Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9977/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X22, X8, X12, X25, X26 və X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X22, X8, X12, X25, X26, X33 və X5 "xxxx" Bokt ASC-nin mülkiyyətində olan Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 18 saylı evin 94 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.09.2021-ci il tarixli, 2-1(112)-9977/2021 nömrəli qərardadı ilə X22, X8, X12, X25, X26 və X33 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (indiki "xxxx" BOKT ASC) iddia tələbi üzrə Xətai rayon məhkəməsinin 01.07.2016-cı il tarixli, 2(011)-242/2016 saylı qətnaməsi ilə cavabdehlər X22 və qeyrilərinə qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsinə dair idiası qismən təmin edilmişdir. Qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(103)- 13500/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin müvafiq qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarının icrası məqsədi ilə girov predmeti olan əmlak Xətai rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarı ilə hərraca çıxarılmış, əmlak hərracda satılmadığı üçün tələbkar Banka təklif edilmişdir. BOKT tərəfindən əmlak mülkiyyətə götürülmüş və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən **********37-05101- 093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10.07.2021-ci il tarixli çıxarışa əsasən əmlak "xxxx" BOKT ASC-nin adına rəsmiləşdirilmişdir. Buna əsasən ünvan 1 ünvanında yerləşən mənzil BOKT-un mülkiyyətinə verilmşdir. "xxxx" BOKT ASC tərəfindən 29.07.2021-ci il tarixində Xətai rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət edilərək X11, X4, X6, X13, X14, X23 və X5 "xxxx" BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 18 saylı evin 94 saylı mənzildən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər hər hansı üzrülü səbəb təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli, 2(011)-242/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, X9 17.09.2014-cü il tarixli, 173/13/NF/PB saylı kredit müqaviləsi üzrə əsas borca görə 19098,87 manat, faiz borcuna görə 7061,81 manat, dəbbə puluna görə 5000 manat olmaqla cəmi 31160,68 manatın "xxxx" ASC-nin xeyrinə tutulması, 17.09.2014-cü il tarixli, 174/13/NF/PB saylı kredit müqaviləsi üzrə əsas borca görə 15000 manat, faiz borcuna görə 1235,02 manat, dəbbə puluna görə 3000 manat olmaqla cəmi 19235,02 manat borcun, dövlət rüsumuna görə 30 manatın "xxxx" ASC-nin xeyrində tutulması, X9 ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə, ekpertiza tədqiqatının dəyərinə görə 180 manatın dövlət nəfinə tutulması, X10 mülkiyyətində olan girov predmetləri 2 ədəd televizorun, 1 ədəd kondisiomerin, 1 ədəd soyuducunun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd mətbəx mebelinin, 2 yataq otağı dəstinin və 1 ədəd pioninonun açıq hərracdan satılaraq əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(103)-13500/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-nin (əvvəlki adı "xxxx" ASC) apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər X22 və X18 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-242/2016 saylı, 01 iyul 2016-cı il tarixli qətnaməsi ilkin iddia tələlbinin təmin edilməyən – kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi və iddianın təmin edilən kredit müqaviləsi üzrə tutmanın girov qoyulmuş B.Kərimova məxsus olan daşınar əşyalara yönəldilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi “kredit müqaviləsi üzrə tutmanın girov qoyulmuş B.Kərimova məxsus olan daşınar əşyalara yönəldilməsi” hissəsində təmion edilməmiş, ilkin iddia tələbi kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin edilmiş, kredit müqaviləsi üzrə tutulacaq məbləğin cavabdeh X15 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-yə (əvvəlki adı "xxxx" ASC) ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev № 18-də yerləşən 94 №-li mənzil açıq hərracdan satıldıqdan 1 ay ərzində cavabdehlər X11 və X10 çıxarılması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 10.07.2021-ci il tarixdən "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X16, tələbkarın nümayəndələri X27, X19, sahə müvəkkili X20, borclular X22, X18, hal şahidləri X37 və X28 tərəfindən tərtib edilmiş və imzalanmış 10.08.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13500/2017 saylı, 26 dekabr 2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18-də yerləşən 94 nömrəli mənzil açıq hərracda satıldıqdan 1 ay ərzində cavabdehlər X22 və X12 mənzildən çıxmalıdır. Sonuncu dəfə 10.08.2021-ci il tarixə icra təyin olunmuş və aktda qeyd olunan şəxlərlə icra vərəqəsində qeyd oluan Xəati rayonu, N.Tusi küçəsi, ev 18, mənzil 94-ə gəlmişlər. Tələbkarda olan açarla mənzilin qapısı açılmışdır və borclu ilə tələbkar və digər şəxslərlə mənzilə baxış keçirilmişdir. Mənzildə olan əşyaların daşınması ilə bağlı təbəbkarla borclu razılığa gəlmişlər. Mənzildə olan əşyalar çıxarılaraq borclunun dediyi ünvana göndərilmişdir. Mənzildə borcluya məxsus əşylar çıxarılaraq çənzil boş halda tələbkarın nümayəndəsi Əliyev Sabitə təhvil verilmişdir. Giriş qapısının açarları tələbkarın nümayəndələrinə verilmişdir. İcra zamanı qanunazidd hadisə baş verməmişdir. - “Elektron notariat” X2 vasitəsiylə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın natorial qaydada təsdiq olunmuş çıxarışindan görünür ki, 22.04.1932-ci il təvəllüdlü X8, 20.11.1972-ci il təvəllüdlü X18, 30.10.1975-ci il təvəllüdlü X22, 05.05.1968-ci il təvəllüdlü X26, 08.10.1994-cü il təvəllüdlü X25, 01.06.1990-cı il təvəllüdlü X33 və 15.11.2005-ci il təvəllüdlü X17 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.08.2021-ci il tarixli, 101-25510-1221 №-li məktubdan görünür ki, 31.07.2021-ci il tarixində ünvanlanmış müraciətə baxılmışdır. X1, X4, X6, X23 və X5 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları xahiş edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs X22 mübahisəli Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18-də yerləşən 94 №-li mənzilin keçmiş mülkiyyətçisi olmuş, həmin mənzil kredit müqaviləsinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəsini alımış məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə tutulacaq məbləğin həmin mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, açıq hərracdan satıldıqdan 1 ay ərzində hazırki iş üzrə üçüncü şəxslər X11 və X10 qeyd olunan mənzildən çıxarılmaları qət edilmişdir. Mübahisəli mənzil 10.07.2021-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İcra sənədi üzrə tərtib edilmiş 10.08.2021-ci il tarixli akta əsasən mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə istifadə hüququ olmayan və yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslərin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxslər, həmçinin yetkinlik yaşına çatmayan X17 qeyd olunan mənzildə yaşamadıqlarından, onların həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmasını təsdiq edən hallar müəyyən edilmədiyindən həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X11, X4, X6, X13, X14, X23 və X5 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X11, X4, X6, X13, X14, X23 və X5 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9977/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9977/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver