Məhkəmə qərarları › İş №2-1(112)-999/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-999/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-999/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X11 kаtibliyi, İddiaçı(Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X7 cəlb edilməklə “Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında arayışın verilməsi” barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən “Əməkdar mühəndis”dir. 2020-ci ilin 01 dekabr tarixindən yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar işdən azad olunmuşdur. 2018-ci ildə vəfat etmiş həyat yoldaşı X8 da neft sənayesində işləmişdir. Ona Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin, “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının və HİK-in birgə iclasının qərarı ilə 01 07.1999-cu ildə 0,06 ha (sot) torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir. Mərhum həyat yoldaşı ilə birgə sözügedən torpaq sahəsində ümumi sahəsi 100m2 olan 1 mərtəbəli, 3 otaqlı bağ evi tikdirmişlər. Həmin ərazi, o cümlədən onların bağ sahəsi elektrik enerjisi, su, qaz, telefon və s. kommunal xidmətlərlə təmin edilmişdir ki, onların istifadəsinə görə xərclər daima iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilir. Mərhum həyat yoldaşı X4 vəfatından sonra, ona Bakı şəhəri 28 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. İddiaçı vərəsəlik işi üzrə mərhum həyat yoldaşının adına olan 0,06 ha (sot) torpaq sahəsinə “Çıxarış” alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. Lakin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi 21.04.2021-ci il tarixli, **********97 nömrəli məktubla təqdim edilən sənədlərin bağçılıq-yoldaşlıq təsərrüfatının deyil, həmkarlar ittifaqının möhürü ilə təsdiqlənməsini və eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki “20”saylı bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini əsas gətirərək ona imtina cavabı vermişdir. “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı 2008-ci ildən ləğv edilmişdir və onların sənədlərlə eyni vəziyyətdə olan sənədlər əsasında Bakı şəhəri, Qardağ rayonu, Səngəçal qəsəbəsində onlara məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ərazilərin əksəriyyətinə bu iş üzrə cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Çıxarış” lar verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etiraznı təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilən bağ sahəsinə dair sənədlər bağçılıqyoldaşlıq təsərrüfatının deyil, “Həmkarlar İttifaqı”nın möhürü ilə təsdiq edilib. Bundan əlavə, eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki, “20” saylı bağ sahəsi digər fikizi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin protokolundan çıxarış təqdim edilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1951-ci il təvəllüdlüdür. 20 saylı Bağçının üzvlük kitabçasının surətinə görə X8 01.07.1999-cu il tarixli 56 nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir, Səngəçal qəsəbəsində olan 600 kv.m-lik 20 nömrəli bağ sahəsi daim istifadə etmək üçün ona verilmişdir. Bakı şəhər XDS İK-nın 7/437 nömrəli 10 dekabr 1990-ci il tarixli qərarına əsasən, N.Nərimanov adına Neftqazçıxarılma idarəsinə əlavə 60 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. N.Nərimanov adına NQÇ-nin müdriyyəti “Dəniz neftçisi”, “Bağçılıq yoldaşlıq” təsərrüfatı və HİK-nin birgə iclasının 01.07.1999-cu il tarixli 56 nömrəli protokoluna görə “Dəniz neftçisi”, X3na üzv olmaq istəyənlərin siyahısında X4 adı mövcuddur. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05/438 saylı 04/i-161 iş nömrəli 10.11.2005-ci il tarixli istifadəçiyə verilən torpaq sahəsinin ayrıc aktına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24.07.1991 10/518 saylı sərəncamı ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsinin cənub-şərqində cizgidə göstərilən sərhədlər daxilində 8.8000 hektar “Nəriman Nərimanov adına Neft və qazçıxarma idarəsinə” Yoldaşlıq bağçılıqla məşğul olmaq üçün 60 nəfər və 30 nəfərə əlavə olaraq torpaq sahələri ayrılmışdır. 21.04.2021-ci il tarixli, **********97 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktubuna görə, iddiaçı tərəfindən təqdim edilən bağ sahəsinə dair sənədlər bağçılıq-yoldaşlıq təsərrüfatının deyil, “Həmkarlar İttifaqı’nın möhürü ilə təsdiq edilib. Bundan əlavə, eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki, “20” saylı bağ sahəsi digər fikizi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərabaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəisinin A 415051 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə görə, Qaradağ rayonu, Səngəçal qəsəbəsində 600 kv.m-li torpaq sahəsi 20 saylı bağ evi tikintisi üçün X6 Bakı şəhəri XDS İK-nin 10.12.1990-cı il tarixli 7/437 saylı qərarı və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi b/y-nin 01.07.1999-cu il tarixli 56 saylı protokolu ilə verilmişdir və X13 kitabında 05.10.2012-ci il tarixində 32421 nömrə ilə uçota alınıb. Azərbaycan Neft və X14 Həmkarlar İttifaqı Respublikası Komitəsinin 29/01 nömrəli 29.01.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyasının yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdrəsinin rəisi cənab M.Rəşidova ünvanladığı məktuba əsasən, mərhum xanım T.Ə.Şəfiyeva N.Nərimanov adına NQÇİ-nin "Neftçi" X3 tərəfindən ayrılmış Sənqəçal qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinə aid sənədlərə imza atmış E.Q.İslamov 2006-cı ildən 02 may 2013-cü il tarixinədək Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı o eyni zamanda yuxarıda qeyd olunan bağçılıq təsərrüfatın sədri olmuşdur.( bağçılıq təsərrüfatının 2008-ci ildən fəaliyyəti dayandırılmışdır) Bu səbəbdən T.Ə.Şəfiyevanın sənədlərinə bağçılıq təsərrüfatının möhürünün əvəzinə Həmkarlar ittifaqı Komitəsinin möhürünün vurulması texniki səhv, yaxud diqqətsizlik kimi qiymətləndirilə bilər. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 557748 nömrəli Çıxarışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Dəniz Neftçisi” b/y-nın 20 saylı bağ sahəsi X2 adına rəsmiləşdirilmişdir. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3nın üzvlərinin 27.05.1999cu il 54 saylı protokolundan Çıxarışın surətindən və torpaq sahəsinin yerləşmə cizgisinə əsasən, X2 ərizəsinə əsasən X3 üzvlüyünə qəbul edilmiş və Səngəçal bağ massivində sahəsi 600 kv.m olan 20 saylı bağ sahəsi ona təhkim edilmişdir. “Dəniz Neftçisi” X3nın üzvü X5 məxsus Səngəçal bağ massivində yerləşən 20 saylı bağ sahəsinin yerləşmə cizgisi N.Nərimanov adına NQÇİ HİK-nin və “Dəniz neftçisi" X3nın sədri tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin plan və ölçüsünün surətinə əsasən, Bakı şəhər XDS İK-nin 10.12.1990-cı il tarixli 7/437 saylı Qərarı və N.Nərimanov adına NQÇİ HİK “Dəniz neftçisi” b/y-nin 27.05.1999-cu il tarixli 54 saylı protokolu ilə 20 saylı bağ evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinə dair X2 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki, 20 saylı bağ sahəsi 1999-cu ildən X4 istifadəsindədir. X4 və X2 adlarına verilmiş “Torpaq sahəsinin plan və ölçüsünə “ əsasən onların istifadə etdikləri bağ sahələrinin nömrəli eyni olsada torpaq sahələrinin koordinatları fərqlidir, torpaq sahələri üst üstə düşmür. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinin 4-cü bəndinə əsasən fərdi yaşayış evlərinin, həyatyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin maddənin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin faktiki hallarına əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki, 20 saylı bağ sahəsi iddiaçının arvadı X4 qanuni istifadəsində olmuşdur. X8 bağ sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarış almadan 2018-ci ildə vəfat etmişdir. İddiaçı vərəsəlik hüququ əasında mübahisəli torpağın X6 məxsus olması barədə arayışın verilməsini cavabdehdən tələb edir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Mülki Məcəllənin 139- 1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuş əsaslar mövcud olmalıdır. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Qanunla cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı apararkən, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsi qoyulmuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının arvadı X8 vəfat edənə qədər qanuni əsaslarla Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki, 20 saylı bağ sahəsindən istifadə, ona sahiblik etmişdir. X8 adına dövlət orqanı tərəfindən torpaq sahəsinin kadastr göstəriciləri, torpaq sahəsinin qaiməsi(sertifikatı), baş planda göstərilməklə əsas döngə nöqtələrinin koordinatları, qonşu sərhədləri, torpaq sahəsinin planı özündə əks etdirən “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. X1 adına verilmiş bağ sahəsinə dair sənədlər hal-hazırda qüvvədədir, həmin sənədlərdə olan məlumatlarla dövlət reyestrində olan məlumatlar arasında uyğunsuzluq olsada (bağ sahəsinin nömrəsi 20 olması), faktiki iddiaçının hal-hazırda istifadə etdiyi. onun mərhum arvadı X4 adına verilmiş torpaq sahəsi üzrə digər şəxslərin iddiaları mövcud deyil. Üçüncü şəxs X2 mülkiyyətində olan eyni nömrəli torpaq sahəsi fərqli yerdə yerləşməsi, torpaq sahələrinin üst üstə düşməməsi işdə olan sənədlərlə, üçüncü şəxsin məhkəmə icasında verdiyi izahatı ilə təsdiq olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cаvаbdеhin üzərinə qоyulmаlıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 85,110-cü mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvаlə еdilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar