Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-997/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Səbail Xəzər rayonu, M.Müşfiq küçəsi ev 4b, mənzil 6; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə 3-cü şəxs -"xxxx" ASC qarşı “məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) cavabdehlərin üzərinə İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılması və gələcəkdə eyni əsaslarla yenidən iddiaçının ölkədən çıxışına məhdudiyyətin qoyulmasının qadağan edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cavabdehlər sırasından çıxarılması qərara alınmış, həmçinin iddiaçının “İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ohdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, təxminən 2015-ci ilin iyun-iyul aylarında İddiaçı ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası sərhəddində yerləşən “Sınıq Körpü” (qırmızı körpü adlanan) sərhəd buraxılış məntəqəsindən keçərkən ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı saxlanılmışdır. Bundan sonra İddiaçı Qazax rayon Polis şöbəsinə aparılmışdır. İddiaçı polis şöbəsində onun barəsində hansı səbəbdən məhdudiyyət qoyulmasından xəbəri olmadığını bildirmişdir. Qazax rayon polis şöbəsində ona qeyd olunan məhdudiyyətlə bağlı Bakı şəhər Baş Polis İdarəsinə getməli olduğu bildirilmiş və bundan sonra sərbəst buraxılmışdır. Bakı şəhər Baş Polis İdarəsində ona bildirilmişdir ki, "xxxx" ASC-yə kredit borcu olduğu üçün sonuncunun müraciəti əsasında Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində İddiaçı banka gedərək məsələnin həll etməli olduğu bildirilmişdir. İddiaçı ilə "xxxx" ASC-nin "Nərimanov” filialı arasında xx.xx.2011-ci il tarixində illik faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə 24532 (iyirmi dörd min beş yüz otuz iki) ABŞ dollar məbləğində avtomobil krediti rəsmləşdirilmişdir. Eyni tarixli İpoteka müqaviləsinə əsasən, **-KH-*** dövlət nömrə nişanlı “Hyundai İX-35” markalı minik avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin və İpoteka müqaviləsinin İddiaçı adına rəsmləşdirilməsinə baxmayaraq, həmin minik avtomobili ilk gündən faktiki olaraq onun tanıdığı şəxsin istifadəsində olmuş və kredit müqaviləsi üzrə aylıq ödənişlər həmin şəxs tərəfindən edilmişdir. Bununla bağlı həmin şəxsə notariat qaydasında təsdiq edilmiş etibarnamə verilmiş və bankın da bundan xəbəri olmuşdur. Etibarnamənin xeyrinə ipoteka yüklülüyü edilmiş bankın razılığı olmadan notariat qaydasında verilməsi mümkün deyil. Bu məsələnin araşdırılması ilə bağlı həmin vaxt banklara nəzarət edən orqan olan Maliyyə Bazarlarına Nəzarət Palatasına iddiaçı tərəfindən müraciət olunmuşdur. Qeyd olunan orqan tərəfindən yazılı şəkildə xx.xx.2017-ci il tarixli, ********** saylı məktub ünvanlanmışdır. "xxxx" ASC-nin Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İ.Alışova və İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 02/768 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, bank tərəfindən xx.xx.2013-cü il tarixində sığorta məbləğinin ödənilməsi üçün “Beynəlxalq Sığorta Şirkəti”nə rəsmi məktub ünvanlanmışdır. Vəsait köçürülmədiyi üçün sığorta şirkətinə təkrar olaraq xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixində müraciət olunmuşdur. Müvafiq 23048,24 ABŞ dolları məbləğində vəsait sığorta şirkəti tərəfindən xx.xx.2014-cü il tarixində ******************** saylı hesaba köçürülmüşdür. Həmçinin "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli. 13/243 saylı məktubuna əsasən, İddiaçı müraciətinə baxıldığı və sığorta hadisəsi baş verdikdən sonra 23048.24 ABŞ dolları məbləğində vəsaitin sığorta şirkəti tərəfindən xx.xx.2014-cü il tarixində ******************** saylı hesaba köçürüldüyü bildirilmişdir. Həmçinin həmin məktubda əlavə olaraq bildirilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" ASC-nin səlahiyyətləri çərçivəsində deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyəti və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəösin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara çıxa bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədindən buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: - (maddə 9.3.1) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; - (maddə 9.3.2) məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; - (maddə 9.3.3) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; - (maddə 9.3.4) üzərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; - (maddə 9.3.5) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; - (maddə 9.3.6) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; - (maddə 9.3.7) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə, həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfndən təsdiq olunan qərar qəbul edilir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə vətəndaşın ölkədən getmək hüququnun hansı hallarda və hansı əsaslarla müvəqqəti məhdudlaşdırılması səbəbləri dəqiq müəyyən edilmişdir. Lakin nə hazırkı iddiaçıya dair müvafiq qərar qəbul olunarkən (hərəkət edilərkən), nə də hazırkı məhkəmə icraatında iddiaçının Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş hallara dair cavabdeh orqan tərəfindən heç bir sübut, dəlil təqdim edilməmişdir. İş materiallarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı fiziki şəxs olaraq banka 7.413 ABŞ dolları kredit borcu olmaqla o, borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı barəsində Bakı şəhəri rayon polis orqanlarının istintaq qurumlarında cinayət işi və ya digər təqsirləndirici material yoxdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1-ci maddəsinə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi, işin məhkəmə araşdırılması zamanı iddiaçının ölkədən gedişinə məhdudiyyət üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə bununla bağlı hər hansı məhkəmə aktını, eləcə də cinayət prosessual fəaliyyəti həyata keçirən orqanın qərarını təqdim etməmişdir. "xxxx" ASC ilə hazırkı iddiaçının arasında mülki mübahisənin həlli üzrə cavabdehin (borclunun) ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsi isə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsində müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə mümkündür, hansı ki, hazırkı iş üzrə belə bir qərarın mövcudluğu aşkar olunmadı. Belə olan halda məhkəmənin qənaətinə görə edir ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının ölkədən gedişinə qoyulmuş məhdudiyyətlər onun Konstitusiya ilə təsbit olunmuş “sərbəst hərəkət etmək” hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu cür müdaxilə qanunvericiliyin məqsədlərinə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün hər hansı fayda yaratmır və zərurət təşkil etmir. Odur ki, iddiaçının ölkədən gedişinə qoyulmuş məhdudiyyət qanunsuz sayılmalı və bu səbəbdən də ləğv edilməlidır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ohdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ohdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-997/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-997/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver