Məhkəmə qərarları › İş №2-1(112)-9939/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9939/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9939/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı iştirakları ilə, İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının qızı X3 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X2 qanuni nümayəndəsi kimi tanınması və 19 iyun 2005-ci ildə anadan olmuş övladı X3 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 19 iyun 2005-ci ildə anadan olmuş X5 hal-hazırda iddiaçı ilə bir yerdə yaşayır. İddiaçı cavabdehə müraciət edərək qızına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsini xahiş etmiş, lakin ərizəsini təmin etməkdən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuş, lakin cavabdeh etiraz verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/2965 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər hesab olunur. Füzuli rayonunun Araz Dilağarda kəndi işğaldan azad olan ərazi oldugundan və təmas xətti ləğv edildiyi üçün ərizənin müsbət həllindən imtina edilmişdir. - İddiaçıya məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. - X2 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Füzuli rayonunun Araz- Diloğarda kəndində doğulmuş, Füzuli şəhəri, Ə.Məmmədov küçəsi ev 8, mənzil 6 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus seriya AA, 150799 nömrəli, xx.xx.2006-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkündür. - Füzuli rayon Məhkəməsinin 2(064)-04/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış 08 avqust 2005-ci il tarixli 42 № ilə Füzuli rayon Əhmədbəyli kənd icra nümayəndəliyində qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahdan olan uşaqlar xx.xx.2005-ci ildə doğulmuş X5 və 30 sentyabr 2007-ci ildə doğulmuş X6 İddiaçı himayəsində saxlanılmışlar. - Bakı şəhəri Kürdəxanı qəsəbəsi 901 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür, hazırda ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. - ünvan 3 İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür, hazırda ünvan 2 ünvanında anası İddiaçı ilə birlikdə müvəqqəti qeydiyyatdadır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavinin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. İstinad edilmiş normaların mənasında görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Füzuli rayon Məhkəməsinin 2(064)-04/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi İddiaçı ilə X4 arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan olan uşaqlar 19 iyun 2005-ci ildə doğulmuş X5 və 30 sentyabr 2007-ci ildə doğulmuş X6 İddiaçı himayəsində saxlanılmışlar. İddiaçının övladı X1 rayonunun Araz-Diloğarda kəndində doğulmuş, Füzuli şəhəri, Ə.Məmmədov küçəsi ev 8, mənzil 6 ünvanında qeydiyyatdadır. Bunları nəzərə alan iddiaçı hazırki iddia tələbi ilə övladına məcburi köçkün statusunun verilməsi ilə baglı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər hesab olunur. Füzuli rayonunun Araz Dilağarda kəndi işğaldan azad olan ərazidir və təmas xətti ləğv edildiyi üçün istəyinin müsbət həlli Komitənin imkan xaricindədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz; 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəməsi hesab edir ki, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət verməmişdir. Uşaq hüquqları haqqında Konvensiyanın (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib) 22-ci maddəsinin tələbinə görə iştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilən beynəlxalq və ya daxili hüquqa və qaydalara müvafiq surətdə qaçqın sayılan, valideynləri və ya hər hansı digər şəxs tərəfindən istər müşayiət edilən, istərsə də müşayiət edilməyən uşağı bu Konvensiyada və həmin dövlətin iştirak etdiyi insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə və ya humanitar sənədlərdə şərh olunmuş tətbiq edilən hüquqlardan istifadə edilməsində lazımi müdafiə və humanitar yardımla təmin etmək üçün zəruri tədbirləri görməlidirlər. Cavabdeh Füzuli rayonunun Araz Dilağarda kəndi işğaldan azad olan ərazi olmasına və təmas xətti ləğv edildiyini əsas gətirərək ərizəni təmin etməkdən imtina etmişdir. Həmin dəlillərlə baglı məhkəmə qeyd edir ki, bu ona görə əsassızdır ki, iddiaçının qızı X1 rayonunun Araz Dilağarda kəndində anadan olsa da, Füzuli şəhərində, Ə.Məmmədov küçəsi ev 8, mənzil 6 ünvanında qeydiyyatdadır. Həmin ərazidə isə hazırda məcburi köçkünlərin məskunlaşması işlərinin aparılması barədə heç bir sübut yoxdur. Bundan başqa, X3 məcburi köçkün statusunun verilməsinin hüquqi əsasını təşkil edən əsas onun anasının hazırda məcburi köçkün statusuna malik olmasıdır. İşğala son verilməsi ilə əlaqədar hazırda ananın məcburi köçkün statusu ləgv edilmədiyindən övladına qarşı fərqli rəftar onun həmin statusdan irəli gələn imtiyaz və güzəştlərdən istifadəsini məhdudlaşdırır. Halbuki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiası əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 19 iyun 2005-ci ildə anadan olmuş X3 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. 19 iyun 2005-ci ildə anadan olmuş X3 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar