Məhkəmə qərarları › İş №2-1(112)-9984/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9984/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9984/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçınun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının 15 yanvar 2019-cu il tarixdən hesablanaraq ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin bu barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, 13 aprel 2023-cü ildə № 3-17-1/2-M-8052 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1955-ci ildə Qazaxıstan SSR-in Cambul vilayətində doğulmuş, 1973-cü ildən 1995-ci ilədək Qazaxıstan Respublikasında, 1995-ci ildən 2005ci ilədək Bakı Nəqliyyat Təmir Tikinti Beton ASC-də mexanik vəzifəsində işləmiş, uzun müddətli əmək stajını nəzərə alaraq xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin pensiya üçün müraciət edəndə şifahi olaraq bildirilmişdir ki, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildən yaranır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 saylı qərarına əsasən iddia təmin edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvələ edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildən yox 64 yaşı tamam olduğu, məhz xx.xx.2019cu ildən yaranır. Buna görə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı olan iddiası əsassızdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən onun sosial sığorta stajının qanunla tələb olunan müddətdən (25 il) az olması bildirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bundan narazı qalan İddiaçı ona “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-1755/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1618/2022 nömrəli qərarı ilə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1977/2022 nömrəli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1618/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 nömrəli qərarı icra edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-80523/2023 nömrəli məktubda ona Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 nömrəli qərarına əsasən xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “xx.xx.2019-cu il tarixdən yasa görə əmək pensiyasının təyin edilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və is üzrə qəbul edilmiş qərarlarda iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixə konkret hüquqi qiymət verilmiş, onun hüququnun yarandığı tarix xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. Buna görə hazırkı hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilib. Qanunun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200,00 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 saylı Qərarına əsasən sizə xx.xx.2020-ci il tarixindən 200 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən yaşa görə əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 222,80 manat çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240,00 manat məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 240,00 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 248,16 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 264,82 manat müəyyən edilmiş və Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq 303,75 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, xx.xx.2022-ci il tarixinədək ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği və 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım pensiyanızın üzərinə əlavə edilməklə sizə ödənilməkdədir.” -2 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş, AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qazaxıstanın Cambul vilayətində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsilə Bakı İnzibati məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, iddia təmin edilərək iddiaçı-xx.xx.1955-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1618/2022 nömrəli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)-1977/2022 nömrəli qərarı ilə gəlinmiş nəticə ilə razılaşmışdır. Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş 18 iyul 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı 3 saylı DOST Mərkəzinə müraciət edərək ona hüququnun yarandığı 15 yanvar 2019-cu il tarixdən yarandığını nəzərə alaraq həmin tarixdən pensiya təyin edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-74909/2023 nömrəli qərarından görünür ki, İddiaçı hüququn yaranması tarixi ilə bağlı yenidən hesablanma aparılmış və xx.xx.2020-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 303,74 manat müəyyən edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiyaçıdır, pensiya orqanı tərəfindən 65 yaşdan pensiya təyin olunan şəxsdir. Hazırki iddia tələbi üzrə isə iddiaçı ona hüququnun yarandığı vaxtdan, 15 yanvar 2019-cu il tarixdən, 64 yaşından yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən müvafiq məhkəmə qərarına istinad olunmaqla təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1755/2022 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edildiyi əsas gətirilmişdir. İddiaçı ona pensiya hüququnun 64 yaşının tamam olduğu 15 yanvar 2019-cu il tarixdən təyin edilməsini xahiş edir və cavabdehin imtinasından narazıdır və beləliklə hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yuxarıda istinad edilən qanuni qüvvəsini almış Bakı inzibati Məhkəməsinin 2- 1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq (xx.xx.1973-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən xx.xx.1992-ci ilədək olan və "xxxx" ASC-nin Dövlət Statistika Komitəsinin dövlət reyestrində qeydiyyata alındığı 1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla) stajı mövcuddur. Beləliklə, iddiaçının qanunla tələb edilən iş stajının olması işin mübahisəsiz halıdır. İşin mübahisəli məqamı iddiaçının ona təyin edilmiş əmək pensiyasının hüququ yarandığı tarixdən, yəni 15 yanvar 2019-cu il tarixdən təyin edilməsi məsələsidir. Cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının iddiaçının hüququnun yarandığı 15 yanvar 2019-cu il tarixdən deyil, 15 yanvar 2020-ci il tarixdən təyin edilməsini mövcud məhkəmə qərarına istinad etməklə əsaslandırmağa çalışır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-cu illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, beləliklə də, yaşa görə pensiya hüququ həmin tarixdən yaranmışdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanunun 31.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə istinadən əmək pensiyası hüququnun 64 yaşdan təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mövcud məhkəmə qərarına istinad etməklə iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki, baxılan iddianın predmeti eyni olsa da, fərqli əsasla bağlı olduğundan iddiaçıya 65 yaşdan pensiya təyin edilməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcud olması hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət daşımır. Bu baxımdan, məhkəmə iddiaçının imtina dəlilini əsaslı saymır. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarlarında qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 15 yanvar 2019-cu il tarixdən, 64 yaşdan pensiya hüququ yarandığından ona həmin yaşdan yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi ilə bağlı cavabdehin imtinası qanuni sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 64 yaşının tamam olduğu xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar