Məhkəmə qərarları › İş №2-1(112)-998/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-998/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-998/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin verilməsindən imtinaya dair aktın ləğv edilməsi və ona əlilliyin verilməsinə dair aktın çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən, yəni 4 yaşından xəstəliyi ilə əlaqədar 6 saylı uşaq xəstəxanasında bronxial astma və allergik rinit xəstəliyinə görə uçota alınmışdır. 2001-ci ildən əlillik üzrə müavinət almış, 18 yaşından isə ona 3-cü qrup əlillik statusu verilmişdir. Belə ki, uşaqlıqdan allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astmaatopik formasından, ağır gediş tez-tez baş verən boğulma tutmaları ilə hormonal asılılıqdan, allergik rinitdən, xroniki respirator çatışmamazlığı, tənəffüs çatmamazlığı İİİ dərəcə, digər emfizema, ağciyərlərin emfizeması, vegetativ sinir sisteminin somatoformdisfunksiyasından, somatogen mənşəli asteno-nevrotik vəziyyətdən əziyyət çəkir. İddiaçı mütəmadi olaraq müalicə alır, demək olar ki, dərmansız normal nəfəs ala bilmir. Doğulduğundan bu günə kimi iddiaçı ağır durumdadır. Səhhəti get-gedə daha da pozulur. Əsas xəstəliklərinə digərləri də əlavə olunur. Buna baxmayaraq 2021-ci ilin 16 aprelində onun əlillik statusunun uzadılmasından imtina edilmişdir. Onun xəstəlikləri 2-ci qrup əlilliyə aid edilməli olsa da ona 3-cü qrup verilmişdir. Onun səhhəti və maddi durumu ona imkan vermirdi ki, o, uzunmüddətli məhkəmə çəkişmələrinə qoşulsun və əlilliyin qrupunu dəyişsin. Lakin imtina alandan sonra o, məcburiyyət qarşısında səhhətinin pis olmasına baxmayaraq, məhkəməyə müraciət etməli olmuşdur ki, pozulmuş hüquqlarını bərpa etsin. Yaşayış yeri üzrə 16 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının Tibbi Sosial Ekspert Komissiyasına göndərişindən müəyyən olunur ki, onda yuxarıda sadalanan xəstəliklər var. Onu müayinə edən Komissiya hesab etmişdir ki, onun əlillik müddəti uzadılmalıdır və bu səbəbdən cavabdehə göndərmişdir. Lakin aydın olmayan səbəblərdən o, imtina cavabı almışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması qeyd olunmuşdur. Hesab edir ki, ona formal səbəblərlə imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 16 saylı Şəhər Poliklinikasının 12.04.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma atopik forma ağır gedişli tez-tez baş verən tutmalarla; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bronxial astma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin Poliklinikanın 08.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma atopik forma ağır gedişli teztez baş verən tutmalarla hormondan asılı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bronxial astma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın 27.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => l11 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez-tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 06.04.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma,atopik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Astma” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 16.04.2021-ci ildə sözügedən poliklinikanın 0085003AADR6 saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma atopik forma, ağır gediş tez-tez baş verən boğulma tutmaları ilə hormonal asılılıq. allergik rinit. Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİİ dərəcə. Digər emfizema, ağciyərlərin emfizeması. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, somatogen mənşəli asteno-nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əmək müqaviləsi və stasionar müalicəsi olmasına baxmayaraq xəstəlik vərəqi qeyd edilməyib. Elmi tədqiqat ağ ciyər institutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 16 saylı Şəhər Poliklinikasının 02.04.2013-cü il tarixli göndərişi əsasında 12.04.2013-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: bronxial astma atopik forma ağır gedişli teztez baş verən tutmalarla; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bronxial astma” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 16 saylı Şəhər Poliklinikasının 04.04.2014cü il tarixli göndərişi əsasında 08.04.2014-cü il tarixdə baxılmış və və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: bronxial astma atopik forma ağır gedişli tez-tez baş verən tutmalarla hormondan asılı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bronxial astma” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 16 saylı Şəhər Poliklinikasının 02.04.2015ci il tarixli göndərişi əsasında 06.04.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, atopik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: astma” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra elektron təyinatla 06.04.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnoz: allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, atopik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: astma” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 16 saylı Şəhər Poliklinikasının 06.04.2021-ci il tarixli 0085003AADR6 saylı göndərişi əsasında 16.04.2021-ci il tarixdə baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma atopik forma, ağır gediş tez-tez baş verən boğulma tutmaları ilə hormonal asıllıq. Allergik rinit. Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİİ dərəcə. Digər emfizema. Ağciyərlərin emfizeması. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, somatogen mənşəli asteno-nevrotik vəziyyət; Meyar: imtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əmək müqaviləsi və stasionar müalicəsi olmasına baxmayaraq xəstəlik vərəqi qeyd edilməyib. Elmi tədqiqat ağ ciyər institutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə icraatının gedişində İddiaçı əyani müayinə olunmuş, əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Komissiyasında yenidən yoxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 03.11.2020-ci il tarixli **********2 saylı əmri ilə yaradılmış komissiyanın 22.07.2021-ci il tarixli, **********7 nömrəli protokolunda göstərilmişdir ki, əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin İddiaçı aid 0085003AADR6 saylı göndərişində qeyd edilmiş “Bronxial astma. Tənəffüs çatmamazlığı İİİ dərəcə” diaqnozu ilə mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Xəstənin hazırkı vəziyyəti X4 Xəstəlikləri İnstitutunun verdiyi Spirometriyaya əsasən İddiaçı hazırda “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğuna uyğun gəlir ki, bu da birinci dərəcə tənəffüs çatmamazlığına uyğun gəlir. Həmçinin illər üzrə xəstəliyinin kəskinləşməsini göstərən stasionar epikrizi və xəstəlik vərəqələri aşkar edilmir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməmiş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6486/2021 nömrəli, 27.08.2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş T 248/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı adına tərtib olunmuş iş materiallarındakı epikrizdə qeyd olunan diaqnozlara əsasən demək olar ki, Forma 88 saylı arayışda yazılan diaqnozlarla eynidir. Lakin epikrizlərdə qeyd olunan köməkçi diaqnozlarda müayinənin nəticəsi tənəffüs çatmamazlığı İİİ dərəcə ilə uyğun deyildir. Vətəndaş İddiaçı 21.09.2021-ci il tarixdə müayinəsi zamanı X4 xəstəlikləri institutuna müayinəyə göndərilərkən onda qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, generəlizə olunmuş bronxobstruksiya olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən bəndlərə uyğun gəlmir. Belə ki, hazırkı vəziyyətdə Əsasnamədə 2ci dərəcə əlilliyin təyini üçün nəzərdə tutulan meyarlarda il ərzində xəstəliyin dörd dəfə kəskinləşməsi və İİ dərəcə tənəffüs çatışmazlığı nəzərdə tutulur. Bu isə xəstənin təqdim etdiyi sənədlərdə və köməkçi diaqnostik müayinələrdə təsdiqini tapmır. Vətəndaş İddiaçı adekvat bərpa müalicələrini davamlı şəkildə apararsa xəstəliyin remissiya halında qalması mümkündür. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçının əlavə müalicəyə ehtiyacın olmasını əsas gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində sonuncu dəfə verilən 06.04.2021-ci il tarixli 0085003AADR6 saylı tibbi göndərişdə diaqnoz “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma atopik forma, ağır gediş tez-tez baş verən boğulma tutmaları ilə hormonal asılılıq. allergik rinit. Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİİ dərəcə. Digər emfizema, ağciyərlərin emfizeması. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, somatogen mənşəli asteno-nevrotik vəziyyət” olmuşdur. İddiaçının qeyd edilən diaqnozunu qiymətləndirən cavabdeh orqan “Əmək müqaviləsi və stasionar müalicəsi olmasına baxmayaraq xəstəlik vərəqi qeyd edilməyib. Elmi tədqiqat ağ ciyər institutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə icraatı gedişində cavabdeh orqanın komissiyasının əyani müayinəsi nəticəsində iddiaçıya tibbi göndərişdə qoyulmuş bronxial astma, tənəffüs çatmamazlığı İİİ dərəcə diaqnozunun iddiaçının sağlamlıq vəziyyətinə uyğun gəlmədiyi, sağlamlıq vəziyyətinin İ dərəcə tənəffüs çatmamazlığına uyğun gəldiyi qeyd edilmişdir. Əyani müayinə zamanı qeyd edilən nəticəyə gələrkən cavabdeh orqan X4 Xəstəlikləri İnstitutunun iddiaçı barəsində verdiyi spirometriyaya istinad etmişdir. Belə ki, X4 Xəstəlikləri İnstitutunun təqdim etdiyi spirometriyaya əsasən İddiaçı 12.06.2021-ci il tarixdə spiroqrafik müayinədən keçirilərkən göstəriciləri: FVC-4,11, %-lə 76%; FEV1-3,30; 74%; MMEF-4,38; 93%; PEF-8,98; 82%; MEF75-7,52; 83%; MEF50- 4,76; 85%; MEF25-2,71; 114%; Nəticə: qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunmuşdur. Cavabdeh orqanın əyani müayinənin nəticəsinə görə İddiaçı vəziyyəti qarışıq tipli mötədil ventilyasiya pozğunluğu birinci dərəcə tənəffüs çatmamazlığına uyğundur. Eyni zamanda xəstəliyin kəskinləşməsi barədə stasionar epikriz və xəstəlik vərəqələri aşkar edilməmişdir. İddiaçı barəsində məhkəmə icraatı dövründə Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən keçirilmiş ekspertiza zamanı da iddiaçı X4 xəstəlikləri institutuna spiroqrafik müayinəyə göndərilmiş, 21.09.2021-ci il tarixdə spiroqrafik müayinədən keçirilərkən iddiaçının göstəriciləri: FVC-3,74, %-lə 75%; FEV1-2,79; 70%; MMEF-2,87; 66%; PEF- 5,29; 58%; MEF75-1,65; 77%; MEF50-3,23; 64%; MEF25; Nəticə: qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, generəlizə olunmuş bronxobstruksiya qeyd olunmuşdur. Ekspertizanın nəticəsində iddiaçı barəsində epikrizlərdə qeyd olunan köməkçi diaqnozlarda müayinənin nəticəsi tənəffüs çatmamazlığı İİİ dərəcə ilə uyğun olmadığı, eyni zamanda iddiaçıya 2-ci dərəcə əlilliyin təyin edilməsi üçün nəzərdə tutulan meyarlarda il ərzində xəstəliyin 4 dəfə kəskinləşməsi və İİ dərəcə tənəffüs çatmamazlığı nəzərdə tutulduğu halda qeyd edilən meyarın iddiaçıya aid sənədlərdə və köməkçi diaqnostik müayinələrdə öz təsdiqini tapmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -Əlilliyin müəyyən olunması meyarları adlanan 2-ci hissəsində: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8). -Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları adlanan 3-cü hissəsində: 3.1.14. davamlı, İİ-İİİ dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi (A15-A16.9, A19, J96.0- J96.9); 3.1.31. dayanıqlı İİ-İİİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma (Q32.0-Q33.9, J40-J98.4) göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı 1992-ci il təvəllüdlü olmaqla sonuncu dəfə tibbi göndəriş tərtib edildikdə yetkinlik yaşına çatmış şəxs olmuşdur. Qeyd edilən meyarlardan çıxış edərək sonuncuya əlillik dərəcəsinin təyin edilməsi üçün onun diaqnozunun, sağlamlıq vəziyyətinin 2.2.4-cü bəndə - ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8) uyğun gəlməsi tələb olunur. İddiaçı barəsində X4 Xəstəlikləri İnstitutuna spiroqrafik müayinə, məhkəmə icraatı gedişində cavabdeh orqanda əyani müayinə, eləcə də məhkəmə ekspertizası nəticələrində sonuncunun sağlamlıq vəziyyətinin nə ikinci dərəcə əlillik dərəcəsi meyarı olan 2.2.4-cü bənddə göstərilmiş ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığına, nə də uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasının yuxarıda qeyd olunan meyarlarına uyğun gəldiyi təsdiqini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə tələb təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar