Məhkəmə qərarları › İş №2-1(112)-9998/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9998/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9998/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ‘‘X8" ilə “Kristal Abşeron" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2019-cu il tarixdə imzalanmış BFD-01 saylı “Birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvələ uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzillərin üzərində İddiaçı MTK-nın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8" ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə imzalanmış BFD-01 saylı ‘‘Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yerləşən qəzalı yataqxana binası sökülərək yerində “Kristal Abşeron" MTK tərəfindən 169 mənzildən ibarət 2 ədəd, 2 girişli yaşayış kompleksi inşa edilərək xx.xx.2023-cü il tarixli, Eii-15/23(Tİ- 88/22) saylı Tikinti Obyektinin İstismarına İcazə sənədinə əsasən əvvəlki mənzil istifadəçilərinin sərəncamına verilmiş və hal-hazırda həmin binalarda sakinlərin yaşayışı təmin edilmişdir. İddiaçı bildirmişdir ki, qeyd edilən müqaviləyə və müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ əsasən yeni inşa edilmiş kompleksdəki 1 saylı bina tam şəkildə "X8"nun sərəncamına, 2 saylı binadakı mənzillər isə “Kristal Abşeron" MTK-nın sərəncamına verilməsi şərtləndirilmişdir. Yaşayış kompleksindəki mənzillərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq sənədlər toplusu “X8" tərəfindən caavabdeh qeydiyyat orqanına təqdim edilmiş, lakin yaşayış kompleksində inşa edilən bütün mənzillər üzərində hüquqlar məlumat bazasında "X8"nun adına rəsmiləşdirilmişdir. Qeyd olunmuşdur ki, sözügedən müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvələ uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzilin üzərində “Kristal Abşeron" MTK-nın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsi ilə əlaqədar cavabdehə yazılı formada müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməni icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında inşa edilmiş 1 və 2 saylı yaşayış binalarına dair xx.xx.2023-cü il tarixli istismara icazə sənədində tikinti obyektinin sifarişçisi “X8” göstərilmişdir. Həmçinin 45 saylı, xx.xx.2024-cü il tarixli məktubda nəzərdə tutulan mənzillər “X8”nun 010/2023, xx.xx.2023-cü il tarixli müraciət məktubuna əsasən daşınmaz əmlakın dövlət reyestrində “X8”nun adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh həmçinin bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr qeydiyyat üçün əsas hesab edilir, eyni zamanda iddia tələbində 70 ədəd mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunsa da, İdarəyə müvafiq müraciət zamanı ərizədə 56 mənzil qeyd olunmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. X8 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə tələbin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahatında tələbi müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********52 saylı məktubundan görünür ki, İddiaçı MTK-nın Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında inşa edilmiş 2 saylı binada yerləşən 56 ədəd mənzil üzərində hüquqlarının dövlət reyetrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, etirazdakı dəlillərə uyğun məzmunda cavab verilərək iddianın təmin edilməsindən imtina edilmişdir. -İddiaçı MTK tərəfindən cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 22 may 2024-cü il tarixli, 119 nömrəli məktubundan görünür ki, iddiaçı yuxarıda qeyd olunan ünvandakı 2 saylı binada yerləşən 70 ədəd mənzil üzərində hüquqlarının rəsmiləşdirilməsini xahiş etmişdir. -İddiaçı MTK ilə “X8" arasında bağlanmış birgə fəaliyyət haqqında BFD-01 nömrəli, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatının balansında olan qəzalı yataqxananın yenidən qurulması məqsədilə yataqxananın yerləşdiyi ərazidə X3 təşəbbüsü ilə iddiaçının dəstəyi hesabına 2 ədəd 2 girişli 7 mərtəbəli, zirzəmili 169 mənzildən ibarət olan ümumi sahəsi 9300 m2 təşkil edən yaşayış kompleksini öz vəsaiti hesabına inşa edib, 99 ədəd təmirli mənzilin əvəzsiz olaraq X6 (1 saylı bina bütövlükdə), digər 70 mənzilin isə (2 saylı bina bütövlükdə) iddiaçının sərəncamına verilməsi haqqında birgə razılığa gəlmişlər. -Bakı şəhər İcra Hakimiyyəti başçısının 257 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.4871 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “X8” tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yaşayış binalarının tikintisi məqsədilə X3 icarə əsasında istifadəsinə verilmişdir. -Eii-15/23 (Tİ-88/22) nömrəli xx.xx.2023-cü il tarixli Tikinti obyektinin İstismarına İcazə sənədindən görünür ki, tikinti obyektinin sifarişçisi X4muşdur. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tİ-88/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin tikintisinə icazə sənədində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində inşa edilmiş yaşayış binalarının sifarişçisi kimi X8 qeyd olunmuşdur. Beləliklə, işin hallarından görünür ki, İddiaçı hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. İddiaçı bununla bağlı ‘‘X8” ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BFD-01 saylı birgə fəaliyyət haqqında müqaviləni və həmin müqaviləyə 1 saylı əlavəni cavabdehə təqdim etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə hesab edir ki, imtina qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alına bilər. Hazırkı halda isə İddiaçı MTK 70 ədəd mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, qüvvədə olan əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədləri (8.0.10-cu maddə: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində inşa edilmiş iddia olunan yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli binaların tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin torpaqayırma sərəncamı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan yaşayış binalarının tikintisinə icazə sənədi və obyektin istismarına icazə sənədi “X8”na verilmişdir. Belə olan halda cavabdeh inzibati orqan mübahisəli mənzilləri “X8”nun adına qeydiyyata almaqda haqsız sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi “X8” ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BFD-01 saylı birgə fəaliyyət göstərilməsi haqqında müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla, gələcəkdə inşa edilməli olan çoxmənzilli binaya dair müqavilə tərəflərinin hüquq və vəzifələrini müəyyən etmişdir. Ona görə də bu müqavilə yuxarıda istinad olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzrəində hüquqların qeydiyyatı üçün hər hansı əsasa uyğun gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar