Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9939/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Zakirova Tunzalanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli ******* saylı qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı 30 yanvar 1962-ci il tarixdə Bakı şəhərində Azərbaycan ailəsində anadan olmuşdur. Belə ki, onun anası X1 rayonunda doğulmuş, atası X10 isə Bakı şəhərində doğulmuşdur. Uşaq vaxtlarından sirkə böyük həvəsi olmuşdur. İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızı sirk ustası olaraq işi ilə əlaqədar uzun illər SSRİyə daxil olan ölkələrdə daimi səfərlərdə olmuşdur. Belə ki, sirk üzrə əsas mərkəz o vaxtlar Moskva hesab olunurdu. İskəndərova (Stolyarova) İradə Ömər qızı 15 yaşından bu günədək fəaliyyətini davam etdirməkdədir. 15 yaşından etibarən anası ilə Moskvaya getmişdir. Sirk məktəbini müvəfəqiyyətlə bitirdikdən sonra onu dərhal Orta Asiyaya qastrol səfərinə göndərmişlər. 15 yaşından etibarən qastrol səfərlərdə olduğu üçün ilkin pasportu İskəndərova (Stolyarova) İradə Ömər qızı SSRİ vətəndaşı kimi Azərbaycan Respublikasında almışdır. Lakin sonradan sirk ustası kimi fəaliyyəti ilə bağlı səfərlərdə olduğundan iddiaçı SSRİnin dağıldığı zaman Rusiya Federasiyasında səfərlərdə olduğu üçün onun sənədsiz qalmaması, eyni zamanda işdən ayrıla bilmədiyi üçün orada ona Rusiya Federasiyasına məxsus pasport verilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarına əsasən, 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızına şəxsiyyət vəsiqəsinin verilməsi təmin edilməmişdir. İskəndərova (Stolyarova) İradə Ömər qızı ilk pasportunu SSSR dövründə Rusiya Federasiyasında almışdır. Bütün səfərlərində SSRİ vətəndaşı olsa belə Azərbaycan Respublikasının sirk ustası kimi təqdim olunmuşdur. Beləliklə, ölkəmizi bir sıra ölkələrdə layiqincə təmsil etməklə uğurlara imza atmışdır. Lakin hazırda iddiaçı Azərbaycan Respublikasına bağlı olduğundan (yaxın qohumları Bakıda və Qazax rayonununda yaşadığından) İskəndərova (Stolyarova) İradə Ömər qızı ana vətəni olan ölkənin vətəndaşı olaraq Azərbaycan Respublikasında yaşamaq istəyir. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinə “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi verilmişdir. Hazırda sözügedən inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın icraatındadır. Həmin inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızının “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv olunduğu bildirilməklə, bununla bağlı qərar və ona əlavə edilmiş bir sıra materiallar məhkəməyə təqdim olunması elan olunmuşdur. Lakin həmin qərarın yalnız adı nə barədə, hansı məzmunda olması və hansı tarixdə qəbul olunması barədə məlumat verilməmişdir. Buna görə də məhkəməyə bununla bağlı müraciət edilərək həmin qərar və ona əlavə edilmiş materiallarının alınması xahiş edilmişdir. Daha sonra, həmin qərar və ona əlavə edilmiş materiallar 08 may 2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İddiaçı həmin materiallarla tanış olduğu zaman müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* saylı qərarına əsasən, 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Daha sonra İskəndərova (Stolyarova) İradə Ömər qızının vətəndaşlıq mənsubiyyəti ilə bağlı təkrar araşdırılma aparılmış və guya onun nəticəsində heç bir əsaslı səbəb göstərilmədən, həmçinin iddiaçıya bu barədə rəsmi məlumat verilmədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarı xx.xx.2022-ci il tarixdə ləğv olunmuşdur. 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı Asan Mərkəzinə sorğu verilmiş və 30 yanvar 1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması nəzərə alınmaqla ona şəxsiyyət vəsiqəsinin verilməsini təmin edilməsi xahiş edilmişdir. Həmin sorğu baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18/2- 35602/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İskəndərova (Stolyarova) İradə Ömər qızının şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin verilməməsinin səbəbi qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən İddiaçı (Stolyarova)ya izah edilmişdir. Halbuki, İddiaçı (Stolyarova)ya bununla bağlı heç bir izah verilməmiş, yalnız bildirilmişdir ki, onun bundan başqa vətəndaşlığı olduğu üçün DİN-dən verilmiş qeyri-rəsmi tapşırığa əsasən, şəxsin ilk vətəndaşlığı Azərbaycan Respublikası deyilsə, yəni bununla bağlı müraciət etdiyi zaman artıq digər ölkənin vətəndaşıdırsa ona Azərbaycan Respublikasının vətəndaşlığı və şəxsiyyət vəsiqəsinin verilməsinə yol verilə bilməz. Baxmayaraq ki, həmin qərarda İradənin Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsinin alınmasına imtina edilməsi üçün heç bir hüquqi əsas göstərilmir. Odur ki, iddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, AR Xarici İşlər Nazirliyi Konsulluq İdarəsi xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaları barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı inzibati orqanın öz təşəbbüsü ilə təkrar araşdırma aparılmış, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Qaydaların 4.4cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarlar ləğv olunmuş və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Bundan başqa bildiririk ki, sözügedən qərar AR X8 xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (müvafiq məktub əlavə olunur). İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
6. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmişdir. 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.
7. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X5 xx.xx.1981-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
8. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (STOLİAROVA İRADA) şəxsiyyət vəsiqəsi almaq barədə müraciəti zamanı onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən hazırda şəxsiyyət vəsiqəsi sənədləşdirilməsi mümkün deyildir.
9. AZ 159402 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X2 milliyyətcə azərbaycanlıdır.
10. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı İskəndəriva (Stolyarova) İradə Ömər qızı barədə sərhədkeçmə məlumatları iş materiallarına əlavə olunmuşdur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia tanınma haqqında iddiadır. Belə ki, iddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edir.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.
19. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Vətəndaşlıq hüququnun təminatı Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. ... Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. ...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: ... 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. ... Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 53. Vətəndaşlıq hüququnun təminatı İ.Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. İİ. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. İİİ. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: ... 20) vətəndaşlıq məsələlərini həll edir;
21. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsinə bərabər tutulur. Belə ki, 5-ci maddə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanmaqla Azərbaycan Respublikasının vətəndaşı sayılmanın əsaslarını müəyyən edir. Belə olan təqdirdə isə şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanındıqdan sonra həmin (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması barədə) qərarın ləğv edilməsi Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmə kimi qiymətləndirilməlidir və qeyd olunan hal isə cavabdeh Dövlət Miqrasiya Xidmətinin səlahiyyəti xaricindədir. Belə ki, qanunvericilik normalarının məzmunundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmə əsasları kimi 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq; və 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək halları nəzərdə tutulmuşdur (eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar və bu qanunda nəzərdə tutulmuş digər əsaslar). Belə ki, 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələsi şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə həyata keçirilir. 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmə məsələsi məhkəmə tərəfindən həyata keçirilir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin daha sonra Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmiş, 30 yanvar 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı İdris qızı vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciəti zamanı digər ölkə vətəndaşlığını təsdiq edən sənədləri (Rusiya Federasiyasına məxsus pasportu) də təqdim etmişdir. Belə olan təqdirdə müvafiq inzibati akt (“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar) fiziki şəxs tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim edilməsi nəticəsində qəbul edilməmişdir.
24. Məhkəmə nəzərə alır ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaqla iddiaçı faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir, yəni cavabdeh Dövlət Miqrasiya Xidməti qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərini tamamlamışdır. Belə olan təqdirdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi cavabdeh Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Buna baxmayaraq, cavabdeh Dövlət Miqrasiya Xidməti müvafiq səlahiyyəti olmadığı təqdirdə faktiki olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etmiş şəxsin vətəndaşlığına xitam verilməsi ilə nəticələnən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı qəbul etmişdir.
25. Məhkəmə qeyd edir ki, İddiaçı İdris qızına münasibətdə 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma halı mövcud olduğu təqdirdə qeyd edilən məsələ şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmə üçün əsaslar olduğu halda isə müvafiq məsələ cavabdeh Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmə tərəfindən həll edilə bilər.
26. Odur ki, məhkəmə hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarı müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır və etibarsız inzibati akt kimi qiymətləndirilməlidir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı İskəndərova (Stolyarova) İradə Ömər qızına münasibətdə Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli Qərar etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva