Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9996/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ona sığorta stajından imtinasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına Sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2024-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, X1 rayonun Səfərəliyev adına Savxozunda 1976-ci ildə Üzümçülük Savxozunda öz ərizəsi ilə fəhlə qəbul edilmişdir. 1987-ci ildə işdən Sovxoz dağıldığı üçün çıxarılmış, lakin 2021-ci il 17 fevral tarixli çıxarışı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatı yetkinik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiya tərəfindən X2 patronajı təyin edilmişdir. Nazilə Qüdrət qızının əlilliyi ilə əlaqədar xx.xx.2007-ci il tarixindən etibarən iddiaçı bacısına qulluq edir, daima yanında durmuş, birlikdə yaşamışlar. Lakin, bu illərin sığorta stajına daxil edilmədi. Qeyd edilən illər ərzində əmək stajı sığorta stajına qeyd edilməmişdir.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək X4 qulluq etdiyiniz dövrlər nəzərə alınmaqla) 5 il 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1478,93 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi xx.xx.1990-cı il olduğu halda, ilk qeyd xx.xx.1976-cı il tarixində yazılmışdır, həmçinin xx.xx.1997-ci il tarixində işdən çıxma əmrinin nömrəsi qeyd edilmədiyindən) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1976-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə dövrü qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumatlar əsasında sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən sizin (qulluqedən) və X3 (qulluqolunan) qulluq etməyə dair qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələrinizi (qulluqetmə dövrü dəqiq göstərilməklə) DOST Mərkəzlərinə təqdim etdikdən sonra qulluqetmə dövrünün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Eyni zamanda sözügedən dövr sığorta stajınıza daxil edilsə belə ümumi sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Müraciətinizə cavab olaraq bildiririk ki, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb.”
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.2019-cu il tarixdən xx.xx.2024cü il tarixədək X4 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) 5 il 2 gün təşkil etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1478,93 manat təşkil etmişdir ki, bu məbləğdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğundan (əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi xx.xx.1990-cı il olduğu halda, ilk qeyd xx.xx.1976-cı il tarixdə yazılmışdır, həmçinin xx.xx.1997-ci il tarixdə işdən çıxma əmrinin nömrəsi qeyd edilməmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə dövrü qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumatlar əsasında sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən İddiaçı (qulluqedən) və X3 (qulluqolunan) qulluq etməyə dair qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələri (qulluqetmə dövrü dəqiq göstərilməklə) Mərkəzi Filiala təqdim olunduqdan sonra qulluqetmə dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilə bilər. Eyni zamanda sözügedən dövr iddiaçının sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı (25 il) tamamlanmır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunmuş xüsusatlardan aydın olur ki, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.
6. İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovzounda fəhlə kimi ilə qəbul olunmuş, xx.xx.1997-ci il tarixdə sovxozun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən azad edilmişdir.
7. Cəlilabad Rayon İcra hakimiyyəti Cəlilabad rayon Dövlət Arxivininxx.xx.2019-cu il tarixli arxiv arayışını surətindən görünür ki, İddiaçı 1976-cı ilin may ayında fəhlə peşəsində işləməyə başlamış, xx.xx.1997-ci il tarixli 06 nömrəli əmrlə Cəlilabad ASK-nin əmrinə əsasən sovxozun fəaliyyətinə xitam verildiyinə görə işdən azad edilmişdir. Eyni zamanda arayışda onun 1976-1987-ci illərdə aldığı əmək haqqında dair cədvəl əks olunmuşdur. Bundan əlavə qeyd olunur ki, sovxozun əmək haqqı arxivə tam təhvil verilməmişdir.
8. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2021-ci il 17 fevral tarixli 4 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1959-ci ildə anadan olmuş birinci qrup əlil bacısı X4 Mülki Məcəllənin 39.2-ci maddəsinə əsasən patronaj təyin edilmişdir.
9. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
10. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər (2019-2024-ci illərdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti daxil olmaqla) sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrün doldurulma qaydası pozulduğundan həmin dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün olmamışdır, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2019cu ildən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb edilən pensiya kapitalından az olmuşdur. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
19. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
20. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.
21. İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1975-cı ildən xx.xx.1997-ci ilə qədər Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovxozunda işləmişdir.
22. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasının doldurulma tarixi xx.xx.1990-cı il olduğu halda, ilk qeydin xx.xx.1976-cı il tarixdə yazılmasını, həmçinin xx.xx.1997-ci il tarixdə işdən çıxma əmrinin nömrəsinin qeyd edilmədiyini bildirir, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.
23. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
25. Məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı iddia edilən dövrlərinə nəzərən qeyd edir ki, iddiaçının Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovxozundan xx.xx.1997ci il tarixdə işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilmişdir və işəgötürənin möhürü ilə təsdiq edilmişdir. Baxmayaraq ki, həmin qeyddə əmrin nömrəsi və tarixi yazılmamışdır, Cəlilabad rayon Dövlət Arxivinin arxiv arayışına əsasən xx.xx.1997-ci il tarixli 06 nömrəli əmrlə Sovxozun fəaliyyətinə xitam verildiyi üçün iddiaçının işdən azad edildiyi müəyyən edilmişdir.
26. Həmçinin Cəlilabad rayon Dövlət Arxivinin arayışı ilə əmək haqqı cədvəli təqdim olunaraq iddiaçının 1976-cı ilin may ayından fəhlə kimi fəaliyyətinə başlamasına heç bir şübhə qalmamışdır.
27. Odur ki, iddiaçının əmək kitabçası xx.xx.1990-cı il tarixli olduğu halda, ilk qeydin xx.xx.1976-cı il tarixdə yazılması, eyni zamanda xx.xx.1997-ci il tarixdə işdən çıxma əmrinin nömrəsinin qeyd edilməməsi iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz.
28. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1990-1999-cu illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
30. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
31. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.
32. İddiaçı xx.xx.1958-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dır. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 5 il 2 gündür. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə əlil bacısı X4 patronaj təyin olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının əlil şəxsə qulluq etdiyi dövrlər nəzərə alınmaqla onun sığorta stajına daxil edilmişdir.
33. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1976-cı ildən 1997-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə, iş yerindən arayışla təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu, iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olmasını sübut etməmişdir.
34. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 20 il 10 ay 14 gün və qulluq etdiyi dövr 5 il 2 gün olmaqla, cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər və əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə:
1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənil-məsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
36. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
37. Beləliklə, İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına Sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2024-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva