Məhkəmə qərarları › İş №2-1(112)-9943/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9943/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9943/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdhein nümayəndəsi X5, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi, X10 və X6) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdeh üzərinə iddiaçını Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1050 kv.m torpaq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi və özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi, X10 və X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, сavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30 2-AO342-8 2024 nömrəli imtina məktubu aşağı məzmundadır: Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən 1050 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli 24301 16297 nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il yanvar tarixli 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəriləçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. İmtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 040 nömrəli xx.xx.2005-ci il tarixli qərarı aşağıdakı məzmundadır: "Azərbaycan Respublikasının "Bələdiyyələri əraziləri və torpaqları haqqında 7 dekabr 1999-cu il tarixli 771-İQ və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq olunmuş Əsasnaməni rəhbər tutularaq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 saylı sərəncamına istinad edərək. 1. Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə ünvan 1 ünvanında yaşayan İddiaçı mülkiyyətinə verilsin. 2. İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunsun və torpağın dəyəri Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq (pulla) vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunsun.

3. Tikinti işləri xüsusi razılığı olan fiziki və hüquqi şəxslər tərəfindən icra olunmalıdır. 4. Kommunal xidmətlərin təşkili və icrası məqsədi ilə əlaqədar olaraq vətəndaş aidiyyəti təşkilatlar ilə ikitərəfli müqavilə bağlasın. 5. Bələdiyуənin vergi və ödənişlər şöbəsinə tapşırılsın ki, mülkiyyətçinin torpaq və əmlak vergisinə cəlb olunmasını təmin edilsin. 6. Ayrılmış torpaq sahəsində tikilinin layihə üzrə aparılmasına və torpağın məqsədli təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin yerli iqtisadi inkişaf komissiyasına tapşırılsın”. X11 ayrılmış torpaq sahəsinin eskiz sxemi xx.xx.2005-ci il tarixli 040 saylı Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin qərarı ilə təsdiq edilmişdir. Hüquqlarını müdafiə etdiyi X8 Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 m.2 torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 040 nömrəli xx.xx.2005-ci il tarixli qərarının arxiv arayışı zəruri olduğunda sorğu verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi sorğuya cavab vermişdir: "Sizin xx.xx.2024-cü il tarixli № 176/2024 saylı məktubunuza cavab olaraq bildirir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv idarəsinin xx.xx.2000-ci il tarixli akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir. Ona görə də sizin sorğunuza cavab vermək mümkün deyil".

4. İddiaçının müraciətinə cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə sahəyə ayrı-ayrılıqda digər şəxslər tərəfindən (X3, X10, X1, X6) müxtəlif sənədlərlə müraciətlər olmuşdur. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Nardaran bağ massivinin ərazisidir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. O cümlədən təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Sabunçu Rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 040 saylı qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.

7. Torpaqların alqı-satqısına dair akta əsasən, Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi öz ərazisində 1050 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 22 aprel tarixli 040 saylı qərar qəbul edilmiş və İddiaçı tərəfindən Sabunçu rayon Bilgəh bələdiyyəsinin bank xəzinəsinə haqq ödənilmişdir.

8. Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bilgəh bələdiyyənin 2000-2008-ci illərə aid sənədlərin arxiv İdarəsinin xx.xx.2009-cü il tarixli akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 0.105 ha torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. 3 mərtəbəli f/yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinin koordinat cədvəli əlavə edilir Torpaq sahəsinin yerləşməsinə aidiyyəti üzrə baxılması məqsədəuyğundur. Kadastr: sahə Nardaran qəsəbəsinin ərazisidir. Faktiki sahə 1050.0 kv.m təşkil edir. Sahəyə ********** nömrə ilə X3, ********** nömrə ilə X10, ********** nömrə ilə X1, ********** nömrə ilə X6 tərəfindən müxtəlif sənədlərlə müraciətlər olmuşdur. Sahə mübahisəli ola bilər. Nardaran bağ massivinin ərazisidir. Qonşu sahələr bağ sahələri ilə qeydiyyatdan keçmişdir.

10. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Nardaran qəsəbəsinin ərazisidir. Eyni zamanda sözügedən sahəyə ********** nömrəsi ilə X3, ********** nömrəsi ilə X10, ********** nömrəsi ilə X1 və ********** nömrəsi ilə X6 tərəfindən müxtəlif sənədlərlə müraciətlər olmuşdur.

11. Dövlət Arxivinin Bakı filialının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli 040 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddia tələbi iddiaçını Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1050 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsidir.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

27. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

29. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

32. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Bilgəh qəsəbəsində 1050 kv.m. torpaq sahəsinin ona Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 040 saylı qərarı əsasında ayrıldığını iddia etsə də, Dövlət Arxivinin Bakı Filialında və Bilgəh Bələdiyyəsinin arxivində sözügedən qərarın mövcud olmadığı müəyyən edilmişdir.

33. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, torpaq sahəsi bağ massivinin ərazisidir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə çıxarışların verilməsinə əsas olan sənədlərdən bəlli olur ki, dövlət mülkiyyəti torpağıdır və Nardaran bağ massivinin ərazisidir.

34. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

35. İddia rədd edildiyindən cavabdeh tərəfindən verilmiş vəsatətdə üçüncü şəxslərin cəlb edilməsinə zəruriət qalmadı.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar