Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9950/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçın icraçı direktoru X1 “inzibati təhbeh vermə haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi”nə dair şikayəti üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçın icraçı direktoru X2 26.07.2021-ci il tarixli ******* saylı inzibati təhbeh vermə haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli 09.08.2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbini irəli sürmüşdür (şikayət ərizəsi vermişdir).
2. Tələb (şikayət) onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı PHŞ-in (bundan sonra Mərkəz adlandırılacaq) İcraçı direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə “İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə...” tərtib edilmiş MN ******* nömrəli 09.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2019-cu il tarixli 895 nömrəli Fərmanının icra edilməsilə bağlı Talassemiya Mərkəzi və В.A.Eyvazov ad. Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə prosesinin həyata keçirilməsi məqsədi ilə hər iki tibb müəssisəsinin işçilərinin əmək müqavilələrinə xitam verilərək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra TƏBİB) tərəfindən qəbul edilmiş müvafiq Qərarı əsasında təsdiq edilmiş yeni yaranmış Milli Hematologiya və Transfuziologiya Mərkəzinin struktur və ştat cədvəlinə əsasən işə yenidən qəbul edilmələrinin həyata keçirilməsi zərurəti yaranmış və həmin proses mərhələli şəkildə icra edilmişdir. Yuxarıda adıgedən proses Mərkəzin bütün işçi heyətinə tətbiq edildiyi kimi Cavadova llhamə Mökyub qızına dair həyata keçirilmişdir. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən Cavadova llhamə Mökyub qızı ilə keçmiş B.A.Eyvazov ad. Hematologiya və Transfuziologiya İnstitut arasında bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixindən xitam verilsə də həmin tarixdən yeni Mərkəzin mövcud ştatı üzrə mühasib vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi onunla yeni əmək müqaviləsi imzalanmışdır. Əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Lakin, işçi llhamə Mökyub qızı Cavadovanın əmək müqaviləsinə xitam verilsə də onunla həmin gün yeni əmək müqaviləsi imzalanmış və yeni yaranmış Mərkəzdə iş fəaliyyətini davam etdirdiyi səbəbindən əmək kitabçası ona təhvil verilməyərək Mərkəzin İnsan resurslarının idarəedilməsi şöbəsində saxlanılmışdır. Son haqq hesaba gəldikdə isə həmin gün işçinin sonuncu iş günü olmadığından ümümi əmək haqqı ödənilən gün son haqq hesab ödənilmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq əmək müfəttişi tərəfindən qəbul edilmiş qərara əsasən son haqq hesab gecikdirildiyinə görə cərimə protokolu tərtib edilmişdirsə o zaman əmək kitabçası və əmək müqaviləsinə xitam verilmə əmrinin bir nüsxəsi ilə birlikdə llhamə Mökyub qızı Cavadovaya verilməsi də təmin edilməli idi. Əks təqdirdə protokolda bu da öz əksin tapmalı idi. Bəli, Əmək Məcəlləsinin tələblərinə əsasən işçiyə son iş günü son haqq hesab, əmək kitabçası və əmək müqaviləsinə xitam verilmə əmrinin bir nüsxəsi də verilməli idi. Lakin, nəzərə alsaq ki llhamə Mökyub qızı Cavadovanın əmək müqaviləsinə xitam verildiyi gün (03.05.2021) Mərkəzdə yeni əmək müqaviləsi imzalanmişdır (03.05.2021) bu da məntiqlə işçinin son iş günü hesa edilmədiyi səbəbindən son haqq hesabın verilməsinin protoklda qeyd edildiyi kimi 27.05.2021-ci il tarixində ödənilməsində hər-hansı bir qanun pozuntusu olmamışdır.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şikayətçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
II. İddianın (şikayətin) mümkünlüyü
4. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir.
5. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
6. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
8. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia (şikayət ərizəsi) mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva