Məhkəmə qərarları › İş №2-1(112)-9966/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9966/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9966/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh3 Müharib qızı və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 1112096170 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən 74 saylı evin 51 saylı mənzili İddiaçı (bundan sonra – İddiaçı) tam mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 Müharib qızı, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.1995ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh11, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh12 ünvan 1 ünvanında qeydiyyatdır.

3. İddiaçı ərizə ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, həmin şəxslərin mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 13187K-1222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Bundan sonra iddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə, Cavabdeh2, Cavabdeh3 Müharib qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 Müharib qızının, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh12 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən 74 saylı evin 51 saylı mənzilindən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 mülkiyyətində olan mənzildə qeydiyyatda olmadığı üçün pasport qeydiyyatından çıxarılmasına ehtiyac olmadığını qeyd etmiş, iddia ərizəsində cavabdeh kimi yalnız Bakı şəhər Suraxanı rayon Polis İdarəsininin müəyyən olunmasını və Cavabdeh3 Müharib qızının, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh12 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən 74 saylı evin 51 saylı mənzilindən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Cavabdeh2, Cavabdeh3 Müharib qızının, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh12 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Cavabdeh3 Müharib qızı, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh12 (bundan sonra – üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması

8. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci i tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən 74 saylı evin 51 saylı mənzilini Cavabdeh2 almışdır. Bu zaman evdə qeydiyyatda olan üçüncü şəxslər Cavabdeh3 Müharib qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yetkinlik yaşına çatmış şəxs olduğu üçün sözügedən mənzil barəsində alqı-satqı müqaviləsinin bağlanmasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini verərək əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüş və mənzilin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddət ərzində, yəni 6 (altı) ay müddətində mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Həmçinin alqı-satqı zamanı yetkinlik yaşına çatmayan və həmin an razılıqları tələb olunmayan və hazırda artıq yetkinlik yaşına çatmış satıcı Cavabdeh2 övladları xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh11, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh12 onun mənzilində qeydiyyatdadırlar. Alqı-satqı zamanı yetkinlik yaşına çatmayan və adları yuxarıda qeyd edilən şəxslərin evdən qeydiyyatdan çıxarılması öhdəliyin satıcı Cavabdeh2 alqı-satqı müqaviləsində öz üzərinə götürmüşdür. Həmin vaxtdan bəri üçüncü şəxslər sözügedən mənzildən köçmüşlər, lakin buna baxmayaraq üçüncü şəxslər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Üçüncü şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, üçüncü şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. O, dəfələrlə üçüncü şəxslərin könüllü olaraq mənzilindən qeydiyyatdan çıxması barədə onlarla əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Çünki onların hazırda faktiki olaraq harada yaşadıqları barədə heç bir məlumatı yoxdur.

9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

16. İddia həm də əsaslıdır. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 51 nömrəli dörd otaqlı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçirilmişdir.

17. xx.xx.2012-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən ü/s 83,75 kv.m , y/s 48,53 kv.m, y/s 35.22 kv.m olan 51 saylı 4 otaqlı mənzili alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 13-cü bəndinə əsasən isə satıcı müqavilə notarial qaydasında təsdiq olunduğu tarixdən 6 ay müddətində mənzildən qeydiyyatdan çıxmağı, habelə qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını təmin etməyi öhdəsinə götürmüşdür.

18. Müqaviləyə əlavə edilmiş Cavabdeh6 Muharib oğlunun, Cavabdeh3, Cavabdeh4 Muharib oğlunun və X3 xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar 51 nömrəli dörd otaqlı mənzilin satılmasına razı olmuşlar, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.

19. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçının 51 saylı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

20. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 01-13/73 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəs., AB y/s., ev 74-də yerləşən 51 nömrəli mənzil iddiaçıya məxsusdur. Həmin mənzildə faktiki olaraq X5, X4 və X2 yaşayırlar.

21. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018- 19861-1222 nömrəli məktubundan görünür ki, Cavabdeh3 Müharib qızı, Cavabdeh4 və Cavabdeh6 xx.xx.2004-cü il tarixdən, Cavabdeh8 xx.xx.2019-cu il tarixdən, Cavabdeh10 xx.xx.2011-ci il tarixdən, Cavabdeh9, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh12 xx.xx.2016-cı il tarixdən hazıradək Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəs., AB y/s., ev 74-də yerləşən 51 nömrəli mənzildə qeydiyyatdadırlar.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5, 51 saylı mənzil üzərində üçüncü şəxslərin istifadə hüquqularının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

23. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər həmin mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh2 ailə üzvləridir və onun razlığı ilə həmin mənzilə qeydiyyata alınmışlar.

24. İddiaçı artıq həmin mənzilin yeni mülkiyətçisi kimi əvvəlki mülkiyətçinin ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün hazırkı iddianı qaldırmışdır.

25. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

26. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

29. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

31. Hazırkı məhkəmə qərarının 16-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli mənzilin keçmiş mülkiyyətçisi X1 ailə üzvü olmuş və iddia olunan mənzilə onun razılığı əsasında qeydiyyata alınmışlar. Cavabdeh2 mübahisəli mənzili iddiaçıya satdıqdan sonra, onun, habelə mənzilə hüququ olan bütün şəxslərin, o cümlədən üçüncü şəxslərin bütün hüquqlarına xitam verilmişdir. İş materialları ilə həmin şəxslərin hazırda mübahisəli mənzildə yaşaması müəyyən olunmur, habelə daşınmaz əmlakın dövlət reyestrində onların mənzilə dair qeydiyyatdan keçmiş hər hansı bir hüququ yoxdur.

32. Belə olan halda müəyyən olunur ki, üçüncü şəxslərin 51 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də iddia təmin olunmalıdır.

33. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh3 Müharib qızının, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh6, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh9, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh11, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh12 ünvan 5 ünvanında yerləşən 51 nömrəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar