Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9987/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsində yerləşən 15 saylı evin 20 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən 15 saylı evin 20 saylı mənzili 031260 nömrəli, xx.xx.1999-cu il tarixli order ilə onun adına qeydiyyata alınmışdır. Mənzil verilən gündən bu günə kimi həmin mənzil onun istifadəsində və mülkiyyətindədir. Belə ki, Maraqlı şəxs onun bacısıdır. O uzun illərdir ki, ailə həyatı qurmuş və Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Artıq uzun illərdir ki, onunla heç bir ünsiyyəti olmamışdır. O vaxtdan bu günə kimi də sözügedən mənzildə yaşamamışdır. Həmçinin ona aid heç bir əmlak mənzildə yoxdur. Maraqlı şəxs qeydiyyatı formal xarakter daşıyır. Əlavə olaraq, üçüncü şəxsin onun mənzilinə heç bir istifadə hüququ yaranmamışdır və onun mənzili ilə əlaqəsi yoxdur. Üçüncü şəxsin mənzilində qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. O, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbini təmin etməkdən imtina etmiş, məktubunda həmin məsələnin məhkəmə icraatı qaydasında baxılmasını məqsədəuyğun hesab etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
4. Məhkəmənin 2-1(112)-9987/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
8. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.
13. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 288 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 15 saylı evin, sahəsi 16,22 kv.metr olan 1 otaqlı, 20 saylı mənzilinin xidməti mənzil fondundan çıxarılması və 7 nəfərlə (özü, qardaşı, iki bacısı, bacısının əri, bacısı oğlu, bacısı qızı) İddiaçı daimi order verilməsi, iddiaçının, qardaşı İsmayılov M.A., bacıları İsmayılova Ü.A. və Sabatiazeri K.A., bacısının əri Eyvazov A.M., bacısı oğlu Eyvazov H.A. və bacısının qızı Eyvazova T.A. adlarının orderə daxil edilməsi qərara alınmışdır.
14. 031260 saylı orderin surətindən görünür ki, həmin mənzilə dair Yasamal rayonu X17 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə 031260 nömrəli order verilmiş, orderdə ailə tərkibi kimi iddiaçının, qardaşı İsmayılov M.A., bacıları İsmayılova Ü.A. və Sabatiazeri K.A., bacısının əri Eyvazov A.M., bacısı oğlu Eyvazov H.A. və bacısının qızı Eyvazova T.A. adları qeyd edilmişdir.
15. İşdə olan Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 32 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 034 nömrəli, 13 iyul 2023-cü il tarixli arayışında göstərilmişdir ki, A.Abbasov küçəsinin əvvəlki adı Ənvər Qasımzadə olmuşdur. MKİS-də olan məlumata əsasən hal-hazırda orada 1968-ci il təvəllüdlü İddiaçı, 1984-cü il təvəllüdlü X6, 2010-cu il təvəllüdlü X1, 2003-cü il təvəllüdlü X2, 1988-ci il təvəllüdlü X8, 1972-ci il təvəllüdlü X7, 1944-cü il təvəllüdlü X5, 2000-ci il təvəllüdlü X4 qeydiyyatdadırlar. Göstərilən ünvanda kimlərin yaşayıb-yaşamaması barədə MKİS-də heç bir məlumat yoxdur.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 15, 20 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 15, mənzil 20 ünvanında xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2005-ci il tarixdən, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən, xx.xx.1988-ci il təvəllüdlü X12 xx.xx.2004-cü il tarixdən, xx.xx.2003-cü il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar.
18. İddiaçı hazırda bacısı Maraqlı şəxs 20 saylı mənzildə yaşamadığını iddia edərək onun həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir.
19. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
20. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
23. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
24. Üçüncü şəxsin mübahisəli mənzilə istifadə hüququ əldə etməsi ilə bağlı məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
25. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, mübahisəli mənzil iddiaçıya xx.xx.1999-cu il tarixdə, yəni xx.xx.2009-cu il tarixədək verilmiş, üçüncü şəxsin adı isə iddiaçının ailə üzvü kimi istər sərəncamda, istərsə də, orderdə qeyd olunmuş (üçüncü şəxin adı əvvəlki soyadına uyğun olaraq Sabatiazəri K.A. kimi gösərilmişdir), bununla da onun 20 saylı mənzilə hüququ 2001-ci ildən əvvəl yaranmışdır.
26. Həmin dövrdə qüvvədə olan və xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
27. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeyd-şərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun (“A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı).
28. Hazırkı iş üzrə üçüncü şəxs Maraqlı şəxs (əvvəlki Adı K.Sabatiazəri) adının mübahisəli mənzilin icarədarı İddiaçı ailə üzvü kimi sərəncam və orderdə qeyd edilməsini və onun mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasını nəzərə alan məhkəmə istinad olunanlara əsasən hesab edir ki, onun faktiki olaraq mübahisəli mənzildə yaşayıb yaşamaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparıb aparmaması, bununla da həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir.
29. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova