Məhkəmə qərarları › İş №2-1(112)-9949/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9949/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9949/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 4- 025D ünvanda yerləşən 0,0122 ha torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. Torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evin layihəsi hazırlanaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Xəzər rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı fərdi yaşayış evində təmir-tikinti işlərinin tam başa çatdırılmadığı müəyyən olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 4-025D ünvanında yerləşən 0,0122 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, sahəsi 133 kv.m olan fərdi yaşayış evinin qeydiyyatdan keçirilərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehinxx.xx.2024-cü il tarixli məktubu ilə imtinaya səbəb kimi qeyd edilən halların heç biri həqiqəti əks etdirmir . Belə ki, təmir tikinti işləri tam olaraq başa çatdırılmışdır. Qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş olan RX seriyalı ******* nömrəli çıxarışa əsasənə ona məxsusdur, özü də yaşayış təyinatlıdır. Belə olan halda qeyd edilən torpaq sahəsinin nəft kəmərinin mühafizə zolağında yerləşməsi mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılma icraatının tətbiq edildiyi yaşayış evləri üçün sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir və sözügedən sənəd də tərəfindən idarəyə təqdim edilmişdir. Cavabdehin etirazları: Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Üçüncü şəxs iddiaya münasibət məktubunda iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxaraq nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 4-025D ünvanda yerləşən 0,0122 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı, mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə almağa yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, fərdi yaşayış evində təmir-tikinti işləri tam başa çatdırılmamış və elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Hazırkı işdə mübahisənin predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, torpaq sahəsinin kateqoriyası – yaşayış mənətəqələrinin torpaqlarıdır. Göründüyü kimi, iddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərə malikdir. Belə ki, yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırladaraq sifarişli poçt göndərişi ilə Xəzər rayon İcra Hakimiyyətinə göndərmişdir. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasına əsaslardan biri elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşməsidir. Məhkəmə qeyd olunan araşdırılması üçün üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə sorğusuna 27 iyun 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində X Y 424611.510 4483859.060 424616.220 4483848.900 424606.270 4483844.200 424601.770 4483854.890 Koordinatlarda olan həmin 122 m2 torpaq sahəsi SOCAR-ın istismarında olan neft boru kəmərlərinin mühafizə zonasının xaricində yerləşir. Həmçinin üçüncü şəxs 16 iyul 2024-cü il tarixli məktubunda bildirmişdir ki, SOCAR-ın qeyd olunan məktubunda göstərildiyi kimi, təqdim olunmuş koordinatlar əsasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin 122 m2 torpaq sahəsi SOCAR-ın istismarında olan neft boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Göründüyü kimi, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarından biri kimi müəyyən olunmuş torpaq sahəsinin neft kəmərinin mühafizə zonası daxilində yerləşməsi faktı və nəticə etibarı ilə iddia tələbi üzrə SOCAR-ın maraqlarına toxunan hal aşkar olunmamışdır. Cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı lazımi qaydada inzibati icraat aparmadan iddiaçıya məxsus fərdi yaşayış evinin olduğu torpaq sahəsinin tamamilə neft kəmərinin mühafizə zonasında yerləşdiyini əsas gətirsə də, üçüncü şəxs qeyd olunan halı təkzib edərək, həmin 122 m2 torpaq sahəsinin SOCAR-ın istismarında olan neft boru kəmərlərinin mühafizə zonası xaricində yerləşdiyini bildirmişdir. Həmçinin üçüncü şəxs onu da qeyd etmişdir ki, torpaq sahəsinin neft kəmərinin mühafizə zonası daxilində yerləşməsi faktı və nəticə etibarı ilə iddia tələbi üzrə SOCAR-ın maraqlarına toxunan hal aşkar olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortofoto görüntüsündən müəyyən edilir ki, cavabdeh elektron kadastr baza məlumatlarına istinadən torpaq sahəsinin neft kəmərinin mühafizəsindı yerləşdiyini bildirir. Lakin həmin ortofoto da cavabdeh tərəfindən həmin neft kəmərinin sökülüb-sökülməməsi barədə məlumatın olmaması bildirilmişdir. Göründüyü kimi, cavabdeh İdarə qeyri-dəqiq məlujmata istinad edərək torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.1, 24.2, 24.3 Maddələr). Fərdi yaşayış evinin tikintisinin başa çatmaması ilə əlaqədar cavabdeh hər hansı bir sübut tədi etməmiş (əyani müayinə zamanı evin fotoşəkilləri və s.), həmçinin bu halın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından nə üçün imtina edilməli olmasını imtina məktubunda və iddia tələbinə verdiyi etirazında əsaslandırmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işdə normada qeyd edilən imtina əsaslarından heç biri mövcud deyil. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 4-025D ünvanında yerləşən 0,0122 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, sahəsi 133 kv.m olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar