa da anası X1 “məcburi köçkün” status yoxdur və sonuncu ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı anası X6 “məcburi köçkün” statusuna malik olmadığından və qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş, hazırda işğaldan azad olmuş rayon (şəhər) olmadığından ona “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar