Məhkəmə qərarları › İş №2-1(112)-9938/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9938/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9938/2025 25.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” tələbinə dair iddiası barədə inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 1391,32 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 110000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh "xxxx" MMC-nin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8459/2023 №-li qərardadı ilə iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin sonuncu qeyd edilən qərardadının ləğv edilməsi tələbi ilə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-3953/2023 №-li qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-8459/2023 №-li qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-998/2024 №-li Qərarı ilə iddia təmin edilməmiş və xx.xx.2024-cü il tarixdə iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin sonuncu qeyd edilən qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi tələbi ilə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-251/2025 №-li Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-998/2024 qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- ddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: **********3 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixdə ümumilikdə 72078,88 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 32303,75 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-nin əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********574600 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********574600 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X3 tərəfindən Cavabdeh MMC-nin borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə “Rahat-Nəfəs” yaşayış kompleksində 60000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50000 manat məbləğində 25 kv.m Bina 1- A ticarət obyekti olmaqla ümumilikdə 110000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh MMC-nin direktoru X1 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən məhkəmənin “əmlakların qiymətləndirilməsi qaydası, borcun tərkibi və yoxlama barədə ətraflı məlumatın təqdim edilməsi barədə” sorğusuna cavab olaraq **********389400 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) 72078,88 manat Sosial sığorta fonduna, 2115,31 manat İşsizlikdən sığorta fonduna, 1217,50 manat İcbari tibbi sığorta fonduna borcu olduğuna görə xx.xx.2022-ci il tarixdə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. Siyahıya alınmış əmlakın qiymətləndirilməsi orta bazar qiymətlərinə uyğun olaraq aparılmışdır. xx.xx.2022-ci il tarixli **********162815 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən hazırda müəssisədə yoxlama keçirilir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********365100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh MMC-nin (VÖEN **********) iddia ərizəsinin əsasını təşkil edən borc məbləği cari bəyənnamələrlə formalaşmış, o cümlədən icbari tibbi sığorta fonduna olan ümumlikdə 1391,32 manat, vergilər üzrə 1217,5 manat, faiz üzrə 173,82 manat dövlət büdcəsinə ödənilməli borcdan ibarətdir. İddiaçı tərəfindən məhkəmənin “siyahıya alınmış daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərinin (eyniləşdirməyə imkan verən məlumatlar) və qiymətləndirmə meyarları barədə məlumatın təqdim edilməsi barədə” sorğusuna cavab olaraq **********609800 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2021-cu il tarixli **********89 nömrəli icraat vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə 1391,32 manat ödənilməli olan borcu vardır. Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri əmlakın siyahıya alınması ilə bağlı prosedurları tənzimləyir. Məcəllənin 89.10-cu maddəsinin tələblərinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmçinin Məcəllənin 89.10-cu maddəsində əmlakın siyahıya alınması ilə əlaqədar protokol üzrə siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlakın tam təsvir edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, Məcəllənin 89.10-cu maddəsində əmlakın siyahıya alınması zamanı qiymətləndiricinin dəvət edilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, Məcəllənin 89.10-cu maddəsində protokolda hansı məsələlərin əks olunması konkret təsbit olunmuşdur. Həmin maddə də əmlakın siyahıya alınması zamanı qiymətin mümkün olduğu halda göstərilməsi qeyd olunmuşdur. Yəni protokolda siyahıya alınmış əmlakın qiymətin əks olunması məcburi şərt olaraq göstərilməmişdir. Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbləri baxımından əsas şərt yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınmasıdır. Vergi Məcəlləsinin 90.3-cü maddəsinin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Vergi orqanı qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Göründüyü kimi, Məcəllənin 90.3-cü maddəsinin tələblərinə əsasən qiymətləndirici məhz vergi orqanı tərəfindən məhkəmə qərarının icrası zamanı dəvət oluna bilər. Vergi Məcəlləsi, o, cümlədən Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********544500 nömrəli “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarında da əmlakın siyahıya alınması zamanı qiymətləndirmənin təsdiq edən sənədlər və onların hüquq strukturuna təqdim edilən sifarişdə təqdim edilməsi barədə də hər hansı tələblər mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı tərəfindən verilən 20 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-301333/2024 saylı məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin icraat vərəqələri üzrə ümumilikdə büdcəyə 42585 manat ödənilməmiş borcu vardır. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 10 dekabr 2024-cü il tarixli, 3- 21-3-02/2-14681/2024 saylı məktubla "xxxx" MMC-yə məxsus daşınmaz əmlakların çıxarışları təqdim olunmuşdur. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 29 sentyabr 2025-ci il tarixli, 3-21-3- 32/2-16534/2025 №-li cavab məktubundan müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3,"Rahat Nəfəs" yaşayış kompleksi, bina 2 ünvanında yerləşən paylı (payı çoxmərtəbəli yaşayış binası tam(64-mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********34-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çoxmərtəbəli yaşayış binasında mənzillərin və qeyri-yaşayış sahələrinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - ünvan 1 ünvanında yerləşən paylı (payı çoxmərtəbəli yaşayış binası tam (32mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********35-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çoxmərtəbəli yaşayış binasında mənzillərin və qeyri-yaşayış sahələrinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. - ünvan 2 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(64mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********10-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, 64 mənzildən 24 mənzil ayrı-ayrı vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin çoxmərtəbəli yaşayış binasında 24 mənzil ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçmişdir. - Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3,"Rahat Nəfəs" yaşayış kompleksi, bina A ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(56mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********28-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, 56 mənzildən 20 mənzil və 3 qeyri-yaşayış sahəsi ayrı-ayrı vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3,"Rahat Nəfəs" yaşayış kompleksi, bina 1 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(56mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********31-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, 56 mənzildən 9 mənzil və 2 qeyri-yaşayış sahəsi ayrı-ayrı vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - ünvan 3 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(7-mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat, **********50-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - ünvan 4 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(56mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat, **********11-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, 56 mənzildən 7 mənzil və 1 qeyri-yaşayış sahəsi ayrı-ayrı vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - ünvan 5 ünvanında yerləşən paylı(payı çoxmərtəbəli yaşayış binası tam(64mənzil)) çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin (voen:**********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat, **********10-05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. ... Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. ... Maddə 23.1.15. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. ... Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. … Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir... Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. … Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə(onun nümayəndəsinə)baxış üçün təqdim edilir. ... Maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq üçün götürülür. İPM. 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli icmal məktubunda göstərilmişdir ki; İPM-in 8.1.1-ci maddəsinə əsasən müstəsna aidiyyətin tətbiq edilməli olduğu hallar İPM-in 8.1.1-ci maddəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən edir. Qeyd edilən norma vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddiaların ərazi aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Buna görə, qaldırılmış iddia yalnız bir daşınmaz əmlakın satılmasına dair tələbi nəzərdə tutursa, o halda, işə ərazi aidiyyətinə görə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Siyahıya alınmış əmlaklar həm daşınar, həm də daşınmaz əmlaklardan ibarət olduqda, mübahisəyə müstəsna aidiyyət qaydası tətbiq olunmaqla işə yenə də daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Vergi orqanı tərəfindən siyahıya alınmış və satılması tələb olunan bir neçə daşınmaz əmlak olduğu halda isə iddiaçının seçiminə uyğun olaraq həmin əmlaklardan hər hansı birinin yerləşdiyi yer üzrə iddia qaldırıla bilər. Məhkəmə hazırki iddianın vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddialara aid olduğunu nəzərə alaraq hazırki mübahisəyə siyahıya alınmış daşınmaz əmlakların olduğu yerin (Abşeron rayonu) məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati mübahisələrdə işə ərazi aidiyyətı qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respubilkasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” tələbinə dair 2-1(112)-9938/2025 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar