Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9974/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci dərəcəli kapitan (polkovnik) kimi 2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xarici amilin-radiasiyanın təsiri nəticəsində yaranan postradiasion toksiki və keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən (xx.xx.2007) sonrakı postravmatik ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə hərbi xidmətə yararlılıq kateqoriyası “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab olunmuşdur. Səhhətində olan geridönməz və proqressivləşmədə olan travmanın nəticələri ilə əlaqədar cavabdehə müraciət etmiş, müayinələrdən keçdikdən sonra 2019-cu il tarixində “Toksiki ensefalopatiya. Postradiasion toksiki ensefalopatiya. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postradiasion ensefalopatiya. Baş beynin diffuz travması, keçirilmiş kəlləbeyin travmasının davamlı nəticələri. Digər koordinasiya pozğunluğu, qabarıq koordinator pozğunluqlar. Digər dəqiqləşdirilmiş polineyropatiyalar. Şüa polineyropatiyası. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə, sol tərəfli piramid çatmamazlıq. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi” diaqnozu ilə ona 2 (ikinci) qrup əlillik təyin edilmişdir. Dəfələrlə stasionar, ambulator və reabilitasiya müalicələri almış və sənədləri cavbdehə təqdim etmişdir. Əlilliyin 5 li tamam olduqdan sonra növbəti müayinə üçün cavabdehə müraciət etmişdir. Cavabdeh heç bir müayinə olunmadan ona imtina verilmişdir. Cavabdeh göndəriş verən şəhər, rayon tibb müəssisəsinə rəsmi və imtinanı ətraflı əsaslandırmaqla məktub göndərməlidir. Lakin, bunlar olunmamış və bu səbəbdən imtina əsassız kimi sayılmalıdır. Bu səbəbdən cavabdeh tərəfindən verilən imtina əsassız, müraciət araşdırılmadan standart ifadələrlə bu cür cavab məktubun tərtib olunması onu “yola vermək”, yəni qeyri-peşəkarlıq kimi qiymətləndirilə bilər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının ilkin əlillik təyinatı xx.xx.2019-cu il tarixli qərarla müəyyən edilərək hrbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti növbəti və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya ilk dəfə əlillik dərəcəsi xx.xx.2019-cu ildə təyin edilmiş və həmin vaxt qoyulmuş diaqnoz “Toksiki ensefalopatiya, Postradiasion toksiki ensefalopatiya. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postradiasion ensefalopatiya. Baş beynin diffuz travması. Keçirilmiş kəllə-beyin travmasının davamlı nəticələri. Digər koordinasiya pozğunluğu, Qabarıq koordinator pozğunluqlar. Digər dəqiqləşdirilmiş polinevropatiyalar, Şüa polineyropatiyası. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə, Sol tərəfli piramid çatmamazlıq. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi” olmuşdur. İddiaçıya əlillik 5 il müddətinə təyin edilmiş və növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinədə olmuş və diaqnozun əlillik təyin etməməsi səbəbindən əlilliyin təyinindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2112/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 151 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xarici amilinradiasiyanın təsiri nəticəsində yaranan postradiasion toksiki və keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsindən (xx.xx.2007) sonrakı postravmatik ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı veqetativ-damar əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri. Sol gözün makulopatiyası nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyinin 1,0 olmaqla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, qulağında səs, yuxusuzluq, halsızlıqdan, aşağı ətraflarında keyimədən şikayətlənmişdir. Sağ gözündə görmə zəifliyinə görə cərrahi əməliyyat keçirməli olduğunu, lakin qorxduğu üçün imtina etdiyini bildirmişdir. Medikamentoz preparatlardan Serebralizin, Qabaqamma, Fezam, Diklofenak, Aktovegin və s. istifadə etdiyini söyləmiş, həyat yoldaşının həkim olduğunu, müalicəsinə nəzarət etdiyini bildirmişdir. Nevroloji müayinə zamanı kəllə beyin sinirləri normal, kooqnitiv funksiyaları pozulmamışdır. Zəfəran Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “7. Bilateral frontoparyetal non-spesfik T2-hiperintenivlikləri. 2. Hər iki mastoid təpədə minimal maye" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23.01,2024-cü il tarixli Ambulator kartdan Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kələ-beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya” kimi qeyd edilmişdir. Bakı Yeni Klinikanın xx.xx.2024-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “KT olaraq intrakranial patologiya izlənilmir kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 4087 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə T 556/2024 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, İddiaçı 08-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və X1 Reabilitasiya Pansionatında “Postradiasion toksiki ensefalopatiya, keçirilmiş kəllə-beyin travmasının davamlı nəticələri, qabarıq koordinator pozğunluqlar, sağ tərəfli piramid çatmamazlıq, yerişin çətinləşməsi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00170810BKY №-li Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G92-toksiki ensefalopatiya, postradiasion toksiki ensefalopatiya. Ağırlaşmalar: G93.8-baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri, postradiasion ensefalopatiya, T90.5-kəllədaxili travmaların nəticələri, baş beyinin diffuz travması, keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; G26.*- digər rubrikalarda təsnif olunan xəstəliklərdə sol tərəfli piramid çatmamazlıq; R27-digər kordinasiya pozğunluğu. Qabarıq kordinator pozulmalarla; G44.3-xroniki posttravmatik başağrısı, posttravmatik xroniki başağrısı, G62.8-digər dəqiqləşdirilmiş polinevropatiyalar, şüa polinevropatiyası, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yeriş çətinləşməsi. Yanaşı xəstəliklər: İ25.2-əvvəllər keçirilən miokard infarktı, ürəyin aterosklerotik xəstəliyi, M54.1-radikulopatiya, bel-oma radikulopatiyası” diaqnoz ona stasionarda müəyyən edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi inkar edilmir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya ilk dəfə 2019-ci ildə cavabdeh tərəfindən əlillik dərəcəsi təyin edilmiş və müddəti 2024-cü ildə bitmişdir. İddiaçı yenid göndəriş alaraq cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik təyinindən imtina edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğvini və ona əlillik müddətinin bitdiyi vaxtdan əlilliyin təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müəyyən edilir ki, iddiaçıya sonuncu göndərişdə qoyulmuş “Toksiki ensefalopatiya, Postradiasion toksiki ensefalopatiya” diaqnozu həmin “Meyarlar”ın “Sinir sistemi xəstəlikləri” adlanan 6-cı hissəsində öz əksini tapmışdır. Həmin hissədə qeyd edilən ağırlaşmalar “Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması” qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya müəyyən edilmiş diaqnozun həmin “Meyarlar” a uyğun olub-olmaması ilə bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində gösərilmişdir ki, “Bakı Xəzər Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00170810BKY №-li Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: G92-toksiki ensefalopatiya, postradiasion toksiki ensefalopatiya” diaqnozu iddiaçıya stasionarda müəyyən edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi inkar edilmir. Lakin, rəydə həmin xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu barədə fikir bildirilməmişdir. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. İddiaçının əyani müayinəsi zamanı da həmin hal öz təsdiqini tapmışdır. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və İddiaçı xx.xx.2024-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9974/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9974/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver