Məhkəmə qərarları › İş №2-1(112)-9938/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9938/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9938/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 21 iyun 2000-ci il tarixli, 582 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 21 iyun 2000-ci il tarixli, 582 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Qızıldaş qəsəbəsindən 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilməmişdir. Sənədləşmə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sənədləri təqdim edərkən, bildirdilər ki, “Cavabdeh Başçısının 21 iyun 2000-ci il tarixli, 582 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin tərəfindən göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirmək mümkün olmadığından sənədlərin qəbulundan imtina edildi”. Həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair Cavabdehnə etdiyi müraciətinə cavab olaraq bildirildi ki, «Sizin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı bildirilir ki, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur". Cavabdehnə qanuni əsaslarla verilmiş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair müraciət etmişdir. İcra Hakimiyyəti isə onun müraciətinə formal cavabla münasibət bildirmişdir. O, faktiki olaraq, ona məxsus və istifadəsində olan 600 kv.m torpağa dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur.”

5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş arxiv çıxarışından görünür ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 582 saylı sərəncamı İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qızıldaş qəsəbəsindən ayrılmış 600,0 kv.m. torpaq sahəsi verilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

16. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

17. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

18. İşin faktiki hallarına əsasən, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Qızıldaş qəsəbəsində Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 582 saylı sərəncamı ilə 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Həmin arxiv çıxarışı ilə təqdim edilmiş sərəncamın təsdiq edilmiş surətindən görünür ki, sərəncama heç bir sənəd (eskiz və ayrıc aktı) əlavə edilməmişdir.

19. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə birlikdə vətəndaşa təqdim edildiyini bildirsə də, həmin halı sübut edən halları məhkəməyə təqdim etməmiş, qeyd edilən halın mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdeh imtinasında haqlı olmamış, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Cavabdeh Başçısının 21 iyun 2000-ci il tarixli, 582 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının 21 iyun 2000-ci il tarixli, 582 nömrəli sərəncamı ilə İddiaçı Qızıldaş qəsəbəsində ayrılmış sahəsi 600 kv.m olan torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar