Məhkəmə qərarları › İş №2-1(112)-9986/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9986/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9986/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin 08 dekabr 2022-ci il tarixli 46x nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu “Mehdiabad” Qəsəbə Məscidinin imamı vəzifəsinə bərpa olunması, işə bərpa olunan tarixə kimi məcburi iş buraxmaya görə ödənilməyən əmək haqlarının ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildən Abşeron rayonu “Mehdiabad” qəsəbə məscidinin imamı vəzifəsində işləyir. Ötən 16 il ərzində imamlıq vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışmış və fəaliyyəti dövründə “Mehdiabad” qəsəbə məscidində hər hansı bir qanunazidd hal olmamışdır. Bütün bunlara baxmayaraq X9 üzrə Dövlət Komitəsinin 08 dekabr 2022-ci il tarixli, 46X nömrəli əmri ilə o, Abşeron rayonu “Mehdiabad” qəsəbə məscidinin imamı vəzifəsindən heç bir hüquqi əsas olmadan azad olunmuşdur. Sözügedən əmrin ləğv olunması və məsələnin yenidən araşdırılması üçün xx.xx.2022-ci il tarixdə inzibati qaydada X9 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin, X9 üzrə Dövlət Komitəsi tərəfindən müraciət müsbət cavablandırılmamış və 17.01,2023-cü il tarixli cavab məktubu ilə işə bərpa olunmadan imtina edilmişdir. Ona görə də, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışı ilə ilkin mediasiya sessiyası sona çatmışdır. 1-ci dəlilləri ondan ibarətdir ki, 08 dekabr 2022-ci il tarixli, 46 x nömrəli əmrin verilməsinə əsas kimi X9 üzrə Dövlət Komitəsinin Kollegiyasının 22 aprel 2022-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.8-ci bəndi göstərilmiş və o, həmin bənddə göstərilən nöqsanlara yol verilməsi əsası ilə vəzifədən azad edilmişdir. X9 üzrə Dövlət Komitəsi tərəfindən yol verilmiş ilk qanunsuzluq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması olmuşdur. İnzibati orqan inzibati icraat aparmadan və inzibati icraatın iştirakçısı kimi onun çoxsaylı hüquqlarını pozmaqla inzibati akt qəbul etmişdir. Belə ki, həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericilik inzibati icraatla bağlı inzibati orqanların üzərinə icrası məcburi olan vəzifələr qoymuşdur. Lakin, X9 üzrə Dövlət Komitəsi tərəfindən bu tələblərə riayət olunmadan inzibati akt qəbul edilmişdir. X9 üzrə Dövlət Komitəsi əgər hər hansı məscid imamının fəaliyyətində nöqsanlar aşkar olunduğunu iddia edirsə, bu zaman aşağıdakı qaydalara riayət olunmalı idi:

1. Bu nöqsanlarla bağlı inzibati araşdırma aparılmışdırmı, yoxsa inzibati icraat aparılmadan inzibati akt qəbul olunmuşdur? 2. İnzibati icraata başlanma barədə hər hansı sənəd mövcuddurmu və bu sənəd varsa hansı tarixə aiddir? 3.Əgər inzibati araşdırma və inzibati akt onun barəsində olmuşdursa, nə üçün onainzibati icraat haqqında məlumat verilməmişdir?

4. Qanuna görə o, inzibati icraatın iştirakçısı olduğu halda, onun iştirakı olmadan inzibati araşdırma necə aparıla bilər? 5. Onun izahatı alınmadan, hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan və ona heç bir məlumat verilmədən hansı hüquqi əsasla inzibati akt qəbul oluna bilər? 6. Qanuna görə inzibati icraatla bağlı iclas keçirilməli idi. Belə bir iclas keçirilibmi və bu hal nə ilə sübut olunur? 7. İnzibati icraatla bağlı iclas onun iştirakı olmadan keçirilə bilərdimi? 8. Həmin iclasın vaxtı və yeri haqqında onun hər hansı məlumat verilmişdirmi və bu barədə nə kimi sübutlar mövcuddur? 9. O, inzibati aktın qanunsuz olması barədə X9 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etdiyi halda, həmin şikayət nə üçün araşdırılmamışdır və nə üçün araşdırmada onun iştirakı təmin olunmamışdır? 10. Qanuna görə inzibati şikayət nəticəsində qərar qəbul etmək inzibati orqanın vəzifəsi olduğu halda, bu tələbə nə məqsədlə riayət olunmamışdır? Göründüyü kimi, X9 üzrə Dövlət Komitəsi inzibati icraat haqqında qanunvericiliyin tələblərinə heç bir məhəl qoymadan, onun hüquqlarını aşkar şəkildə pozmaqla, habelə prosessual qaydalara riayət etmədən inzibati akt qəbul etmişdir. Belə bir akt inzibati icraat aparılmadan və onun qanunla qorunan hüquq və mənafelərim təmin edilmədən qəbul edildiyi üçün qanunsuzdur və ləğv olunmalıdır. İnzibati icraat haqqında hüquq normalarını pozmaqla qəbul olunan akt qanunsuz sayılır. 2-ci dəlilləri isə ondan ibarətdir ki, X9 üzrə Dövlət Komitəsi 08 dekabr 2022-ci il tarixli, 46x nömrəli əmrdə onun məscid imamı vəzifəsindən azad olunmasının səbəbi barədə yalnız bir cümlə qeyd edilmişdir: “fəaliyyətində qanunazidd halın olmasını nəzərə alaraq”. Həmin qanunazidd halın nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamış, bunu təsdiq edən sübutlar və faktlar göstərilməmişdir. Təəssüflər olsun ki, cavabdeh X9 üzrə Dövlət Komitəsi inzibati aktla bağlı bu vacib normalara məhəl qoymamış, heç bir sübuta istinad edə bilməmişdir. Təbii ki, nöqsan olmadığı üçün əmr formal mülahizə əsasında və heç bir mötəbər sübuta söykənmədən verilmişdir. Həmçinin “Dini etiqad azadlığı haqqında” Qanunun 25-ci maddəsinin birinci bəndinə əsasən dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericilik dini qurumlarda əmək münasibətlərini aidiyyəti üzrə Əmək Məcəlləsi ilə tənzimlədiyi halda, cavabdeh X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti olan məsələyə nə əmək qanunvericiliyinin normalarını tətbiq etmiş, nə də, istinad etmişdir. Halbuki, Əmək Məcəlləsində nəzərdə tutulan işçinin çoxsaylı hüquqları tapdalanmış cavabdeh təşkilat tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin Məcəllədə intizam pozuntusuna görə işçi ilə əmək müqaviləsinin xitam verilməsinin xüsusi şərt və qaydaları müəyyən edilmişdir. X9 üzrə Dövlət Komitəsi bu qaydaların heç birinə əməl etməmişdir. X2 İş üzrə Dövlət Komitəsi onunla heç bir əmək müqaviləsi bağlamamışdır. Əgər tərəflər arasında əmək müqaviləsi yoxdursa, işəgötürən subyekt kimi çıxış edən X9 üzrə Dövlət Komitəsi hansı hüquqi əsasla işçi ilə əmək münasibətlərinə xitam verə bilər? Əgər dini qurumda əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənməlidirsə, cavabdeh təşkilat nə üçün bu tənzimlənməni həyata keçirməmişdir? Sadalanan ciddi prosessual pozuntular X9 üzrə Dövlət Komitəsinin əmrinin tamamilə qanunsuz olmasını sübut edir. 3-cü dəlili isə ondan ibarətdir ki, mübahisə predmeti olan əmrdə normativ hüquqi akt olaraq X9 üzrə Dövlət Komitəsinin 22 aprel 2022-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın 8.1.8-ci bəndinə istinad olunmuşdur. Sözügedən Qaydaların 8.1.8-ci bəndində din xadiminin tutduğu vəzifədən azad edilmə əsaslarından biri göstərilmişdir: 8.1.8. fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə. Təəccüblü hal bundan ibarətdir ki, cavabdeh X9 üzrə Dövlət Komitəsi moizələrin oxunmasında hansı qanuni tələbləri pozmasını, dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallara hansı tarixdə və hansı şəkildə yol verməsi barədə əmrdə bir cümlə belə yazmamış, heç bir yazılı və maddi sübut, audio və video yazı olmadan belə bir əsassız ittihamla inzibati akt qəbul etmişdir. Halbuki, fəaliyyəti dövründə “Mehdiabad” qəsəbə məscidində hər hansı bir dini ayrıseçkilik və məzhəbçiliklə bağlı qanunazidd hallar qətiyyən olmamışdır. Mehdiabad qəsəbə məscidində məzhəbindən asılı olmayaraq bütün dindarlar sərbəst şəkildə öz ibadətlərini və dini ayinlərini yerinə yetirmişlər, 16 illik zaman kəsiyində hər hansı məzhəblərarası insident baş verməmişdir. Həmçinin imamlıq etdiyi dövrdə keçirilmiş bütün dini mərasimlərdə, moizələrdə “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə ciddiyyətlə əməl olunmuş, dövlət və dövlətin təhlükəsizliyi əleyhinə hər hansı qanunsuz hərəkətlərin, çağırışların edilməsi halları baş verməmişdir. Sadalanan hallar yalnız onun sözləri ilə deyil, “Mehdiabad” qəsəbə məscidinin icması, məscidə gələn dindarlar tərəfindən də, təsdiq olunur. Təsadüfi deyil ki, xx.xx.2021-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən vətən müharibəsi dövründə dini ayinlərin icra və təşkil edilməsində göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə də təltif olunmuşdur. Bu hallar və ictimai fəaliyyətim dövründə şəxsiyyətini xarakterizə edən bütün müsbət xüsusatlar ona dəlalət edir ki, cavabdeh təşkilat ona qarşı qərəzli mövqe tutmuş və ədalətsiz qərar qəbul etmişdir. Qeyd olunması olduqca vacib əhəmiyyət daşıyan digər bir hal isə, inzibati aktın ləğvi üçün X9 üzrə Dövlət Komitəsinə ünvanladığı ərizəyə cavab məktubunda, əmrdən tamamilə fərqlənən yeni bir əsas göstərilmişdir. Məktubda yazılmışdır ki, Mehdiabad qəsəbə məscidində aparılmış monitorinqlər zamanı qeyri-rəsmi şəxslər dini ayinlərə rəhbərlik etmiş, vəzifəsini icra etməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nöqsanları aradan qaldırmamışdır. Bu sadalananların heç biri həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır, habelə bu yazılanları təsdiq edən heç bir sübut yoxdur. Bütün dini ayinlərə məscid imamı olaraq özü rəhbərlik etmiş və fəaliyyəti dövründə ona hər hansı xəbərdarlıq olunmamışdır. Əgər nöqsanlar barədə xəbərdarlıqlar olunubsa, hər hansı intizam cəzası verilibsə X9 üzrə Dövlət Komitəsi məhkəməyə rəsmi yazılı sənədlər təqdim etsin. Göründüyü kimi, cavab məktubunda qeyd edilən işdən çıxarılma əsası əmrdə qeyd edilən əsasdan (Qaydanın 8.1.8-ci bəndindən) tamamilə fərqlənir. Əgər o, dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallara yol vermişsə, nə üçün cavab məktubunda da, eyni əsas göstərilmir?! Bu halın özü də, işdən çıxartma əmrindəki əsasların, həmçinin cavab məktubundakı iradların tamailə absurd olmasını göstərir. Əgər cavabdeh X9 üzrə Dövlət Komitəsi onun nöqsanlara yol verdiyini iddia edirsə, işin obyektiv və ədalətli həlli üçün məhkəmə tərəfindən aşağıdakı suallar ətraflı araşdırılmalıdır: 1. Onun hansı xütbədə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur, həmin pozuntu konkret olaraq nədən ibarətdir və bu hansı sübutla təsdiq olunur? 2. Fəaliyyəti dövründə dini və sosial ayrı-seçkilik, məzhəbçilik halları nə zaman aşkar edilmişdir, həmin hallar konkret nədən ibarətdir və bunlar hansı sübutlarla təsdiq olunur? 3. Ümumiyyətlə dini və sosial ayrı-seçkilik, məzhəbçiliklə bağlı meyarlar necə müəyyən olunmuşdur, məscid imamı konkret hansı növ cümlələri istifadə edəcəyi halda bunlar həmin pozuntu hesab edilir və onun bu tipli cümlələrdən istifadə etdiyini təsdiq edən hansı sübutlar varmı? 4. Mehdiabad qəsəbə məscidində qeyri-rəsmi şəxslərin dini ayinlərə rəhbərlik etməsi və vəzifəsini icra etməməsi barədə qeyd edilən nöqsan hansı sübutla təsdiq olunur? 5. X9 üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər hansı qaydada aparılır və necə rəsmiləşdirilir?

6. Mehdiabad qəsəbə məscidində monitorinqlər X9 üzrə Dövlət Komitəsinin hansı işçiləri tərəfindən, hansı tarixlərdə, hansı saatlarda aparılmışdır və bu hansı yazılı və ya maddi sübutlarla təsdiq olunur? 7. Monitorinqin nəticələri və nöqsanlar barədə araşdırma aparılmışdırmı və bu araşdırma zamanı ondan izahat alınmışdırmı, ona guya dəfələrlə xəbərdarlıq edilməsi barədə nə kimi yazılı sübutlar vardır və ümumiyyətlə araşdırma materialları mövcuddurmu? 8. X9 üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin təqdimatı hansı yazılı, audio, video sübutlara, habelə hansı araşdırma materiallarına əsaslanır? Beləliklə, göstərilən ziddiyyətli və heç bir sübutla təsdiq olunmayan hallar X9 üzrə Dövlət Komitəsinin 08 dekabr 2022-ci il tarixli, 46 x nömrəli əmrinin qanunsuz olmasını təsdiq edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iİddiaçı ərizəsində cavabdeh tərəfindən əmrin ləğvi və sair tələblər barədə cavabdehin Dövlət Komitəsi tərəfindən verilmiş əmrin ləğvi və sair barədə əsassız tələblər irəli sürmüşdür. Belə ki, Tahir Abbasov fəaliyyət göstərdiyi dövrdə Abşeron rayonu Mehdiabad qəsəbə məscidində yalnız əlamətdar dini bayramlarda və həftənin müəyyən günləri dini ayinlərin icrasına rəhbərlik etmişdir. İddiaçı fəaliyyəti ilə bağlı şöbə tərəfindən mütəmadi olaraq məlumatlar hazırlanmışdır. O, müxtəlif vaxtlarda rəsmi təyinatı olmayan şəxsləri dini ayinlərin icrasına cəlb etmişdir. İmam otağının olmamasını, həyat yoldaşının xəstə olduğunu, daha sonra isə özünün səhhətində yaranmış problemlərə görə məscidə gəlmədiyini bildirsə də, bütün qeyd edilən səbəblərlə əlaqədar sənəd təqdim etməmişdir. xx.xx.2018-ci il tarixdə X9 üzrə Dövlət Komitəsinin tabeliyində X4 fondunda din xadimlərinin fəaliyyəti barədə şöbə tərəfindən emaillə göndərilən məlumatda T.Abbasovun öz vəzifəsini yerinə yetirmədiyi bildirilmişdir. xx.xx.2017-ci il tarixdə T.X7 məscidinin keçmiş imamı Şahin Həsənovu icazəsiz Mehdiabad qəsəbə məscidinə dəvət etməsi haqda məlumat müvafiq şöbəyə təqdim edilmişdir. xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində DQİDK-nin müvafiq şöbəsinə göndərilən məlumatda İddiaçı məscidə nadir hallarda gəldiyi, öz vəzifəsini qeyri-rəsmi şəxsə həvalə etdiyi, səbəb kimi həyat yoldaşının səhhətinin yaxşı olmadığı və imam otağının olmaması ilə əlaqədar məlumatlar qeyd edilmişdir. Bundan əlavə qeyd etmək istəyirlər ki, İddiaçı məscidə gəlməməsi və dini ayinləri icra etməməsi ilə bağlı X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022ci il tarixlərində aktlar tərtib olunmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin müdiri tərəfindən Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli “Abşeron rayonu Mehdiabad qəsəbə məscidinin imamı X3 fəaliyyəti haqqında” təqdimata əsasən, Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi şöbənin dislokasiyasına daxil olan ərazidə yerəşən ibadət yerlərində dini durumu və din xadimlərinin fəaliyyətini öyrənmək məqsədilə mütəmadi olaraq monitorinqlər aparmaqdadır. Aparılan öyrənmələr zamanı icma sədrləri, din xadimləri ilə görüşlər keçirilir, fəaliyyətlərini qanunvericiliyin tələbləri istiqamətində qurmaqları ilə bağlı tövsiyə və tapşırıqlar verilir. Mehdiabad qəsəbə məscidi bölgədə yerləşən yeganə ibadət yeridir ki, burada İslam dinin həm şiə, həm də, sünni məzhəbinin nümayəndələri ibadət edir. Şiə məzhəbinin nümayəndələrinin X5 İdarəsi tərəfindən təyin edilən İddiaçıdur. Aparılan monitorinqlər zamanı məlum olmuşdur ki, İddiaçı uzun müddətdir məscidə gəlmir, öz vəzifəsini rəsmi təyinatlı olmayan şəxslərə həvalə edir. Səbəb kimi, məsciddə imam otağının olmadığını və səhhətində problem olduğu bildirir. Yuxarıda yazılanları nəzərə alaraq, İddiaçı X4 Fondu tərəfindən verilən maddi dəstəyin dayandırılması və vəzifəsinə xitam verilməsi məsələsinə baxılması xahiş edilmişdir.

9. Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin sədr müavini tərəfindən Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimata əsasən, X9 üzrə dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Nümayəndə2 Abşeron rayonu Mehdiabad qəsəbə məscidinin imamı İddiaçı tutduğu vəzifədən azad edilməsinin məqsədəuyğunluğu barədə təqdimat yazmışdır. Yalçın Abdulayevin təqdimatına əsasən, sözügedən şəxs uzun müddətdir ki, məscidə gəlmir və öz vəzifəsini rəsmi təyinatı olmayan şəxslərə həvalə edir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı tutduğu vəzifədən azad edilməsi məqsədəuyğun hesab olunur.

10. Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin 46 X nömrəli, 08 dekabr 2022-ci il tarixli “Abşeron rayonu “Mehdiabad” qəsəbə məscidinin imamı İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” əmrə əsasən Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiya və tutduğu vəzifədən azad edilməsi Qaydası” 8.1.8-ci bəndinə əsasən, Abşeron rayonu “Mehdiabad” qəsəbə məscidinin imamı İddiaçı fəaliyyətində qanunazidd halın olması nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

11. Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin müdiri tərəfindən Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin sədrinə “Abşeron rayonu Mehdiabad qəsəbəsində dini durum barədə” arayış təqdim edilmişdir.

12. Abşeron, Sumqayıt, Xızı və Zəngilan bölgələri üzrə imam, imam müavini və mütəvəllilərin fəaliyyəti barədə məlumatda 10-cu bölmədə İddiaçı münasibətdə qeyd edilmişdir ki, əlamətdar günlərdə (cümə günü, dini bayramlar və s.) məcidə gəlir. Həftədə 1-2 dəfə dini ayinləri icra edir.

13. xx.xx.2018-ci il tarixdə X9 üzrə Dövlət Komitəsinin tabeliyində X4 fondunda din xadimlərinin fəaliyyəti barədə şöbə tərəfindən e-maillə göndərilən məlumatda T.Abbasovun öz vəzifəsini yerinə yetirmədiyi bildirilmişdir.

14. xx.xx.2019-cu il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri, şöbənin müdir müavini, aparıcı məsləhətçisi, Mehdiabad qəsəbə məscidi imamı M.Qənbərov, Mehdiabad qəsəbə məscidi imam müavininin iştirakları ilə tərtib edilmiş aktlara əsasən aktlar tərtib edildiyi tarixə Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin Abşeron rayonu Mehdiabad qəsəbə məscidində apardığı monitoirinq nəticəsində məscidin imamı İddiaçı xeyli vaxtdır məscidə gəlmədiyi və dini ayinlərin icrasını kənar şəxsə həvalə etdiyi müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası X9 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 yanvar 2023-cü il tarixli 3-32/2-A-1-42/9/2023 nömrəli məktuba əsasən, onun Abşeron rayonu, Mehdiabad qəsəbə məscidinin imamı vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikası X9 üzrə dövlət Komitəsinə ünvanladığı şikayət xarakterli ərizəsinə baxılaraq bildirilmişdir ki, Dövlət Komitəsi tərəfinədn Abşeron rayonu, Mehdiabad qəsəbə məscidində aparılmış monitorinqlər zamanı qeyri-rəsmi şəxslərin dini ayinlərə rəhbərlik etdiyi və vəzifəsini icra etmədiyi məlum olmuşdur. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nöqsanlar aradan qaldırılmamışdır. Qeyd edilənlər nəzərə alınaraq, Dövlət Komitəsi sədrinin 46 X nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

17. Belə ki, məhkəmə, mübahisənin məhkəmə aidiyyəti baxımından gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

18. İlk öncə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”-da Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsi 23-cü sırada inzibati orqan kimi təsbit olunmuşdur.

19. Həmçinin, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərə və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, tərəflər arasında hər hansı bir razılaşma, əqdin olması, həmin razılaşma və ya əqd əsasında müəyyən xidmət müqabilində mütəmadi olaraq məvacibin ödənilməsi halı müəyyən edilməmişdir. Ümumiyyətlə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması (müsahibə yolu ilə), onların attestatsiyadan keçirilməsi, işdən azad edilməsi məsələlərinin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanuna əsasən qəbul edilmiş Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsinin Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən tənzimlənməsi müəyyən edilmişdir.

20. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibait orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da, nəzərə alınmalıdır.

21. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə bir qənaətə gəlir ki, hazırki iş üzrə tərəflər arasında əmək müqaviləsi mövcud olmayaraq onlar arasındakı münasibətlər mülki hüquq münasibətlərinin tərkib hissəsinə daxil edilə bilmədiyindən, əksinə din xadimlərinin təyin olunması, onların attestasiyası və işdən azad edilməsi normativ hüquqi akt və həmin normativ hüquqi akt əsasında qəbul edilmiş qayda ilə tənzimlənməklə iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər xarakteri etibarı ilə ümumi (publik) hüquq sahəsinə aid edilməli, iddiaçı barəsində qəbul edilmiş əmr isə məzmun etibarilə inzibati akt kimi qiymətləndirilməlidir.

22. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

24. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

25. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

26. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

27. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

28. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş əmrdən inzibati qaydada şikayət vermiş, şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyası başa çatdıqdan sonra isə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

31. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunsuz inzibati aktın ləğv olunması). 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

33. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin (Dini icma) 3-cü abzasına əsasən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir. X1 İdarəsinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən ( Peşəkar dini fəaliyyət və din xadimi): 4-1.1. Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir. 4-1.2. Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. 4-1.3. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. 4-1.4. Din xadimlərinə dini titullar (rütbələr) yalnız dini mərkəzlər (idarələr) tərəfindən verilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən (kütləvi dini ibadət, ayin və mərasimlər): 6-1.1. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. 6-1.2. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. 6-1.3. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.9-cu bəndinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.

35. Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsinin Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın: 1.2.2. İmam – islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. 2.1. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının X9 üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) təşkil edir. 2.2. Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. 2.3. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. 2.4. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir. 2.5. Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir. 2.6. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır: 2.6.1. Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları; 2.6.2. Qurani-Kərim; 2.6.3. Hədis; 2.6.4. Fiqh; 2.6.5. Əqaid; 2.6.6. Təfsir; 2.6.7. Dini xitabət; 2.6.8. Dil bilikləri; 2.6.9. İslam tarixi; 2.6.10. Azərbaycan tarixi; 2.6.11. Digər dinlər barədə məlumat; 2.6.12. Ümumi dünyagörüşü. 2.7. Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir: 2.7.1. Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış; 2.7.2. Tərcümeyi-hal; 2.7.3. Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış; 2.7.4. Sağlamlıq haqqında arayış; 2.7.5. Narkoloji dispanserdən arayış; 2.7.6. Ruhi-əsəb dispanserindən arayış; 2.7.7. Məhkumluq barədə arayış; 2.7.8. Foto (3x4) (4 ədəd); 2.7.9. Ərizə. 2.8. Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Həmin Qaydaların 8-ci maddəsinin tələblərinə əsasən: 8.1. Din xadimi aşağıdakı əsaslar olduqda Komitə sədrinin əmri ilə tutduğu vəzifədən azad edilir: 8.1.1. öz arzusu ilə; 8.1.2. attestasiyadan keçmədikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə attestasiyada üzrlü səbəb olmadan iştirak etmədikdə; 8.1.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçdükdə; 8.1.4. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə; 8.1.5. cinayət törətdikdə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 8.1.6.vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 8.1.7. dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda; 8.1.8. fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, habelə dini və sosial ayrı-seçkilik, məzhəbçilik və digər qanunazidd hallar aşkar edildikdə; 8.1.9. fəaliyyətində mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə, habelə din xadimi fəaliyyətinə zidd hərəkətlər aşkar edildikdə; 8.1.10. xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən hər hansı formada yardım aldıqda; 8.1.11. xarici dövlətlər və təşkilatlar, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər qarşısında öhdəliyi yarandıqda. 8.2. Din xadimi tutduğu vəzifədən azad edilməsi barədə əmrdən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.

36. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən edilmişdir ki, Tahir Abbasov fəaliyyət göstərdiyi dövrdə Abşeron rayonu Mehdiabad qəsəbə məscidində yalnız əlamətdar dini bayramlarda və həftənin müəyyən günləri dini ayinlərin icrasına rəhbərlik etmişdir. T.Abbasovun fəaliyyəti ilə bağlı cavabdehin aidiyyəti şöbəsi tərəfindən mütəmadi olaraq məlumatlar hazırlanmışdır. O, müxtəlif vaxtlarda rəsmi təyinatı olmayan şəxsləri dini ayinlərin icrasına cəlb etmişdir. İmam otağının olmamasını, həyat yoldaşının xəstə olduğunu, daha sonra isə özünün səhhətində yaranmış problemlərə görə məscidə gəlmədiyini bildirsə də, bütün qeyd edilən səbəblərlə əlaqədar sənədləri cavabdehə və məhkəmə araşdırmasına təqdim etməmişdir. xx.xx.2018-ci il tarixdə X9 üzrə Dövlət Komitəsinin tabeliyində X4 fondunda din xadimlərinin fəaliyyəti barədə şöbə tərəfindən elektron poçt vasitəsilə göndərilən məlumatda T.Abbasovun öz vəzifəsini yerinə yetirmədiyi bildirilmişdir. xx.xx.2017-ci il tarixdə T.X7 məscidinin keçmiş imamı Şahin Həsənovu icazəsiz Mehdiabad qəsəbə məscidinə dəvət etməsi haqda məlumat müvafiq şöbəyə təqdim edilmişdir. xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində DQİDK-nin müvafiq şöbəsinə göndərilən məlumatda T.Abbasovun məscidə nadir hallarda gəldiyi, öz vəzifəsini qeyri-rəsmi şəxsə həvalə etdiyi, səbəb kimi həyat yoldaşının səhhətinin yaxşı olmadığı və imam otağının olmaması ilə əlaqədar məlumatlar qeyd edilmişdir. İddiaçının məscidə gəlməməsi və dini ayinləri icra etməməsi ilə bağlı cavabdehin dəliləri iş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində aktlarla təsdiq edilmişdir. Bu hallar isə, iddiaçının fəaliyyətində, o cümlədən moizələrin (xütbələrin) oxunmasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən sözügedən halları təkzib edəcək hər hansı bir dəlil, sübut məhkəmə araşdırmasına təqdim edilməmişdir. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh tərəfindən barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı onun məlumatlandırılmamasına istinad edilsə də, iş materiallarında olan məlumatlardan görünür ki, elə iddiaçının özünün şikayətinə verilmiş cavab məktubunda ona fəaliyyətində yol vermiş olduğu pozuntularla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq tərəfindən nöqsanların aradan qaldırılmaması bir daha nəzərinə çatdırılmışdır.

37. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmrin qəbul edilməsi zamanı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı müəyyən edilmədiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar