Məhkəmə qərarları › İş №2-1(112)-9946/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9946/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9946/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC, "xxxx" MMC və X2) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 10 nömrəli mənzilə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında (arayışın) çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9946/2021 nömrəli 01.09.2021-ci il tarixli qərardadı ilə müvafiq iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqan tərəfindən 02 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatət Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9946 2021 nömrəli 19.11.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, "xxxx" MMC və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi mərhum X6 ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında 27 noyabr 2010-cu il tarixdə "xxxx" MMC -nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 10 nömrəli , 210 kv/m sahəli mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər 1 kv/m üçün 681.90 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 143.200 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri X6 tərəfindən tam ödənilmiş və 27 noyabr 2010-cu il tarixli kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair qeyd edilən müəssisə tərəfindən maliyyə arayışı verilmişdir. Tərəflər arasında bağlanmış müvafiq müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv/m olan, 10 nömrəli mənzili tikib sifarişçi X4 təhvil verilməsini öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 210 kv/m sahəli, 10 nömrəli mənzilini tikib sifarişçi X4 təhvil vermişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MTK-nın göstərildiyi qeyd olunmuşdur. Həmin çoxmərtəbəli yaşayış binası Alyans-Z MMC-nin adına (Alyans-Z MTKnın hüquqi varisi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının aparıla biləcəyi bildirilmişdir. Əlavə olaraq mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı 05.02.2020-ci il tarixli qərardadı imtina üçün digər bir əsas kimi iddiaçıya göstərilmişdir. İddiaçı cavabdehin imtinasının əsassız saymış, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 02.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə, Azərbayca Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmiş, lakin vətəndaşın təqdim etdiyi müqavilədən görünür ki, müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bundan başqa, mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1126/2020 saylı 05.02.2020-ci il tarixli qərardadı barədə məlumat qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və aidiyyəti üzrə cavab məktubu ilə bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" MMC ilə X6 arasında imzalanmış 27.11.2010-cu il tarixli, 33 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 10 nömrəli 210 kv/m mənzili tikib X4 təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 143.200 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, 210 kv/m sahəsi olan 10 nömrəli mənzilə görə müqavilə üzrə 143.200 manat məbləğində ödəniş etmişdir. - 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 ilə İddiaçı 07 sentyabr 2020-ci ildə nikah bağlamışlar. - 15 dekabr 2020-ci il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 07 dekabr 2020-ci ildə ölmüşdür. - Bakı şəhəri 11 saylı notariat ofisində vərəsəlik işi açılmış, 08 iyun 2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X3 arvadı İddiaçı verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı 22.09.2020-ci il tarixli qərardadı ilə mənzil üzərinə həbs qoyulması ilə bağlı 05.02.2020-ci il tarixli (007)- 1126/2020 qərardadı ləğv edilmişdir. - Məhkəmə araşdırılması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 04 oktyabr 2021-ci il tarixdə məhkəməyə ünvanlanmış cavab məktubunda ünvan 1a yerləşən Alyans-Z MTK (Nəsimi-19 MMC) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 09.12.2019-cu il tarixli 246 nömrəli istismara icazə sənədi verildiyi bildirilmiş, sözügedən sənədin surəti məhkəməyə təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC ilə sifarişçi arasında imzalanmış müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı 10 nömrəli, 210 kv/m mənzili tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsini götürmüşdür. Maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən sifarişçi X6 həmin mənzilə görə ümumilikdə 143.200 manat ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən istismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MTK-nın göstərilməsi və məhkəmə qərardadı ilə mənzil üzərində həbs olması əsas gətirilərək qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, ümumiyyətlə mübahisə predmetini təşkil edən mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının mövcud olub-olmaması, həmçinin, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MTK-nın ("xxxx" MMC) adının qeyd olunması "xxxx" MMC ilə sifarişçi arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir. İş materillarında olan kassa mədaxil qəbzinə və "xxxx" MMC ilə X6 arasında bağlanmış müqaviləyə birgə qiymət verildikdə, məlum olur ki, sifarişçi müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyərini tam ödəmişdir. Bundan sonra, təkzibolunmaz digər bir arqument odur ki, mübahisəli mənzilin digər fiziki şəxsə satılması ilə bağlı müqavilə mövcud olmuşdur. Həmin fiziki şəxs X2 cavabdehlər "xxxx" MMC-yə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdeal-V” MMC və X6 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4 otaqlı, sahəsi 210 kv/m olan, 10 nömrəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə mülkiyyət hüququnun tanınmaqla, maneəsiz istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(007)-1126/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsinə yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan məhkəmə qətnamələri ilə sifarişçinin "xxxx" MMC ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, 27 noyabr 2010-cu il tarixli müqavilənin etibarlılığını şübhə altına alan heç bir hal olmamış, qanuniliyi və mötəbərliyi qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi əsas odur ki, qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK göstərilmişdir. Məhkəmə cavabdehin etirazda göstərilən əsasa qiymət vermək məqsədi ilə aiddiyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu vermiş, həmin sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, ünvan 1a "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş yaşayış binasına istismara icazə sənədi verilmişdir. Cavabdehin etirazda göstərdiyi digər bir əsas odur ki, mənzil üzərinə həbs qoyulması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı 05.02.2020-ci il tarixli qərardadı vardır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1126/2020 saylı 22.09.2020-ci il tarixli qərardadı ilə mənzil üzərinə həbs qoyulması ilə bağlı 05.02.2020-ci il tarixli (007)- 1126/2020 qərardadı ləğv edilmişdir. Bundan başqa, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemindən əldə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-2(102)- 158/2019 saylı, 09.04.2019-cu il tarixli qərarın təsviri hissəsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" MTK arasında əmlak üzərində hüquqların tanınması və pul tələbi ilə məhkəmə mübahisəsi mövcud olmuşdur.Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, 05 mart 2006cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmış, həmin müqaviləyə görə "xxxx" MTK-nın tapşırığı əsasında "xxxx" MMC mübahisəli mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının inşa edilməsini öz öhdəsinə götürmüş, "xxxx" MTK isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq "xxxx" MMC-yə təhvil verməyi öz öhdəsinə götürürmüşdür. Göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilsə də, binanın istismarına icazə sənədi "xxxx" MTK-ya verilmişdir. Bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Sadalanan qanunvericiliyin müddəalarından irəli çıxarıq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyildir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyinin tələbləri əsasında, tikintisi başa çatmış binaya istismara icazə sənədinin alınması ilə bağlı müraciət etmək hüququ sifarişçiyə məxsus olduğundan, hazırki mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına istismara icazə sənədi müvafiq olaraq sifarişçi qismində çıxış edən "xxxx" MTKya verilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə qətnamələri əsasında iddiaçının mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları tanındığından,həmçinin müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, o cümlədən də, mənzil ilə bağlı digər fiziki şəxs ilə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan, İdeal-V MMC ilə sifarişçi X6 arasında 27 noyabr 2010cu il tarixdə bağlanmış 33 saylı müqavilə mənzil üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsindəki, 4 otaqlı, 210 kv/m sahəli, 10 nömrəli mənzil üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar