Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-998/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “ünvan 2 C korpusunun 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 113 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 3 ünvanında yerləşən ”Fəzail-M” MMC ilə ünvan 4 ünvanında yaşayan İddiaçı arasında 10 yanvar 2008-ci il tarixdə qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmışdır. “Fəzail-М’’ ММС və "xxxx" MTK-nın maliyyə arayışlarına əsasən, İddiaçı ünvan 18 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasının C korpusunun 17-ci mərtəbəsində ümumi sahəsi 113.00 kv.m olan qeyri-yaşayış sahəsinin payçısıdır və "xxxx" MTK-ya heç bir borcu yoxdur. "xxxx" MTK üzvlərinin ümumi iclasının 2 saylı protokolundan çıxarışa əsasən, vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 18 ünvanında yerləşən kooperativ binasının C korpusunun 17 mərtəbəsində, ümumi sahəsi 113.00 kv.m olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilir. Texniki pasport və çıxarışların verilməsi ilə bağlı olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin, cavabdehin xx.xx.2024-cü il tarixli arayışına əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli **********28 nömrəli imtina məktubunda bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, qeyri-yaşayış sahəsi texniki mərtəbədə yerləşir və istismarına icazə sənədində texniki mərtəbənin təyinatı göstərilməmişdir. Həmçinin təqdim olunmuş maliyyə arayışı “Bakı Universiteti" MTK-nın möhürü ilə təsdiqlənməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət, reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından İmtina edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Qeyriyaşayış sahəsi texniki mərtəbədə yerləşir və istismara icazə sənədində texniki mərtəbənin təyinatı göstərilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılarkən məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın texniki mərtəbəsində yerləşir və sənəd üzrə sahəsi 113,0 kv.m qeyd edilsə də faktiki 104,4 kv.m təşkil edir. Texniki mərtəbənin bir hissəsi iddiaçı tərəfindən bağlanaraq mənzil kimi istifadə edilir və mənzilin daxilindən texniki mərtəbəyə pilləkən sahəsi quraşdırılıb. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etirazında qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə 2-1(112)-998/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən, əmlak ünvan 8 ünvanında yerləşir, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Ümumi sahənin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 113,0 kv.m, faktiki ölçüsü 104,4 kv.m təşkil edir. Qeyri yaşayış sahəsi 16 mərtəbəli binanın texniki mərtəbəsində yerləşir. Texniki mərtəbənin bir hissəsi ərizəçi tərəfindən bağlanaraq mənzil kimi istifadə edilir. Ərizəçi mənzilin daxilindən texniki mərtəbəyə pilləkən sahəsi açıc. Aparılan dəyişikliklərə aid sənəd təqdim edilməyib. Texniki mərtəbə qəbul aktında öz əksini tapıb. Üst-üstə düşmə yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-2886/2024 nömrəli cavab məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 15 nömrəli Sərəncamın təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. xx.xx.2017-ci il tarixli 15 nömrəli “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında” sərəncama əsasən, Bakı Dövlət Universitetinin 26 dekabr 2016-cı tarixli, 01- 6/1001 saylı müraciəti (Bakı Şəhər İcra Hakimiyyətinin 27 dekabr 2016-cı il tarixli, 7- 7494/17 saylı qeydiyyatı), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci, 102-ci, 103-cü və 105-ci maddələrinin və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarının mütləq tələbləri nəzərə alınaraq: Bakı şəhəri, ünvan 9 ünvanında Bakı Dövlət Universitetinin "xxxx" Mənzil-Tikinti Kooperativinin sifarişi ilə, tikintisi qeydiyyatdan keçirilmədən 2006-2011-ci illərdə Universitetin professor-müəllim heyəti üçün inşa edilmiş və dövlət qəbul komissiyasına təqdim olunmadan istifadəyə verilmiş 4 ədəd 16 mərtəbəli (+texmərtəbə) cəmi 5 girişli yaşayış binasının müstəsna hal kimi mövcud (artıq məskunlaşdırılmış) vəziyyətdə istismarına icazə verilsin və “Tikinti obyektinin istismarına icazənin vahid formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədi hazırlansın. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-15- 1/202170/2024 nömrəli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 15 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismaraq qəbul edilməsi haqqında dövlət qəbul komissiyası aktının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 0088 nömrəli Tikinti obyektinin istismarına icazə sənədinə əsasən, Bakı ŞİH-in xx.xx.2017-ci il tarixli 15 saylı sərəncamı əsasında, Bakı şəhəri, Yasamal rayonu, 3138-ci məhəllə, Mirəli Seyidov küçəsi, 4 (Korpuslar A,B,C,D); X-398784, Y-4470200 ünvanında yerləşən yaşayış binalarının icazədə göstərilən əsas texniki göstəricilərinə (Qeyd: Tikinti obyektinin faktiki əsas texniki göstəricilərinin dəqiqliyinə görə məsuliyyəti sifarişçi, layihəçi və podratçı daşıyırlar) müvafiq olaraq, təqdim olunmuş sənədlərə əsasən tikintisi baça çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 17 yanvar 2017-ci il tarixindən Bakı Dövlət Universitetinin "xxxx" Mənzil- Tikinti Kooperativinə tikinti obyektinin istismarına icazə verilmişdir. (Binaların yanğın təhlükəsizliyini və ventilyasiyasını tam təmin edən tədbirlərin görülməşLvg mövcud çatışmazlıqların aradan qaldırılması şərti ilə.) İcazə sənədində: Tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən, tikintinin istismara hazırlığını təsdiq edən, istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi olaraq 12 avqust 2016-cı il, Ö/000650; Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi olaraq 01100003-1-1101-000635/0916 (A korpusu); 01100003-1-1101-000636/0916 (B korpusu); 01100003-1-1101-000637/0916 (C, D korpusları); Tikinti obyektinin sifarişçisi kimi Bakı Dövlət Universitetinin "xxxx" Mənzil- Tikinti Kooperativi; Tikinti obyektinin layihəçisi olaraq “ARXİTRAV” məhdud məsuliyyətli cəmiyyəti; Tikinti obyektinin podratçısı kimi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti; Tikinti obyektinin keyfiyyət zəmanəti (istismarı ilə bağlı zəmanət) müddəti olaraq 2 il (17 yanvar 2017-ci ildən 17 yanvar 2019-cu ilə qədər) göstərilmişdir. Məktubla həmçinin Ö/000650 nömrəli istismara hazırlıq aktı məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********06 nömrəli məktubu ilə Məhkəmənin ünvan 11 ünvanında yerləşən binanın 17-ci mərtəbəsində olan hər hansı mənzilə dair hüquqların qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinə cavab olaraq, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 71 (Yeni qaydalarla: AZ1100, ünvan 12 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 86 (Yeni qaydalarla: ünvan 13 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 85 (Yeni qaydalarla: ünvan 14 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 89 (Yeni qaydalarla: AZ1100, ünvan 15 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 88 (Yeni qaydalarla: AZ1100, ünvan 16 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, Bakı şhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 4, mənzil 87 (Yeni qaydalarla: AZ1100, ünvan 17 ünvanına dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə sorğu edilərək cavabdehdən mübahisəli əmlakın yerləşdiyi ünvan 18 ünvanında yerləşən binanın 17-ci mərtəbəsində qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmiş əmlaklara dair hüquq müəyyənedici və texniki sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-51760/2024 nömrəli məktubla sorğuya cavab olaraq, ünvan 18 ünvanında yerləşən, sahəsi 111,2 kv.m olaraq qeyri-yaşayış sahəsinə dair **********72-05301-083024 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlər, həmin əmlaka dair **********72-05301-083024 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 526770 nömrəli çıxarış və **********72-05301-083024 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********72-05301-083024 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışlar məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən "xxxx" MTK-nın xx.xx.2016-cı il tarixli ümumi yğıncağının 1 nömrəli protokolundan xx.xx.2023-cü il tarixli çıxarış, xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə və xx.xx.2023-cü il tarixli maliyyə arayışının notariat qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2008-ci il tarixli “Qeyri-yaşayış sahəsi haqqında” müqaviləyə əsasən, bir tərəfdən satıcı adlanacaq "xxxx" MMC, o biri tərəfdən gələcəkdə alıcı adlanacaq ünvan 19 ünvanında yaşayan vətəndaş İddiaçı arasında aşağıdakı məzmunda müqavilə bağlanmışdır. Satıcı ünvan 3də inşa edilən yaşayış binasının C korpusunun 113,00 kv.mlik qeyri-yaşayış sahəsini alıcıya verməyi üzərinə götürür. Alıcı qeyri-yaşayış sahəsinin haqqını ödəməyi öz üzərinə götürür. Satıcı qeyri-yaşayış sahəsini alıcıya aşağıdakı vəziyyətdə təhvil verir: - ümumi tikinti quraşdırma işləri. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı həqiqətən də, ünvan 18 ünvanında yerləşən, "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasının C korpusunun 17 mərtəbəsində ümumi sahəsi 113,00 kv.m olan qeyri-yaşayış sahəsinin payçısıdır və "xxxx" MTK-ya heç bir borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilmişdir. "xxxx" MTK-nın xx.xx.2016-cı il tarixli ümumi yğıncağının 1 nömrəli protokolundan xx.xx.2023-cü il tarixli çıxarışa əsasən gendəlikdə duran məsələ Kooperativ üzvlüyünə götürülmə olmuş, iclasın qərarı ilə vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla MTK-nın ünvan 21 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış kompleksinin C korpusunun 17 mərtəbəsində ümumi sahəsi 113,00 kv.m olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. Sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.6-cı bəndinə əsasən fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir... Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar... Həmin Məcəlləyə əsasən: 110.1. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz... 110.3. Qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənziltikinti kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti kooperativindən çıxmaq hüququ vardır. 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Məcəllənin 113.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir... Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından açıq şəkildə görünür ki, iddiaçı mənzil-tikinti kooperativinin üzvü olmuşdur və o, pay haqqını tam olaraq ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə münasibətdə payçıya çevrilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının təqdim etdiyi sənədlər – müqavilə, kooperativ üvlərinin ümumi yığıncağının protokolundan çıxarış və maliyyə arayışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər kimi qiymətləndirilməlidir. Cavabdehin imtina əsaslarına gəldikdə isə məhkəmə qeyd edir ki, mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi binanın kompleksdə yerləşən digər binalarla birlikdə istismarına müvafiq sərəncamla icarə verilmiş, müvafiq sərəncam və istismara icazə sənədi məhkəmə tərəfindən aparılmış araşdırma çərçivəsində əldə edilərək iş materiallarına əlavə olunmuşdur. Tikinti obyektinin istismarına 0088 nömrəli icazə sənədinə əsasən müəyyən edilmişdir ki, layihə üzrə Makı şəhəri, Yasamal rayonu, 3138-ci məhəllə, Mirəli Seyidov küçəsi, 4 ünvanında yerləşən A,C,D korpuslarının hərəsi 1 girişki, B korpusu 2 girişli olmaqla, mərtəbələrinin sayı 16+texniki mərtəbədən (A və B korpuslarının 1-ci mərtəbələri 2 səviyyəlidir) ibarətdir. Cavabdeh tərəfindən isə istismara icazə sənədində texniki mərtəbənin təyinarının göstərilməməsindən ibarət formal imtina əsassızdır. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin binada, həmin mərtəbədə yerləşən digər mənzil və qeyri-yaşayış sahələri üzərində iddiaçı tərəfindən təqdim edilənlərlə eyni sənədlər və binanın istismarına icazə sənədi əsasında mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış, bu barədə sənədlər cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Bununla bağlı qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, § 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, § 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi həmin binada yerləşən iddiaçı ilə qonşuluqda olan mənzillər və qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış digər əmlakların ilkin hüquqmüəyyənedici sənədiləri də iddiaçıda olduğu kimi iclas protokolundan çıxarış, maliyyə arayışı, binanın istismarına icazə sənədi, müqavilə çıxış etmişdir. Belə olan halda, cavabdeh tərəfin yalnız istismara icazə sənədində texniki mərtəbənin təyinasının göstərilməməsi faktına əsaslanaraq iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu tanımaması hüquqi cəhətdən əsassızdır. Göstərilənlərlə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, iddiaçının təqdim etdiyi iddia ərizəsinin formal ifadə tərzindən irəli gələn texniki uyğunsuzluqları, həmin ərizənin ümumi məzmununu, iddiaçının hüquqi maraqlarını və irəli sürülmüş tələbini dəyərləndirməklə, işin həqiqi hüquqi mahiyyətini müəyyən edir. Məhkəmə, tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamaq şərti ilə iddianın əsl məzmununu və irəli sürülmüş tələbin həqiqi hüquqi mahiyyətini nəzərə almağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. ünvan 23 ünvanında yerləşən “ünvan 2 C korpusunun 17-ci mərtəbəsində yerləşən, iddiaçının istifadəsində olan, ümumi sahəsi 113 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-998/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-998/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver