Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9962/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, tərcüməçi X3, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə verərək məhkəmədən, onun, yəni İddiaçı ünvan 3i Rayon İcra Hakimiyyəti başçısının “Şəhid ailəsi İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” 1-1/68 №-li xx.xx.2021-ci il tarixli Sərəncamı ilə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla mənzillə təmin olunmağı öhdəliyinin cavabdeh Agentliyə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X7 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixində gedən döyüşlərin birində şəhid olmudur. O, yəni X6, 2021-ci ilin aprel ayında Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməklə əlaqədar müraciət etmişdir. Nizami Rayon İcra Hakimiyyəti onun sənədlərini hazırladıqdan sonra sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Agentliyə təhvil veriləcəyi bildirilmişdir. Sənədləri 2021-ci ilin may ayında təhvil vermişdir. Lakin onlar 2 il müddətində ona ehtiyacı olan şəhid ailələrinə ev verdiklərini bildirmişdilər. Daha sonra isə 2023-cü ildə də onun sənədlərinə baxıb evlə təmin edəcəklərini bildirdilər. 2023-cü ilin aprel ayında Agentliyin işçiləri onu çağırıb ərizə yazdırmışdır. Agentlik xx.xx.2023-cü il tarilxi məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 15 may 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021- ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 05 may 2021 -ci il tarixindən 2 nəfər ailə tərkibi ilə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 44.01 kvadratmetr olan üçotaqlı mənzilin olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3i rayon VVAQ şöbəsi tərəfindən verilmiş “Atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 006779 №-li, xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə doğulmuş X4 atası X8, anası İddiaçı qeyd olunmuşdur. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2002-ci ilin avqust ayının 20 günündə 183 № ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 148044 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2020-ci il tarixdə “Hərbi əməliyyat nəticəsində digər növ partl. və ya qəlpə. törən. zədələnmələr səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 05 günündə 09 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 3i Rayon İdarəsi tərəfindən verilmiş 751 №-li xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı mərhum oğlu 2002-ci il təvəllüdlü əsgər X7 xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 3i rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş döyüş meydanında döyüş tapşırığı yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə həlak olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq Şəhid hesab olunur. Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı 002537 №-li Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq məhkəməyə təqdim olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********18 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 159 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikasının ərazilərində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Məktuba AN-İ seriyalı, ******* №-li, xx.xx.2008-ci il tarixli alqı satqı müqaviləsi əlavə olunmuşdur. ünvan 3i Rayon İcra Hakimiyyətinin 516/1-786/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Şəhid ailəsi İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” ünvan 3i Rayon İcra Hakimiyyəti başçısının 1-1/68 №-li, xx.xx.2021-ci il tarixli sərənamından müəyyən olunur ki, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Məktuba əlavə olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,3628 ha torpaq sahəsində yerləşən 61 nömrəli, 9 mərtəbəli binada, 57,18 kv.m ümumi, 44,01 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 159 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli kitabının 60668 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda xx.xx.2008-ci il təvəllüdlü X9 qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş **********9 saylı xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialından şəhid ailə üzvü kimi aylıq 500 (beş yüz) manat məbəğində Prezident təqaüdü alır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Agentlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mənzillə təmin edilməyi ilə bağlı Agentliyə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, və konstitusiya quruluşunun müdafiəsi ilə "əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. ünvan 3i Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 5 may 2021-ci il tarixində 2 nəfər ailə tərkibi (özü və qızı) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Mənzillə təmin olunmağı üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində daşınmaz əmlakın - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 61 ünvanında yaşayış sahəsi 44,01 kv.m olan üç otaqlı 159 nömrəli mənzilin olduğu aşkar edilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Nazirlik tərəfindən mənzillə təmin edilməyi nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; - 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1-ci maddəsinə əsasən yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6-cı maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9-cü maddəsinə əsasən Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-cı illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir (1.2); Agentliyin hüquq və vəzifələrinə aşağıdakılar aiddir: sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək (3.1.2); dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək (3.1.16). İşin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,3628 ha torpaq sahəsində yerləşən 61 nömrəli, 9 mərtəbəli binada, 57,18 kv.m ümumi, 44,01 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 159 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə şəhid ailəsi üzvü kimi qeydə alınmış İddiaçı məxsus olmaqla yanaşı, sonuncunun faktiki istifadəsindədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, lakin sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi yaşayış sahəsi ilə birinci növbədə təmin olunması, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olmaqla yanaşı, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı halına gətirib çıxarmış olacaq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İşin yuxarıda sadalanan hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmətə ehtiyacı olan şəxs kimi iddiaçıya münasibətdə hazırki tələb üzrə onun sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. İPM-yə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9962/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9962/2023
19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver