Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9956/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X2 cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “müsahibə qərarlarının ləğv edilməsi, iddiaçının rus qrupu üzrə birinci sinifə getməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müsahibə qərarlarının ləğv edilməsi, X3 rus qrupu üzrə birinci sinifə getməsi üçün qeydiyyata alınması və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının rus dilində təhsil alması ilə bağlı məhdudlaşdırıcı hərəkətlər etmişdir ki, bununla da şəxsin təhsil almaq hüququ pozulmuşdur. İddiaçı hesab edir ki, əgər onun xarici dil bilikləri üzrə səviyyəsi zəifdirsə, cavabdeh tərəfindən hazırlıq sinifləri və kursları təşkil edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirililirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə sagird qəbulunun aparılması barədə” xx.xx.2022-ci il tarixli, F-216 nömrəli əmrinə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-176 nömrəli əmri olmuş və həmin əmrlərə əsasən şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müəllimlərdən ibarət müsahibə komissiyaları təşkil olunmuşdur. Yuxarıda qeyd olunan əmr əsasında təşkil olunmuş müsahibələr zamanı çəkilmiş videogörüntülərdən də aydın olur ki, X5 ona əzbərlədilmiş söz və qurma, öz fikrini sadə formada bildirə bilməz, söz və ifadələrdən başqa qiymətləndirilən bütün meyarlar üzrə (dinlədiyini anlama, ünsiyyət qurma,öz fikrini sadə formada bildirə bilmə, söz və ya söz birləşmələrin tələffüzünü mənfi qiymətləndirilmişdir. X2 hər ikimüsahibəsində fərqli pedaqoqlar iştirak etmiş və hər iki müsahibə komissiyalarının Davud Hacıyevin dil bilikləri barədə gəldiyi nəticə eyni olmuşdur. Bu səbəbdən X2 rus bölməsində təhsilini davam etdirməsi məqsədəuyğun hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əsl iddiaçı X5 ilə əvəz edilməsi və İddiaçının qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, iddiaçının əsl iddiaçı X5 ilə əvəz edilməsi və İddiaçının qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bu zaman, iddiaçının yetkinlik yaşına çatmayan şəxs olması, onun valideynin isə qanuni nümayəndə qismində iştirakı ilə bağlı da subyektiv hüququn mövcudluğu baxımından da iddia üzrə mümkünlük şərtinin yerinə yetirilməsinə münasibətdə də xüsusi olaraq aşağıdakıların qeyd edilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, hazırkı halda yetkinlik yaşına çatmayan şəxs olan iddiaçı məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan şəxs publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu zaman qeyd olunmalıdır ki, bu təcrübənin formalaşdırılmasında Ali Məhkəmənin mövqeyinin nəzərə alınmasının əhəmiyyəti prosessual normaların düzgün tətbiqi üzrə də əhəmiyyət kəsb edən haldır ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2114/2020 nömrəli işi üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında da anoloji yanaşmanın hazırkı mübahisə üzrə də düzgün iddiaçının müəyyən edilməsi baxımından nəzərə alınmalı olması qənaətindədir. Belə ki, adıçəkilən kassasiya instansiya məhkəməsi qərarından da göründüyü kimi, məhkəmə övladlarına məcburi köçkün statusu verilməsi ilə bağlı valideyn tərəfindən qaldırılan iddiaya mahiyyəti üzrə baxarkən əsl iddiaçıların valideyn yox, məhz uşaqların özü olması, həmin şəxslərin publik hüquq münasibətlərinin tərəfi olması, valideynin isə qanuni təmsilçi olması ilə bağlı mövqe nümayiş etdirmişdir. Hazırkı iddia üzrə də oxşar mübahisə vardır. Belə ki, ilkin iddiaçı əsl iddiaçının valideyni olmaqla onun təhsil hüququnun təmin edilməsinə iddialıdır ki, konstitusion hüququn ehtimal olunan pozuntusuna münasibətdə əsl zərərçəkən bu növ iddialarda məhkəmə hesab edir ki, inzibati hüquq mübahisələrində məhz yetkinlik yaşına çatmasa da həmin şəxsin özü olmalıdır. Onun hüquq və mənafelərinin müdafiəsi isə təbii haldır ki, qanuni təmsilçisi vasitəsi ilə həyata keçirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının X5, yəni yetkinlik yaşına çatmayan şəxs olması, onun qanuni nümayəndəsi qismində isə valideyni İddiaçı tanınması subyektiv hüquqlar bağlı mümkünlük şərtlərinin tələblərinə tam uyğundur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Azərbaycan Respublikasının Təhsil haqqında” Qanunun: 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. 19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.1.Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.3. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. 6.5. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək ümumi təhsil sahəsində təhsilalanların hüquqlarından biridir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndində qeyd olunmuşdur ki, həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4cü, 6.5-ci, 9.2-ci, 12.9-cu (tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə), 12.10-cu, 13.5-ci, 13.8-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü (təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla), 27.3-cü maddələrində və 28.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Hər nə qədər ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin F- 176 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimata əsasən: 1.1.Bu Təlimat Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyir. 2.1.Müsahibə prosesi İşçi qrupu tərəfindən müəyyən edilmiş 12 rayon üzrə 5 mərkəzdə əyani formada Komissiya üzvlərinin uşaqla müvafiq dil üzrə şifahi ünsiyyət qurması və sual-cavabı şəklində həyata keçirilir. Müsahibə zamanı uşağın valideyinlərinin (qanuni nümayəndəsinin) müsahibə prosesində iştirakına şərait yaradılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi Komissiyanın müvafiq qaydada protokollaşdırılmış rəyi əsasında həyata keçirilir. Rəydə uşağın müvafiq dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi mənfi və ya müsbət olmaqla qeyd olunur. Komissiyanın rəyinin əks olunduğu protokol bütün üzvlər tərəfindən imzalanır və Komissiya sədri tərəfindən təsdiq olunur. 2.6.Komissiya sədri tərəfindən aşağıda qeyd edilən işlərin icrası təmin edilməlidir: 2.6.1.Uşaqların rus dili üzrə dinləmə-anlama və nitq bacarıqlarının qiymətləndirilməsinin mövcud təlimatın tələblərinə uyğun aparılması; 2.6.2.Müsahibə prosesində valideyinlərin iştirakının təmin edilməsi; 2.6.3.Müsahibə prosesində uşaq seçilmiş təlim dilini bilmədiyi və ya həmin dildə ünsiyyət qurmaqda çətinlik çəkdiyi halda valideynə (digər qanuni nümayəndəyə) təlim dilini dəyişdirməyin zəruriliyinin izah edilməsi; 2.6.4.Müsahibənin keçirilməsi ilə bağlı işin təşkili, o cümlədən sistemdə olan növbəliyə əsasən uşaqların Komissiya (və yaxud komissiyalar) tərəfindən qəbul edilməsi; 2.6.5.Müsahibə nəticəsinin yazılı şəkildə protokollaşdırılaraq iş gününün sonunda İdarənin İnformasiya təminatı sektorunda təqdim olunmasının təmin edilməsi; 2.6.6.Ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi. Şərh olunan normativ hüquqi aktların tələblərindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsin tərəfindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyən təlimat qəbul edilmiş, həmin təlimat əsasında təhsil almaq istəyən şəxslərin müvafiq dil üzrə şifahi ünsiyyət qurması və müsahibənin sual-cavab şəklində həyata keçirilməsi, müsahibə zamanı uşağın valideynlərin (və ya digər qanuni nümayəndəsinin) müsahibədə iştirakının təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçı X6 ilə rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə aparılmış, müsahibə zamanı iddiaçının qanuni nümayəndəsinin iştirakı təmin olunmuşdur. Müsahibənin nəticəsində iddiaçı işçi qrupu tərəfindən “dinlədiyi anlama”, “ünsiyyət qurma”, “öz fikrini sadə formada bildirə bilmə”, “söz və ya söz birləşmələrin tələffüzü”, “özü və ailəsi haqqında qısa məlumat vermə” meyarları üzrə mənfi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə qeyd etmək istəyir ki, təhsil institutu xüsusi bilik və təcrübə tələb edən institutlardan biridir. Nəzərə alınmalıdır ki, təhsil almaq istəyən şəxsin birinci sinifə qəbul edilməsi üçün rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi xüsusi sferaya aid olan şəxslər tərəfindən həyata keçirilir ki, onlar pedaqoji ixtisasa malik olan peşəkar şəxslərdir. Məhkəmə tərəfindən müsahibənin keçirilməsi ilə bağlı videogörüntülərə baxılmış, işçi qrupu tərəfindən iddiaçıya rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi istiqamətində sullar verilmiş (otağın təsvir edilməsi, havanın necə olması, özü və ailəsi haqqında qısa məlumat, sağ-sol anlayışları və s.), lakin iddiaçı sualların cavablandırılmasında çətinlik çəkmiş, bəzi sualları isə ümumiyyətlə cavablandırmamışdır. Bu səbəbdən də işçi qrupu tərəfindən iddiaçının beş meyar (“dinlədiyi anlama”, “ünsiyyət qurma”, “öz fikrini sadə formada bildirə bilmə”, “söz və ya söz birləşmələrin tələffüzü”, “özü və ailəsi haqqında qısa məlumat vermə”) üzrə qiymətləndirilməsi mənfi rəy ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qiymətləndirmə aparmış və apardığı qiymətləndirmə zamanı diskresion səlahiyyətini düzgün həyata keçirmişdir. İddiaçının mövcud dil biliklərinə uyğun olaraq birinci sinif üzrə rus dili qrupuna qəbulu, həm rus dili qrupunda iştirak etmək hüququna malik olan və dil bilgisi daha yetərli olan şagirdlərin təhsil hüququnun reallaşdırılması üzrə fəalliyyətinə, şagirdlərə dərs deyən müəllimin pedaqoji fəaliyyətinə mənfi təsir edə bilər. Belə ki, hazırkı halda şagirdin hər hansı dərsdə geri qalmasından yox, tədris edilən dil üzrə biliyə malik olmamasından gedir ki, həmin halın tədris proqramından şagirdlərin geri qalmasına, müəllim heyətinin isə tədris proqramına uyğun dərs verilməsinə təsiri danılmazdır. Bu zaman nəzərə alınmalıdır ki, pedaqoji fəaliyyəti həyata keçirən müəllim öz fənni üzrə dərs demək əvəzinə, dərs dediyi sahə üzrə şagird və ya şagirdlərə hər hansı sözləri tərcümə etmək vəzifəsi daşımır və tədris fənnləri üzrə müəyyən saat qrafikində aparılmalı olan tədris vaxtının bir hissəsi məhz tərcüməyə ayrılmamalıdır. Bu zaman, cavabdehin müsahibənin keçirilməsi ilə əlaqədar tədbirlər həyata keçirməməsi isə rus dili qrupuna daxil olan, lakin dili kifayət səviyyədə bilməyən şagirdlərə dərs deyilməsinə səbəb ola bilər ki, bu zaman ibtidai sinif müəllimin dil müəllimindən fərqi olmaz. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməməli olması təkcə tədris proqramından digər şagirdlərin və müəllimin geri qalmasının qarşısının alınmasına xidmət etmir, eyni zamanda ibtidai sinif üzrə təhsil almalı olan şagirdin maraqlarına da xidmət edir. Belə ki, ibtidai sinif üzrə tədrisdə iştirak edən şagird ibtidai sinif üzrə təhsil fənnlərini keçmək əvəzinə, faktiki olaraq həmin fənnlər üzrə istifadə olunacaq sözlərin Azərbaycan dilində tərcüməsini mənimsəməklə vaxt itirəcəkdir. Bundan əlavə, məhkəmə dil biliklərinin araşdırılması üçün əlavə mütəxəssis cəlb edilməsinə də zərurət görmür. Belə ki, nəzərə alınmalıdır ki, burada təkcə uşağın dil biliklərinin hansı səviyyədə olması yox, 1-ci sinif üzrə tədris qrupunda iştirak etmək üçün kifayət edici səviyyədə olub-olmamasının qiymətləndirilməsindən gedir. Bunun qiymətləndirilməsi isə hər hansı dil biliyinə malik olan şəxsin qiymətləndirilməsindən əlavə, ixtisaslı şəxslərin qiymətləndirməsindən asılı olmalıdır. Belə ki, iddiaçının dil biliyini yoxlayan şəxslər təkcə rus dilini bilən şəxslər yox, cavabdehin həyata keçirdiyi fəaliyyət sferası nəzərə almaqla həmin İdarənin adından hərəkət edən həm rus dilin bilən, həm də müvafiq pedaqoji ixtisasa malik olan, o cümlədən birinci sinif qrupları üzrə rus dilində tədrisə uşaqların daxil olub-olmamasına qiymət verilməsi baxımından peşəkar olan şəxslərdir. Bu səbəbdəndir ki, onların qiymətləndirilməsini, rus dili biliyinə malik olan hər hansı şəxsin dil biliyi üzrə qiymətləndirməsi əvəz edə bilməz. Məhkəmə iddiaçının “əlavə hazırlıq siniflərin və kursların keçirilməsi” ilə bağlı irəli sürdüyü mülahizələrə münasibətdə qeyd edir ki, doğrudur ki, Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 7.3-cü maddəsinə görə tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunmalıdır. Lakin, nəzərə alınmalıdır ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təkcə ümumi təhsil pilləsini deyil, ümumiyyətlə vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayan Qanundur. Ümumi təhsil pilləsinin tənzimlənməsi isə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Göründüyü kimi ümumi təhsil pilləsində təhsilalanlardan yalnız azərbaycan dilini zəif bilənlərə münasibətdə hazırlıq siniflərin və kursların təşkil olunması nəzərdə tutulmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparıldığından, həmçinin cavabdeh tərəfindən qiymətləndirilmə onun diskresion səlahiyyətləri çərçivəsində aparıldığından, iddiaçının rus tədris dili üzrə təhsil müəssisəsinə qəbulun həyata keçirilməsi mümkün deyildir. İddiaçının iddia tələbinin digər hissəsinə (212 saylı tam orta məktəbinə qəbul edilməsi və müəllimənin X1ması) münasibətdə məhkəmə aşağıdakiları diqqətə çatdırır. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 13.22-ci maddəsinə əsasən ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdənsinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi” Qaydalarının 1.4-cü yarımbəndinə əsasən məktəbin İ və X siniflərinə uşaq (şagird) qəbul etmək imkanları (Nümunəvi Nizamnamənin 2.6‒2.6-2-ci bəndləri nəzərə alınaraq müəllimlərin və siniflərin sayı), iş rejimi (dərs məşğələlərinin keçirilmə saatları), tədris edilən xarici dillər haqqında, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı barədə məlumat məktəbin əsas girişinin qarşısında yerləşdirilir, habelə həmin məlumat internet saytı və digər vasitələrlə əhalinin diqqətinə çatdırılır. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin: 2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. 2.6-1. Ümumtəhsil məktəbi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. 2.6-2. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. 2.6-3. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu Nizamnamənin müvafiq olaraq 2.6-cı-2.6-2-ci bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Məhkəmə qeyd edir ki, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə yerləşdirilməsi yuxarıda adları çəkilən normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir ki, bu zaman müvafiq olaraq əhaliyə müəllimlərin və siniflərin sayı, iş rejimi (dərs məşğələlərinin keçirilmə saatları), tədris edilən xarici dillər haqqında, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı barədə məlumat kütləvi informasiya vasitəsi ilə diqqətinə çatdırılır. Vətəndaşlar isə bu məlumatları rəhbər tutaraq sərbəst seçim edirlər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının rus dili üzrə nitq bacarıqlarının zəif olması müşahidə olunduğundan və onun təhsil müəssisəsinin rus bölməsində tədrisi mümkün olmadığından, 212 saylı tam orta məktəbinə qəbul edilməsi və müəllimənin X1ması ilə bağlı tələbin təmin olunması da istisna olunur. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9956/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9956/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver