Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9940/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “qərarın ləğvi və əmək fəaliyyətinin davam etdirilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi üzrə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxartmaq məqsədilə xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri ilə yaradılmış attestasiya komissiyasının barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli qərarının ləğvi və əmək fəaliyyətinin davam etdirilməsinə şərait yaradılması, çəkdiyi xərclərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyeva X1 Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində fortepiano müəllimi işləyir, 21 il iş stajına malikdir. Məlum olduğu kimi bu il Mədəliyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası təşkil edilmiş, o cümlədən o da xx.xx.2025-ci il tarixdə attestasiyada iştirak etmişdir. Attestasiya komissiyasının həmin tarixli qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. xx.xx.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən işdən azad olunacağı barədə ona məlumat verilmişdir. Attestasiya komissiyasının qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və o iş fəaliyyətini həmin məktəbdə davam etdirməlidir. Belə ki, əmək fəaliyyəti dövründə ilk dəfə attestasiya edilmişdir. Cari ilin əvvəlindən miqren xəstəliyindən əziyyət çəkir. Həmçinin oğlu Raul Əliyev qan xəstəsidir, o, Milli Hemotologiya və Transfıziologiya Mərkəzində qeydiyyatda olmaqla, Bakı şəhəri 13 saylı Uşaq Polikinikasında mütəmadi müayinə və müalicə olunur. Tək ailə başçısıdır, Raul və digər oğlu tək tərbiyə edir. Yeganə qazanc yeri əmək haqqıdır. İşləməsə ünvanlı sosial yardımdan da məhrum olunacaq. Özünün və övladının səhhətindəki problemlərlə əlaqədar attestasiya ərəfəsində çox yorğun və gərgin idi. Bilavasitə attestasiya zamanı isə bu problemlərin fonunda çox həyəcanlandı və buna baxmayaraq həm bəzi nəzəri suallara cavab vermiş, həm də pianoda ifa etmişdir. Bəzi suallara ətraflı cavab verə bilməməyinin səbəbi həyəcanlanmağı və komissiya üzvləri tərəfindən tələsdirilməyi olmuşdur. Bəzən eyni zamanda bir neçə komissiya üzvünün birlikdə sualların cavablarını tələb etməsi onu daha da karıxdırdı, əlləri əsdi. Özünü yaxşı hiss etmədiyini Komissiya üzvlərinə də bildirdi. Lakin onlar buna məhəl qoymadı. Komssiya üzvlərinin qərəzli münasibəti açıq-aydın görünürdü. Bu səbəbdən də o, sonda barəsində verilən müvafiq qərarı imzalamaqdan imtina etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortopiano üzrə müəllim vəzifəsində çalışır. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və onların tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyən edilməsi üçün Attestasiya Komissiyası yaradılmış, xx.xx.2025-ci il tarixdə iddiaçının Attestasiya Komissiyası tərəfindən tutduğu vəzifəyə uyğunluğu qiymətləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı əsas iddia ilə inzibati məhkəmədə iddia qaldıraraq attestasiya qərarının ləğv edilməsini mübahisələndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən Plenum Qərarındakı mövqeyə və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə ilk növbədə iddianın mümkünlük əsaslarını yoxlamağı zəruri hesab etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qoyduğu Bakı Şəhər Mədəniyyət Baş İdarəsi inzibati orqan olsa da həmin orqana qarşı hazırkı mübahisə inzibati məhkəmə icraatında baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən yaranan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İnzibati Prosessual Məcəllənin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçuları nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. İşin hallarından görünndüyü kimi iddiaçı əmək müqaviləsi üzrə 7 saylı uşaq musiqi məktəbində müəllim vəzifəsində olmaqla dövlət qulluqçusu hesab olunmur, iddiaçının işəgötürənin əmri ilə yaradılmış attestasiya komissiyası tərəfindən attestasiyası işçi ilə işəgötürən arasında Əmək Məcəlləsi ilə tənzimlənən hüquq münasibətindən irli gəlmişdir. İddiaçının inzibati orqanla münasibəti dövlət qulluğu ilə bağlı deyildir, tərəflər arasındakı münasibət bilavasitə əmək müqaviləsi ilə tənzimlənməklə bu sahədə mübahisə mülki məhkəmə icraatının predmetini təşkil edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə mübahisə inzibati orqanla yaranmış publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9940/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9940/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver